Köçürməyə kömək edən qələmlər: Tələbənin dostu, yoxsa düşməni?
Son zamanlar bazarda qeyri-adi və eyni zamanda narahatlıq doğuran bir yenilik ortaya çıxıb — sadəcə yazı aləti olmaqla kifayətlənməyən, həm də şaplaqalka kimi istifadə edilə bilən qələmlər. Bu cür çoxfunksiyalı məhsullar, xüsusilə məktəb və ofis mühitində maraq doğursa da, təhlükəsizlik və etik baxımdan ciddi suallar doğurur. Valideynlər və müəllimlər məhsulun uşaqlar və yeniyetmələr tərəfindən necə istifadə olunacağı məsələsində ehtiyatlı olmağı tövsiyə edirlər. Ekspertlər bildirir ki, belə qələmlərin yayılması həm fiziki təhlükəsizlik, həm də hüquqi baxımdan yeni çağırışlar yaradır. Məhsulun cəlbedici dizaynı və çoxfunksiyalılığı onu maraqlı etsə də, yanlış məqsədlərlə istifadəsi potensial riskləri artırır. Hüquq-mühafizə orqanları və psixoloqlar xüsusilə uşaqların belə alətlərlə oynama riskinə qarşı xəbərdarlıq edirlər.
Araşdırmalar göstərir ki, oxşar məhsulların yayılması dünyada da narahatlıq mövzusu olub. Belə alətlər həm məktəblərdə disiplin problemlərinə, həm də kiçik xəsarət halları ilə nəticələnə bilər. Bu səbəbdən məsələ yalnız məhsulun özü ilə məhdudlaşmır, onun istifadəsi ilə bağlı maarifləndirmə və qaydaların tətbiqi də aktuallıq qazanır.

Təxminən on gündür bazarda ciddi müzakirə olunan, tələbələrin maraqlarına səbəb olan bu "sehrli" qələmlərlə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Crossmedia.az-a danışıb: "Təəssüf ki, bu problemi cəmiyyətdə müxtəlif formalarda müşahidə edirik. Məsələnin mahiyyəti ondan ibarətdir ki, bu gün insanların müəyyən bir qisminin qarşısında yalnız bir əsas məqsəd var – ali məktəbə daxil olmaq və diplom əldə etmək. Bu məqsədə çatmaq üçün isə bəzən hətta saxtalaşdırmalara, köçürmələrə və qeyri-sağlam üsullara əl atılır.Halbuki problem ondadır ki, cəmiyyət olaraq biz ali təhsilə yanlış prizmadan baxırıq. Nə qədər ki, əsas hədəf sadəcə universitetə qəbul olmaq və diplom əldə etmək kimi qəbul olunur, bu cür problemlər qaçılmaz olacaq. İnsanlar anlamalıdırlar ki, ali təhsilin əsas məqsədi formal sənəd almaq deyil, real bilik, bacarıq və dünyagörüşü qazanmaqdır. Biz ali təhsilə bu yanaşmanı dəyişmədikcə, yəni “diplom mərkəzli” düşüncədən “bilik mərkəzli” düşüncəyə keçmədikcə, hər hansı ciddi inkişafdan və real uğurdan danışmaq mümkün olmayacaq. Təəssüf ki, bu gün bir çox insan hesab edir ki, ali məktəbə qəbul olmaqla bütün problemlər həll olunur. Halbuki bu, yolun yalnız başlanğıcıdır, məqsədin özü deyil".
O bildirib ki, baxış və yanaşmanın dəyişməsinə ehtiyac var: "İnsanlar anlamalıdırlar ki, ali təhsil vasitədir, məqsəd deyil. Bu dəyişiklik baş vermədikcə, biz yenə də köçürməyə, tanışlıq axtarmağa, müxtəlif qeyri-sağlam metodlara müraciət edəcəyik və bu da təhsil sistemində eyni problemlərin davamlı şəkildə təkrarlanmasına səbəb olacaq".

