Özbək prorektor Azərbaycanda keçiriləcək təhsil sərgisindən gözləntilərini açıqlayıb
Azərbaycan Özbəkistan münasibətləri çox yüksək səviyyədədir.
Croaamedia.az xəbər verir ki, bunu Bakıda keçiriləcək Özbəkistan universitetlərinin II Təhsil Sərgisi çərçivəsində ölkəmizdə səfərdə olan Özbəkistan Andincan Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Farruxbek Rəsulov bildirib.
O, söyləyib ki, son illərdə Azərbaycan və Özbəkistan Respublikalarının dövlət başçıları arasında qarşılıqlı səfərlər və yüksək səviyyəli görüşlər iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasına olub: "Strateji tərəfdaşlıq, dostluq əlaqələri daha da möhkəmlənib.
Bu müsbət siyasi mühit fonunda xüsusilə ali təhsil, tibb və innovasiya sahələrində əməkdaşlıq ildən-ilə genişlənir və yeni məzmunla zənginləşir.
Bu gün biz Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə səfər etmişik. Səfərimiz Özbəkistan Respublikası Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin, eləcə də Azərbaycan tərəfdaş qurumlarının təşəbbüsü ilə təşkil olunan üçtərəfli beynəlxalq təhsil sərgisində iştirak məqsədi daşıyır".
Özbək prorektor, həmçinin sabah keçiriləcək təhsil sərgisindən də gözləntilərini açıqlayıb:
"Bu təhsil sərgisinin əsas məqsədi Azərbaycan və Özbəkistan arasında təhsil sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi, azərbaycanlı abituriyent və tələbələr üçün Özbəkistanın ali təhsil müəssisələrində təhsil alma imkanlarının genişləndirilməsi, həmçinin Özbəkistan universitetlərinin fəaliyyəti, mövcud ixtisas istiqamətləri və elmi potensialı barədə ətraflı məlumatların təqdim olunmasıdır.
İnanırıq ki, bu cür təşəbbüslər iki ölkə arasında humanitar və elmi əməkdaşlığın daha da güclənməsinə, gənclərin bilik və təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verəcəkdir".
Qeyd edək ki, Özbəkistanın Ali təhsil ocaqlarının müəllim və professor heyəti ötən gündən ölkəmizə səfər etmiş və 31 yanvar 2026-cı il tarixində keçiriləcək Özbəkistan universitetlərinin II Təhsil Sərgisində iştirak edəcəklər.
Sərgidə 10-dan artıq universitet və 30-a yaxın nümayəndə iştirak edəcək.
Xatırladaq ki, sərgi INGLA International ETC , Özbəkistan Respublikasının Azərbaycandakı Səfirliyi, Özbəkistanın Ali Təhsil Nazirliyinin təşkilatçılığı, AMEA Mərkəzi Elmi Kitabxanası və CrossMedia-nın dəstəyi ilə həyata keçirilir.
Elmir Heydərli
11:34 30.01.2026
Oxunuş sayı: 770