Epşteynin elektron yazışmalarında Rusiyanın “gələcək prezidenti” təqdim olunub
ABŞ Ədliyyə Departamenti tərəfindən açıqlanan Ceffri Epşteynə aid elektron poçt arxivində o dövrdə Rusiya Dövlət Dumasının deputatı olmuş İlya Ponomaryovla bağlı yazışmalar yer alıb.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məktublarda Ponomaryov Rusiyanın potensial gələcək prezidenti kimi təqdim olunur. Yazışmaların müəllifi Boris Nikoliç Epşteynə ünvanladığı məktubda 2012-ci ilin yanvarında, Bolotnaya meydanında baş verən etirazlar fonunda Ponomaryovun dəstəyə ehtiyacı olan əsas fiqurlardan biri olduğunu qeyd edib.
Qeyd olunub ki, Boris Nikoliç Epşteynin icraçılarından biri olub, eyni zamanda həkim, risk kapitalisti və Bill Qeytsin keçmiş baş elm və texnologiya müşaviri kimi tanınıb. Məktubda Ponomaryov və Alena Popovanın Rusiyada Vladimir Putinə qarşı etirazların əsas təşkilatçıları olduğu vurğulanıb.
Yazışmalarda iddia edilir ki, Ponomaryovun gələcəkdə Putini əvəz edərək prezident ola biləcəyi ehtimalı müzakirə olunub. Hazırda İlya Ponomaryov Rusiya Federasiyasında ekstremistlər və xarici agentlər reyestrinə daxil edilib.
16:19 01.02.2026
Oxunuş sayı: 559