Təhsil eksperti Elçin Əfəndi isə düşünür ki, tələbələr adətən imtahana kifayət qədər hazır olmadıqları zaman müxtəlif köçürmə üsullarına əl atırlar: “Şparqalka", səs ötürücü vasitələr, xüsusi qulaqcıqlar və s. Bu isə onu göstərir ki, tələbə müəyyən dövr ərzində keçirilən fənlərə və mövzulara lazımi səviyyədə yiyələnməyib və imtahandan keçmək üçün qeyri-qanuni vasitələrdən istifadə etməyə məcbur qalır. Təbii ki, bu məsələdə birbaşa ali təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşür. Onlar nəzarət mexanizmini düzgün təşkil etməli və daha güclü şəkildə qurmalıdırlar. İlk növbədə, tələbələrin imtahana qədərki dövrdə qiymətləndirilməsi tam obyektiv aparılmalı, formal yanaşmaya yol verilməməlidir. Bu halda tələbə bütün fənlərə ciddi yanaşmağa və sistemli şəkildə hazırlaşmağa məcbur olar. Nəticədə isə imtahan zamanı bu cür vasitələrdən istifadəyə ehtiyac qalmaz. Digər bir mühüm məqam imtahanların vahid prinsip əsasında keçirilməsidir. Bu, ya test üsulu ilə, ya da birbaşa şifahi formada həyata keçirilə bilər. Düzdür, şifahi imtahan daha çox vaxt tələb edən bir prosesdir, lakin test üsulu ilə imtahan aparıldıqda da köçürmə imkanları xeyli dərəcədə məhdudlaşmış olur".
Sosioloq Əhməd Rəhmanov da məsələyə münasibət bildirib: "İnsan övladı yaradıldığı gündən ona qadağa qoyulan şeylərə daha çox maraq göstərir. Bu gün də elədir: qadağa qoyulan hər şey insan üçün sirr və cəlbedicidir. Əksinə, əgər hər şey açıq olsa, maraq o qədər də böyük olmayacaq. Oxuyan insan onsuz da oxuyacaq, amma əgər mən oxumuramsa və nəsə yaratmaq istəyirəmsə, bunu müxtəlif yollarla etməyə çalışaram.
Yaxınlarda bir nəfərin əsədi adını tutaraq müasir elmdən istifadə edib “şpalqalka” hazırladığını gördüm. Burada bir məqamı vurğulamaq vacibdir: hər bir elm iki istiqamətə xidmət edə bilər – yaxşı və ya pis niyyətli insanın əlində. Rəhmətlik Nəsimi də deyirdi ki, kamil insanın əlində elm xeyrə, zahir insanın əlində isə pisə xidmət edir. Bu səbəbdən heç bir halda deyə bilmərik ki, məsələn, rus dilindəki biliklər pisdir. Əsas məsələ ondan kimin, necə istifadə etməsidir. Bu yaxınlarda Milli Məclisdə sosial şəbəkələrdə müzakirə olunan bir məsələ – cib bıçaqlarının qadağan olunması – diqqətimi çəkdi. Bəzən müəyyən insanlar cəmiyyətdə fərqlənmək üçün qeyri-standart davranışlara əl atırlar: saçını dəyişir, geyimini fərqli edir, yaxud sosial mövzulara maraq göstərirlər. Bu, psixoloji bir haldır və yalnız aşağı təbəqədə deyil, ali təhsilli insanlar arasında da müşahidə olunur. Onlar cəmiyyətdəki mövzuları müzakirəyə çıxarmaqdan çəkinirlər və buna görə də fərqli, qeyri-adi mövzular üzərində dayanırlar.
Bir daha qeyd edirəm: hər bir elm onun istifadəçisinin niyyətindən asılıdır. Əgər pis niyyətli insanın əlindədirsə, əlbəttə ki, pisə xidmət edəcək. Yaxşı niyyətli insanın əlində isə faydalı olacaq. Burada problem yoxdur; əsas məsələ insanın psixoloji durumudur".
Elmir Heydərli
14:31 27.01.2026
Oxunuş sayı: 1364