"Azər" sözünü inkar etmək SAVADSIZLIQDIR - Firudin Cəlilov
Uzun illərdir Azərbaycanın ictimai-siyasi gündəmində yer alan və cəmiyyətin demək olar ki, bütün təbəqələri arasında müzakirə mövzusuna çevrilən “azəri” yoxsa “azər” ifadəsi yenidən aktuallaşıb. Bu məsələ təkcə dil və terminologiya ilə bağlı deyil, eyni zamanda milli kimlik, tarixi yaddaş və özünüdərk məsələləri kontekstində də müzakirə olunur.
Müzakirələrin yenidən alovlanmasına səbəb Milli Məclisdə keçirilən iclas zamanı deputat Səyyad Aranın səsləndirdiyi fikirlər olub. Deputat çıxışında qeyd edib ki, ölkədə fəaliyyət göstərən əksər dövlət qurumlarının və təşkilatların adları “Azər” sözü ilə başladığı halda, yalnız qaz təsərrüfatı sahəsində fəaliyyət göstərən qurumun “Azəriqaz” adlandırılması suallar doğurur. Onun sözlərinə görə, bu adlandırma nə indiki Ədliyyə Nazirliyinin məsuliyyətidir, nə də son dövrün qərarıdır, çünki sözügedən qurum təxminən 30 il əvvəl yaradılıb. Səyyad Aran hesab edir ki, həmin dövrdə bu ad ya savadsızlıq, ya da təsadüfi yanaşma nəticəsində seçilib və bu da cəmiyyətdə anlaşılmazlıq yaradıb. Deputat vurğulayıb ki, “azəri” sözünün Azərbaycan xalqına birbaşa aidiyyəti yoxdur və düzgün yanaşma “Azər” anlayışının işlədilməsidir.
Bu açıqlamalar qısa müddətdə sosial şəbəkələrdə və ictimai platformalarda geniş müzakirələrə səbəb olub. İstifadəçilər, dilçilər, tarixçilər və ictimai fəallar mövzu ilə bağlı müxtəlif mövqelər ortaya qoyaraq arqumentlər irəli sürürlər. Bəziləri deputatın fikirlərini dəstəkləyərək “azəri” ifadəsinin yanlış və kənar mənşəli olduğunu iddia edir, digərləri isə bu terminin dil və tarix kontekstində uzun müddətdir istifadə edildiyini əsas gətirərək mövcud adlandırmanın dəyişdirilməsinə ehtiyac olmadığını bildirirlər.
Səyyad Aranın fikirlərinə qarşı səsləndirilən arqumentlər isə məsələni daha da mürəkkəbləşdirir və cəmiyyətdə fikir ayrılığını dərinləşdirir. Nəticədə “azəri” və “azər” anlayışları ətrafında gedən müzakirə sadəcə bir söz seçimi deyil, milli kimliyin ifadə forması ilə bağlı daha geniş və həssas bir diskussiyaya çevrilib.
Crossmedia.az məsələ ilə bağlı araşdırma aparıb:
Professor, sabiq təhsil naziri Firudin Cəlilov:
“Bu mövzuya yanlış və qeyri-elmi yanaşmaların ortaya çıxması birbaşa tarixçilərimizin günahıdır ki, bu cür məsələləri işləyib ortaya qoymurlar. Mən vaxtilə “Azər xalqı” adlı kitab yazmışdım və həmin kitabda 10–15 səhifəni bu mövzuya həsr etmişdim. Təəssüf ki, bu gün də tarixçilərimiz bu məsələyə ciddi maraq göstərmir, onu dərindən araşdırmırlar. Halbuki hər bir sözün, hər bir adın öz mənşəyi, tarixi və semantik yükü vardır. “Azərbaycan” sözünün mənasını anlamaq üçün onun ilkin formasına baxmaq lazımdır. Qədim qaynaqlarda bu ad “Azərdiqan / Azərbaycan” formasında işlədilmişdir. Burada “-qan” şəkilçisi məkan bildirən şəkilçidir. Bu şəkilçi çıxarıldıqda kök hissə “Azər” və “i” olaraq qalır. Orta çağ mənbələrində “-lar / -lər” şəkilçisi də cəmlik və topluluq mənası verirdi. Məsələn: lulubi, elidi, tatabi, qarabi, subi, kasbi və s. “Kasbi” dedikdə “Kasbilər” nəzərdə tutulurdu. Eyni şəkildə “Azər” deyildikdə də “azərlər”, yəni Azər oğulları başa düşülür. Deməli, sözün