İşçilər özlərini bədbəxt hadisələrdən necə qoruya bilərlər? -RƏY
Ölkədə əmək təhlükəsizliyi məsələsi sosial-iqtisadi inkişafın əsas istiqamətlərindən biri olaraq aktuallığını qoruyur. Rəsmi statistik göstəricilər istehsalatda baş verən bədbəxt hadisələrin hələ də ciddi problem olduğunu göstərir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin məlumatına görə, ötən il Azərbaycanda istehsalatda yüzlərlə bədbəxt hadisə qeydə alınıb ki, bu hadisələr insan tələfatı və müxtəlif dərəcəli xəsarətlərlə nəticələnib. Xüsusilə emal, tikinti və kənd təsərrüfatı sahələrində risklərin yüksək olması əməyin mühafizəsi tədbirlərinin gücləndirilməsini zəruri edir. Bu baxımdan təhlükəsiz əmək mühitinin formalaşdırılması və “Vision Zero” yanaşmasının tətbiqi mühüm strateji əhəmiyyət daşıyır.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Crossmedia.az-a bildirib ki, bütün təyinatlı obyektlərdə təhlükəsizlik məsələsi daim ön planda saxlanılmalıdır.
Onun sözlərinə görə, istehsalatda baş verən bədbəxt hadisələrin böyük əksəriyyəti texniki təhlükəsizlik, əmək mühafizəsi, yanğın təhlükəsizliyi qaydalarının və sanitar normaların pozulması nəticəsində meydana çıxır.
Ekspert vurğulayıb ki, bütün iş yerlərində işçilərin həyat və sağlamlığı üçün təhlükəsiz əmək şəraiti yaradılmalıdır:
“Əgər işlərin icrası zamanı hər hansı bir təhlükə riski yaranarsa, həmin iş dərhal dayandırılmalı, təhlükə aradan qaldırıldıqdan sonra fəaliyyət davam etdirilməlidir. Bu yanaşma bədbəxt hadisələrin baş vermə riskini minimuma endirir. İstər istehsalat, istər xidmət, istərsə də tikinti sahəsində texniki və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır. Onun sözlərinə görə, xüsusilə tikinti sahəsi risklərin daha yüksək olduğu sahələrdən biridir. Tikintidə istifadə olunan ağır texnika, kimyəvi materiallar, hündürlükdə aparılan işlər, kran və qaldırıcı mexanizmlər, ağırtonnajlı nəqliyyat vasitələri ciddi təhlükə riskləri yaradır. Bu səbəbdən həmin sahədə təhlükəsizlik tədbirləri daha sərt şəkildə tətbiq edilməlidir”.
O, əlavə edib ki, işçilər işə qəbul edilərkən mütləq giriş və ilkin təlimatlandırmadan keçməli, sonradan isə mütəmadi olaraq təkrar və növbədənkənar təlimlər təşkil olunmalıdır: "İşçilərin təhlükəsizlik qaydaları ilə bağlı bilik və bacarıqları yüksək səviyyədə olmalıdır. İşəgötürən tərəfindən işçilər görülən işin spesifikasına uyğun olaraq fərdi və kollektiv mühafizə vasitələri ilə təmin edilməlidir. Əgər işçi mühafizə vasitələri ilə təmin olunmayıbsa, o, təhlükəli işi icra etməkdən imtina edə bilər və buna görə heç bir cəza tətbiq olunmur. Lakin mühafizə vasitələri təqdim edildiyi halda işçi onlardan istifadə etmirsə, bu zaman işəgötürən qanunvericiliyə uyğun tədbirlər görə bilər”.
Ekspertin sözlərinə görə, işəgötürən və işçi arasında qarşılıqlı məsuliyyət prinsipi qorunduğu təqdirdə istehsalatda bədbəxt hadisələrin qarşısını almaq mümkündür: “Əsas məqsəd təhlükəsiz əmək mühitinin yaradılması və insan həyatının qorunmasıdır. Bu sahədə həm işəgötürən, həm də işçi eyni dərəcədə məsuliyyət daşıyır”.
Mehriban Yariyeva
14:25 26.01.2026
Oxunuş sayı: 518