Ərəb mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc edilib
Ərəb dilində yayımlanan “agnaden.net”, “eltashira.com”, “wwnewss.com”, “elalmelarby.com”, “alharir.info”, “alekhbarya.net” və digər xəbər portallarında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı məqalələr dərc edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, diaspor rəhbəri, tədqiqatçı-alim Seymur Nəsirovun müəllifi olduğu yazılarda Qanlı Yanvar hadisələrinin tarixi barədə məlumat verilib. Bildirilib ki, ədalətsizliyə qarşı öz haqq səsini ucaldan dinc əhalinin Sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi bu faciə yalnız Azərbaycan xalqına deyil, insanlığa qarşı törədilən cinayətdir.
Seymur Nəsirov misirli alim Şeyx Məhəmməd əl-Qəzalinin “əl-Həqq əl-Murr” (“Acı həqiqət”) kitabında xalqımıza qarşı törədilən bu qırğın barədə geniş yazıldığını da diqqətə çatdırıb. Müəllif kitabda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə azərbaycanlılara qəddarcasına divan tutulduğunu bildirib, Azərbaycan xalqının o zaman beynəlxalq ictimaiyyət tərəfindən ikili standartlara məruz qaldığını vurğulayıb.
Soydaşımız, eyni zamanda 20 Yanvar hadisələri ilə 1919-cu ildə müstəqillik tələb edən Misir xalqına qarşı törədilmiş qanlı faciə arasında paralellər aparıb, səbəblərinin oxşar olduğunu qeyd edib.
Müəllif nəzərə çatdırıb ki, həmin ağır günlərdə ərəb ölkələri, o cümlədən Misir ictimaiyyəti Azərbaycan xalqının yanında olub. 1990-cı il yanvarın 27-də misirli millət vəkili, müşavir əl-Demerdaş əl-Okali Sovet İttifaqına Misir parlamentinin etirazını göndərib. Xalqımızın bu həmrəyliyi heç bir zaman unutmadığı vurğulanıb.
Həmçinin 20 Yanvar hadisəsindən 36 il keçməsinə baxmayaraq, dünya birliyinin bu amansız cinayəti törədənlərin beynəlxalq səviyyədə məsuliyyətə cəlb olunması istiqamətində hələ də əməli addımlar atmaması diqqətə çatdırılıb.




15:57 22.01.2026
Oxunuş sayı: 909