kökü Azərdir. XIII–XIV əsrlərdə yaşamış məşhur tarixçi, Türk xaqanının vəziri Rəşidəddin öz əsərlərində bu məsələyə toxunur. O, Oğuz xan dastanını yazıya almış və həmin dastanda Oğuz xanın dilindən Azərbaycan adının türkcə olduğu qeyd edilir. Dastana görə, bu adın mənası “Azər boylarının yurdu” deməkdir. Azər boyları türk anlayışında uca, yüksək, intellektual insanlar kimi təqdim olunur. Bu məna “azman” sözündə də öz əksini tapır; “azman” – uca boylu, qüvvətli insan deməkdir. Oğuz xan açıq şəkildə bildirir ki, Azər türk boyunun adıdır. Bayqan və ətraf bölgələr də məhz bu boyun yaşadığı ərazilər olmuşdur. Təxminən 600 il əvvəl yazıya alınmış qaynaqlarda bu faktlar açıq şəkildə görünür. Bizans və ərəb mənbələrində də “Azərdigan” forması mövcuddur. Ərəblər bölgəyə gəldikdən sonra “-qan” şəkilçisini öz dil qaydalarına uyğun olaraq “-can” kimi yazmağa başlamışlar. Məsələn: kəmal – cəmal. Bu dəyişiklik nəticəsində ad “Azərbaycan” formasını almış və bu günə qədər gəlib çatmışdır”.

F.Cəlilov əlavə edib ki, “Azər” sözünü işlədərkən mütləq şəkildə onu ölkənin adı – Azərbaycan ilə əlaqəli şəkildə düşünməliyik: “Hər bir dilin dialektləri, hər bölgənin öz ağız xüsusiyyətləri vardır. Kür çayının şimalında yaşayan türklər özlərini Xəzər, cənubunda yaşayanlar isə Azər adlandırmışlar. Bu iki söz eyni kökə, eyni mənaya və eyni etnik mənşəyə dayanır. Hətta türkmən dastanlarında, “Koroğlu” dastanında belə “Xəzərbayсan” formasına rast gəlinir: “Xəzərbaycana getdim, Xəzərbaycandan gəldim.” Bu da bir daha göstərir ki, Azər və Xəzər eyni xalqın, eyni boyun adıdır. Bu baxımdan “Azər” sözünü inkar etmək, ona qarşı çıxmaq elmi yanaşma deyil, sadəcə savadsızlıqdır. Azərbaycan xalqı müxtəlif türk boylarının birliyindən formalaşıb: qacarlar, əfşarlar, bayandurlar, hunlar və başqaları. Onlardan biri də Azər boyudur. Nəticə olaraq, xalqımızın adı türkdür, dilimiz türk dilidir. “Azərbaycan” isə ölkənin adıdır. “Azərbaycan milləti” anlayışı etnik yox, siyasi-coğrafi anlayışdır. Necə ki, “Rusiya milləti” anlayışı mövcud deyil, amma rus xalqı var – eyni qayda burada da keçərlidir”.
Professor Asif Rüstəmli:
“Bu ən çox siyasi müstəvidə müzakirəyə çıxdı. Daha sonra sənət adamları fikirlər bildirdi. Mən hesab edirəm ki, professor Bədirxan Əhmədovun o məsələ ilə bağlı geniş araşdırması çox yerində və düzgündür. İkinci məsələ odur ki, Azərbaycan Xalq Cümhuriyyətini quran Məhəmməd Əmin Rəsulzadə 1919-cu ildə çıxan “İstiqlal” məcmuəsində “azəri” sözünün geniş mənasını verib. Yazıb ki, azərilər türk qövmünə daxildir. Yəni türkdilli xalqdır. Başqa sözlə desək də Azərbaycan türkləridir.

Daha sonra professor Şirməmməd Hüseynov da o jurnalı bütövlükdə transliterasiya etdi orada da bu sözün mənası qeyd edilib. Mən Məhəmməd Əmin Rəsulzadənin 1919-cu ildə yazdığı məqalənin mahiyyətini dəstəkləyirəm. Ondan əlavə də Rəsulzadədən çox-çox əvvəl bu məsələlərə toxunlub, sözlərin izahı ilə bağlı geniş məlumatlar verilib. Səyyad Aran milli ruhlu deputatımızdır. Amma onun bu məsələdə geniş araşdırma aparmadan Milli Məclis kimi bir yerdə fikirlər söyləməsi məlumatsızlığından irəli gəlir”.
Ayhan
17:18 27.01.2026
Oxunuş sayı: 579