İsrail cənub soydaşlarımızın maraqlarının qorunmasında Azərbaycana dəstək verəcək - Professor
Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidentinin beynəlxalq liderlərlə apardığı görüşlər ölkənin xarici siyasət prioritetlərinin və strateji tərəfdaşlıqlarının bir daha ön plana çıxmasına səbəb olub. Qlobal siyasi və iqtisadi proseslərin fonunda baş tutan bu təmaslar Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu çərçivədə Prezident İlham Əliyevin İsrail dövlət başçısı İsxak Hersoqla görüşü iki ölkə arasında mövcud dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf dinamikasını əks etdirir. Görüş regional və qlobal səviyyədə əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından mühüm diplomatik hadisə kimi dəyərləndirilir.
Tərəflər arasında münasibətlərin hazırkı səviyyəsi və perspektivi barədə Crossmedia.az-a danışan siyasi elmlər doktoru, professor Sabir Məmmədli bildirib ki, Azərbaycanla İsrail arasında formalaşmış əlaqələr uzun tarixə malikdir və ən çətin dövrlərdən belə sınaqdan keçmiş, sabit bir münasibətlər sistemi yaradılıb: "Bu əlaqələr həm beynəlxalq aləmdə, həm də region məsələlərində güclü dəstəyə əsaslanır və post-müharibə dövründə yeni mərhələyə qədəm qoyur.

Hazırda İsrail Azərbaycan neft şirkəti SOCAR ilə əməkdaşlığı genişləndirib. SOCAR artıq İsrailin Aralıq dənizindəki şelf yataqlarında on faiz paya sahibdir və böyük investisiyalar yatıracaq. Eyni zamanda, iki ölkə iqtisadi sahədə, yaşıl enerji, kənd təsərrüfatı, tibb ləvazimatları və hətta bəzi hərbi sahələrdə birgə layihələr həyata keçirir".
Professor, həmçinin Azərbaycanın yəhudi icmasının hüquqlarının qorunması, dini mərkəzlərin dəstəklənməsi və dövlət səviyyəsində hörmətini İsraildə yüksək qiymətləndirildiyini qeyd edib:
"Gələcəkdə yeni texnologiyalar, kənd təsərrüfatı layihələri və regionda sülh təşəbbüsləri, xüsusilə Suriyada, Azərbaycan və İsrail arasındakı əməkdaşlığı daha da genişləndirəcək. Azərbaycan həm İsrail, həm də Türkiyə ilə balanslı münasibət quraraq regionda stabilliyin təmininə çalışır.
İran ətrafında baş verən hadisələr kontekstində Amerika Birləşmiş Ştatları və İsrailin İran rəhbərliyinə qarşı kəskin mövqe tutduğu məlumdur. İsrailin İran daxili məsələlərinə təsir imkanları var və perspektivdə müəyyən layihələr və transformasiya prosesləri üçün təsirli ola bilər.
Bu çərçivədə, soydaşlarımızın hüquq və azadlıqlarının təmin olunması, Cənubi Azərbaycan Respublikasının yaranması və ümumiyyətlə, İranın transformasiyası məsələlərində İsrailin ABŞ-a təsirinin mühüm rolu olduğu qeyd edilə bilər.
Eyni zamanda, İsrail və Azərbaycan rəhbərliyi İran məsələsini müzakirə edir və qarşılıqlı əlaqələr qurur. Bu əməkdaşlıq çərçivəsində İsrail cənub soydaşlarımızın maraqlarının qorunmasında Azərbaycana dəstək verəcək".
Elmir Heydərli
13:29 24.01.2026
Oxunuş sayı: 564