"Tez duranla tez evlənən udar" yanaşması artıq qəbul olunmur - Sosioloq
Son illərdə Azərbaycanda ailə institutunda baş verən demoqrafik dəyişikliklər diqqət mərkəzindədir. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ötən il Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 44 min 996 nikah qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə əhalinin hər 1 000 nəfərinə düşən nikah sayının 4,9-dan 4,8-ə enməsi ilə müşayiət olunub. Nikahların sayındakı bu azalma cəmiyyətdə sosial-iqtisadi şəraitin dəyişməsi, gənclərin ailə qurmağa yanaşmasının transformasiyası, maddi çətinliklər, təhsil və karyera prioritetlərinin ön plana çıxması ilə izah olunur. Statistik göstəricilər göstərir ki, ailə institutunun möhkəmləndirilməsi və nikahların azalmasının səbəblərinin dərindən araşdırılması vacibdir.
Nikahların azalmasının səbəbləri ilə bağlı sosioloq Üzeyir Şəfiyev Crossmedia.az-a danışıb: “Əlbəttə, nikahların sayının azalması bir çox faktorla bağlıdır. İlk növbədə, bu, ölkədə əhali sayının azalması ilə müşahidə olunur. Son 5 ildə ölkə əhalisi təqribən 39 min nəfər azalıb və eyni zamanda gənclərin payı da aşağı düşüb. 10 il əvvəl gənclər ölkə əhalisinin 29–30%-ni təşkil edirdisə, bu gün artıq 21–22%-i təşkil edirlər. Deməli, gənclərin sayında da azalma var”.

Sosioloq əlavə edib ki, gənclər arasında ailə qurmağa maraq azalıb: "Əvvəllər mövcud olan "tez duranla tez evlənən udar" yanaşması artıq qəbul olunmur. Gənclər əvvəlcə təhsil almaq, karyerasını qurmaq, mənzillənmək, sonra isə ailə qurmaq istəyirlər. Onlar daha çox komfortlu və rahat yaşamağa üstünlük verirlər, uşaq və ailə məsuliyyəti altına düşməkdən çəkinirlər. Bu, yalnız bizim cəmiyyətdə deyil, dünya miqyasında da müşahidə olunur”.
Ü. Şəfiyev qeyd edib ki, boşanmaların çoxluğu gəncləri ailə qurmaqdan çəkindirir: "Eyni zamanda, məşğulluq məsələsi də əhəmiyyətli rol oynayır. Rəsmi statistikaya görə, ölkə üzrə işsizlik 5,6% olsa da, gənclər arasında bu göstərici təqribən 11%-dir. Mənzil-məişət problemi də gənclərin ailə qurmasına mane olur. Xüsusilə regionlarda gənclərin mənzillənmə imkanları məhduddur. Şəhərlərdə isə Güzəştli Mənzillər Fondu fəaliyyət göstərsə də, gənclərin yalnız müəyyən kateqoriyası bundan yararlana bilir. Qloballaşma fonunda Asiya ölkələrində müşahidə olunan subaylıq sindromu Azərbaycanda da təsirini göstərir. Gənclər sosial şəbəkələr üzərindən ünsiyyət qura, real ünsiyyətə maraq göstərmirlər. Bu da ailə qurmaq meylinə mənfi təsir göstərir”.
Ü. Şəfiyev vurğulayıb ki, dövlətin təbii artımı təşviq etmək və gənclər arasında ailə dəyərlərini aşılamaq üçün əlavə dəstək tədbirlərinə ehtiyacı var: "Məsələn, gənclərin mənzillənməsi üçün faizsiz kreditlər, məşğulluq marafonları və digər dəstək layihələri tətbiq oluna bilər. Qardaş Türkiyədə belə proqramlar uğurla işləyir — dövlət və bələdiyyələr gənclərin toy xərclərini öz üzərlərinə götürür, faizsiz kreditlər verilir. ABŞ-da isə ilk doğulan uşaq üçün hesab açılır və təqribən 1000 dollar vəsait yatırılır. Azərbaycanda da bu tipli təşviq siyasəti gənclərin ailə qurmaq marağını artıra bilər. Çoxuşağlı ailə statusu 5 uşaqdan 3 uşağa endirilərsə, 3 uşaqlı ailələr də imtiyazlardan yararlana bilər. Bu, demoqrafik təşviq siyasəti və gəncləri ailə qurmağa təşviq edən önəmli addım ola bilər”.
Mehriban Yariyeva
11:40 23.01.2026
Oxunuş sayı: 787