Tehran Vaşinqtonun xəbərdarlığını lağa qoydu
İranda etirazçılara qarşı davam edən zorakı repressiyalar ABŞ-nin İslam Respublikasına qarşı çəkindirici siyasətini ciddi sınaq qarşısında qoyur.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzetində dərc olunan məqalədə qeyd olunub.
Qəzetin yazdığına görə, ABŞ prezidenti Donald Tramp etirazçıların zərər görməməsi üçün İran rəsmilərinə açıq xəbərdarlıq etmişdi. Lakin buna baxmayaraq, İran təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi nəticəsində kütləvi qətllər, döyülmələr, uşaqların saxlanılması, xəstəxanalara basqınlar və əmlakların müsadirəsi halları qeydə alınıb.
Məqalədə vurğulanır ki, internetin məhdudlaşdırılması zorakılığın real miqyasını gizlətməyə xidmət edir. Bununla belə, İranın dövlət mediası belə baş verən zorakılığı qismən etiraf etmək məcburiyyətində qalıb. Redaksiya qeyd edir ki, Tehran rəsmiləri Vaşinqtonun xəbərdarlıqlarını lağa qoyur.
Eyni zamanda, “Washington Post” yazır ki, ABŞ hərbi donanmasının yaxın günlərdə Fars körfəzinə yönəlməsi gözlənilir. Qəzet bu prosesləri Trampın İranla bağlı “qələbə” kimi təqdim etdiyi siyasətin real sınağı kimi dəyərləndirir.
14:20 24.01.2026
Oxunuş sayı: 497