Etiraf səhifələri durmadan artır: Ekspertlər "aysberqin görünməyən tərəfi"ndən danışdılar
Son dövrlərdə sosial şəbəkələrdə, xüsusilə "Instagram" və "Facebook" platformalarında universitetlər, ictimai məkanlar, həmçinin Bakı metropoliteni ilə bağlı anonim etiraf səhifələrinin sürətlə artması diqqət çəkir. Bu tip səhifələr qısa müddətdə geniş auditoriya toplayaraq gənclər arasında populyarlaşır və müxtəlif mövzular ətrafında müzakirələrə səbəb olur. Məsələyə daha yaxından baxdıqda isə bu platformaların təkcə əyləncə və yumor məqsədi daşımadığı, eyni zamanda sosial, psixoloji və kommersiya xarakterli bir sıra məqamları özündə ehtiva etdiyi aydın olur. Bu, insanların kommunikasiya bacarıqlarının zəifləməyə getdiyinin bariz göstəricisidir.
Mövzu barədə Crossmedia.az-a danışan media eksperti Nəmənd Rüstəmov söyləyib ki, bu tip səhifələr mahiyyət etibarilə bir neçə elementi özündə birləşdirir: tanışlıq motivləri, tənqid və sarkazm, müəyyən qədər yumor elementləri və istisna deyil ki, bunun fonunda koçmersiya maraqları da gizlənmiş olsun: "Detallara mərhələli şəkildə toxunum. Buradan başlayaq ki, bu prosesin əsas auditoriyası kimi Z-nəsli çıxış edir. Z-nəsli dedikdə, təxminən 1997-ci ildən 2015-ci ilə qədər doğulmuş gənclər nəzərdə tutulur və bu nəsil dünya miqyasında bu adla xarakterizə olunur.

Bu nəsli fərqləndirən əsas cəhətlərdən biri odur ki, onlar informasiyanı çox qısa zamanda əldə etmək istəyirlər. Diqqət müddətləri təxminən 8 saniyə ilə ölçülür. Hər şeyi tez bilmək, tez qavramaq və qısa müddətli fokuslanmaq bu nəsil üçün xarakterikdir. Eyni zamanda onların real ünsiyyət təcrübəsi və vərdişləri xeyli zəifdir.
Ünsiyyətin böyük hissəsi virtual mühitdə — klaviatura və telefon arxasından qurulur. Real ünsiyyətə üstünlük verilmədiyi üçün bu tip platformalar onlar üçün bir növ çıxış yolu rolunu oynayır. Burada əsas məqsəd gördüyü problemi anonim şəkildə ifadə etməkdir.
Qeyd edim ki, bu səhifələr “etiraf” səhifəsi adlansa da, orada yazan hesabların böyük əksəriyyəti ya saxta profillərdir, ya da anonim adlarla yaradılmış real hesablardır. Bu da onu göstərir ki, burada əsas məsələ Z-nəsli nümayəndələrinin çarə axtarışı və real ünsiyyətə maraq və səbrin azalmasıdır".
Ekspert əlavə edib ki burada sosial faktorlar da açıq şəkildə özünü göstərir: "İnsan problemi görür, amma onu açıq platformada, öz adı ilə ifadə etməyin müəyyən sıxıntılar yaradacağını düşündüyü üçün anonim səhifələrə üz tutur.
Bununla yanaşı, psixoloji məqamlar da ortaya çıxır. Paylaşımların içində tanışlıq motivləri, diqqət çəkmək istəyi və qarşı tərəfin reaksiyasını yoxlama cəhdləri müşahidə olunur. Ümumiyyətlə, insan üçün ünsiyyət, maraq görmək və tanışlıq hər dövrdə aktual olub. Bu səhifələr də əsasən diqqət və maraq cəlb etmək məqsədi daşıyır.
Digər mühüm nüans isə tənqidlə yanaşı, yumoristik və sarkastik üslubun geniş istifadə olunmasıdır. Açıq tənqiddən çəkinərək, hər şeyə yumor və istehza ilə yanaşmaq bu platformaların əsas üslubuna çevrilib.
Dördüncü məqam olaraq, bu səhifələrdə komersiya maraqlarının mövcudluğunu da istisna etmək olmaz. Bu tip səhifələrin çoxsaylı izləyiciləri, paylaşımları və şərhləri var. Nəticə etibarilə belə səhifələr populyarlaşdıqdan sonra ya satılır, ya da üzərindən yüksək qiymətlə reklam yerləşdirilir.
Bəzən proses sadəcə “like” toplamaqla başlasa da, sonradan daha dərin maraqlar ortaya çıxa bilər — müəyyən auditoriyanı bir yerə toplamaq, fikir yaymaq və ya informasiyanı yönləndirmək kimi. Populyar səhifələr üzərindən reklam və ya mesaj ötürmək daha asan olur.
Bu səbəbdən belə səhifələrdən istifadə edərkən və onlara üzv olarkən maksimum diqqətli olmaq lazımdır. İstisna deyil ki, bu platformalar vasitəsilə saxta xəbərlər, manipulyativ informasiyalar və hətta texniki təhlükələr, o cümlədən zərərli linklər və viruslar yayılsın.
Düşünürəm ki, bu məqamlara xüsusi diqqət yetirilməlidir".
Psixoloq Günel Əkbərova isə mövzunun aktual və maraqlı olmasına diqqət çəkib: "İstərdim əvvəlcə məsələyə qısa psixoloji izahla yanaşım. Sonra isə bunu hər kəsin anlaya biləcəyi sadə dildə izah edim.
Ümumiyyətlə, psixologiyada şəxsiyyətin strukturu anlayışı mövcuddur. Bu sistemi psixoanalizin banisi Ziqmund Freyd formalaşdırıb və üç əsas hissədən ibarətdir: id, eqo və supereqo.
Eqo — indiki “mən”dir.
Supereqo — cəmiyyətin bizdən gözləntiləri, əxlaq, ədəb-ərkan və dəyərlər sistemidir.
İd isə insanın daha çox uşaqlıq dövrünə xas olan tərəfidir — anlıq istəklərlə yaşayan, dərhal həzz almaq istəyən, düşünmədən hərəkət edən hissədir.

Hər bir insanın şəxsiyyəti bu üç strukturun qarşılıqlı mübarizəsi üzərində formalaşır. Nə zaman ki, id ilə eqo arasında balans pozulur, insan daxili parçalanma yaşayır. Bu cür səhifələr niyə artır? Birinci əsas səbəb odur ki, insanın daxili “mən”i burada özünə çıxış yolu tapır. Hər birimizin dəyərli hiss olunmağa, görülməyə, eşidilməyə ehtiyacı var. Lakin real həyatda rəqabət o qədər artıb ki, insanın özünü ifadə etməsi, inkişaf etdirməsi getdikcə çətinləşir. Sosial media isə bunu daha rahat və sürətli şəkildə təmin edir.
Məsələn, bir paylaşım edib altına emosional və ya düşünülmüş bir mətn yazdıqda, insan dərhal diqqət, bəyənmə və reaksiya ilə qarşılaşır. Bu da daxildə “mən dəyərliyəm”, “məni görürlər”, “məni eşidirlər” hissini yaradır. Bu, daxili təsdiqlənmə ehtiyacını qismən ödəyir".
Mütəxəssisin fikrincə, ikinci əsas səbəb münasibət problemləridir: "Bu gün demək olar ki, hər kəsin müəyyən münasibət travması, qorxusu və ya keçmiş mənfi təcrübəsi var. Sosial media isə bu qorxulara qarşı bir növ psixoloji baryer rolunu oynayır. Burada idarə sənin əlindədir. İstədiyin qədər yaxınlaşırsan, istədiyin yerdə dayanırsan. Yazışma zamanı səmimi ola bilərsən, amma emosional olaraq tam bağlanmaq məcburiyyətində qalmırsan. Bu da insanı daha az yaralanan edir. Çünki real ünsiyyətdə olduğu kimi birbaşa emosional risk yoxdur.
Digər bir səbəb isə odur ki, qarşı tərəf səni real olaraq tanımır. İstədiyin kimi davrana, özünü istədiyin obrazda təqdim edə bilərsən. Tənqid, qınanma və ya rədd edilmə riski ya yoxdur, ya da çox zəifdir. Rədd cavabı alsan belə, bu sənin real şəxsiyyətini dərindən sarsıtmır, eqon ciddi zərbə almır.
Bundan əlavə, XXI əsrdə ünsiyyət bacarıqları xeyli zəifləyib. Bir çox insan sosial mediada çox rahat danışa bildiyi halda, real həyatda eyni bacarığı göstərə bilmir. Problemi həll etmə, üzbəüz dialoq qurma, konfliktlə üzləşmə bacarıqları zəifləyib. Sosial media bu boşluğu qismən doldurur.
Bəs bu yaxşıdır, yoxsa zərərli?
Əgər insan bu platformaları sadəcə duyğusal boşalma, qısa müddətli rahatlama üçün istifadə edirsə, bu müəyyən qədər məqbul sayıla bilər. İnsan özünü yetərincə dəyərli hiss etmədikdə, bunun səbəblərini tapmaq vacibdir. Amma qısa müddətli “rahatlama” üçün sosial media bir çıxış yolu ola bilər".
Müsahibimizin fikrincə, problem o zaman yaranır ki, bu platformalar həyatın əsas ünsiyyət formasına çevrilir: "Əgər real dostluqlar, real münasibətlər yoxdursa və insan yalnız virtual əlaqələrlə yaşayırsa, bu artıq şəxsiyyətin inkişafına mane olur. Real ünsiyyət bacarıqları zəifləyir, xarakter keyfiyyətləri aşınır. Yəni məsələ platformadan istifadə etmək deyil. Problem ondadır ki, sən platformanı istifadə edirsən, yoxsa platforma səni. Əgər o artıq sənin dəyərlərini, xarakterini və davranışlarını formalaşdırmağa başlayırsa, bu ciddi psixoloji problemə çevrilə bilər.
Düşünürəm ki, mövzunu kifayət qədər əhatəli izah etdim. Əgər qaranlıq qalan və ya açılmasını istədiyiniz məqamlar olarsa, məmnuniyyətlə daha ətraflı izah edərəm".
Sosioloq Rəvan Əliyev isə qeyd edib ki, bir çox halda insanlar üz-üzə ifadə etməkdə çətinlik çəkdikləri hiss və düşüncələri anonim və daha təhlükəsiz hesab etdikləri onlayn platformalarda bölüşməyə üstünlük verirlər: "Bu cür səhifələrin populyarlığı, eyni zamanda, müasir dövrdə tənhalıq hissinin artması, sosial münasibətlərin səthilləşməsi və diqqətə olan tələbatın yüksəlməsi ilə izah olunur.

Texnologiya insanların bir-biri ilə daha sürətli əlaqə qurmasına şərait yaratsa da, dərin və davamlı kommunikasiya imkanlarını müəyyən qədər zəiflədir. Nəticə etibarilə, etiraf və tanışlıq səhifələrinin artması yalnız rəqəmsal trend deyil, həm də cəmiyyətdəki psixoloji və sosial dəyişikliklərin göstəricisidir".
Ayhan
10:51 28.01.2026
Oxunuş sayı: 553