İnsanlar necə məşhurluğun qurbanına çevrilir? - Mütəxəssislər danışdı
Məşhurluq zahirən parıltılı həyat, sərhədsiz imkanlar və ümumi heyranlıq kimi təqdim olunsa da, bu görüntünün arxasında çox zaman ciddi psixoloji və sosial təzyiqlər gizlənir. Cəmiyyətin daim diqqət mərkəzində olmaq, ictimai gözləntiləri doğrultmaq məcburiyyəti və şəxsi həyatın demək olar ki, tam şəkildə ictimailəşməsi məşhurlar üçün ağır yükə çevrilir. Bu yük isə bəzən yanlış seçimlərə, sağlam olmayan davranış modellərinə və nəticə etibarilə pis vərdişlərin formalaşmasına zəmin yaradır.
Digər tərəfdən, sürətli yüksəliş, qəfil şöhrət və maddi bolluq insan psixologiyasında tarazlığı poza bilər. Bir çox məşhur şəxs həyatlarının müəyyən mərhələsində daxili boşluq, tənha qalmaq qorxusu və ya emosional yorğunluqla üz-üzə qalırlar. Bu vəziyyətdə bəzi vərdişlər müvəqqəti rahatlıq və ya “qaçış yolu” kimi qəbul edilir. Lakin həmin davranışlar zamanla asılılığa çevrilərək həm şəxsi həyata, həm də ictimai imicə ciddi zərər vurur.
Beləliklə, məşhurların pis vərdişlərə meyillənməsi yalnız fərdi zəifliklə izah edilə bilməz. Bu, eyni zamanda, şöhrətin gətirdiyi təzyiqlər, nəzarətsiz azadlıq və davamlı psixoloji gərginliyin nəticəsidir. Məsələyə bu prizmadan yanaşdıqda, problemə daha obyektiv və dərin baxış formalaşdırmaq mümkün olur.

Məsələ ilə bağlı sosioloq Əhməd Rəhmanov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Bu məşhurluq insanları müəyyən bir istiqamətə aparır. Müdriklərdən birinin çox dəyərli bir sözü var: pul insanı qudurmur, pul insanın daxilində olanı üzə çıxarır. Yəni bir insanın varlanması onun mahiyyətini dəyişmir, sadəcə daxili aləmini üzə çıxarır. Burada məsələ tamam başqa cür yozulmamalıdır. Biz tez-tez elə məşhurları nümunə göstərə bilərik ki, mətbuatda və ictimaiyyətdə onların milyonlarla vəsaiti kasıblara xərclədiyi, xeyriyyə işləri gördüyü barədə yazılar dərc olunur. Eyni zamanda, cəmiyyətimizdə elə hallar da var ki, bir insanın əlinə nisbətən az miqdarda pul keçən kimi onun davranışlarında mənfi dəyişikliklər müşahidə olunur və o, yanlış yollara üz tutur. Bu isə bir daha göstərir ki, məsələ pulda və ya məşhurluqda deyil, insanın daxili dünyasında, mənəvi dəyərlərində və tərbiyəsindədir".

İnsan davranışları üzrə mütəxəssis Təbriz Hacınskı isə bildirib ki, məşhurların pis vərdişlərə qurşanması təsadüf deyil və tək bir səbəblə izah olunmur: "Bu hal şöhrətin gətirdiyi təzyiqin, daxili boşluğun və keçmiş travmaların birgə təsirinin nəticəsi ola bilir. Məşhur olmaq o deməkdir ki, insan daim gündəmdədir, qiymətləndirilir və mühakimə olunur. Səhv etmə haqqı azalır, şəxsi həyat isə demək olar ki, yox olmağa başlayır. İnsan “Real Mən”indən uzaqlaşaraq “İdeal Mən”in qurbanına çevrilir. Bu proses özünənəzarətin zəifləməsinə və məsuliyyət hissinin tədricən azalmasına səbəb olur. Nəticədə insan davranışlarının nəticələrini hiss etmədikcə neqativ vərdişlərə yönəlmə riski artır. Belə bir mühitdə narkotik və alkoqol adi hal kimi qəbul edilir və zamanla normallaşır. Normallaşan davranış isə əvvəlcə vərdişə, daha sonra asılılığa çevrilir".

"Yeni sabah" saytının baş redaktoru, psixoloq İmdad Əlizadə isə söyləyib ki, burada ilk növbədə insanın xarakteri, dünyagörüşü və uşaqlıqdan aldığı tərbiyə həlledici rol oynayır: "İnsanın həyat yolunun müəyyən bir çərçivədə formalaşması böyük ölçüdə məhz bu üç amillə bağlıdır. Bununla yanaşı, məsələnin daha bir mühüm səbəbi də uşaq və yeniyetməlik dövrlərində arzuların müxtəlif səbəblərdən boğulması, cilovlanması ilə əlaqədardır. Bir çox insan uşaq yaşlarında görmədikləri, yaşaya bilmədikləri həyatı sonradan — artıq müəyyən güc və imkan əldə etdikdən sonra — kompensasiya etməyə çalışırlar. Öz zəhməti və ya imkanları hesabına əldə edilən nailiyyətlər, maddi rifah və sosial status uşaq yaşlarında basdırılmış arzuların reallaşması üçün şərait yaradır. Nəticədə insan yeniyetməlik dövründə edə bilmədiklərini bəzən qırx, əlli yaşlarında etməyə başlayır. Bu isə çox vaxt ölçüsüz davranışlara, çılğınlığa və sonda pis vərdişlərin formalaşmasına gətirib çıxarır. Digər mühüm amil isə böyük pulların idarə olunması məsələsidir. Pul insana bir çox üstünlüklər qazandırmaqla yanaşı, bəzən düşüncə və davranışlarda tarazlığı da poza bilir. Maddi imkanın artması insanın özünü toxunulmaz hiss etməsinə, “mənə heç nə olmaz” düşüncəsinə qapılmasına səbəb ola bilər. Halbuki böyük pulları idarə etmək asan deyil; əks halda, həmin pullar insanın həyatını normal məcradan çıxara, onu nəzarətsiz bir axına sürükləyə bilər".
O, həmçinin bu amillərin məşhurluq qazandıqdan sonra bəzi insanların yanlış istiqamətə yönəlməsini şərtləndirir və təəssüf ki, bu yolun bəzən faciə ilə nəticələndiyini qeyd edib: "Məşhurluğun yaratdığı cəzasızlıq hissi, əlaqələrdən istifadə edərək məsuliyyətdən yayınmaq imkanı və maddi bolluq təhlükəli vərdişlərə yol açır. Başlanğıcda imkanlar geniş olduğu üçün bu davranışların fəsadları hiss olunmur, lakin zamanla həmin vərdişlər maddi və mənəvi resursları tükədir və insanın həyatını tamamilə başqa bir istiqamətə sürükləyir. Nəticə etibarilə, məsələ nə pulun çoxluğunda, nə də məşhurluğun özündədir. Əsas məsələ insanın daxili dünyası, tərbiyəsi və əldə etdiklərini idarə etmək bacarığıdır. Bu tarazlıq qorunmadıqda isə uğur belə insan üçün dağıdıcı amilə çevrilə bilər".
Göründüyü kimi bu məsələyə ekspertlər müxtəlif rakurslardan yanaşırlar. Kimi bunu pul ilə, kimi psixoloji tərəflə əlaqələndirir. Bunlara rəğmən unutmayaq ki, hamımız həyata yenidən başlayan fərdlərik ona görə də çalışaq pulun, məşhurluğun qurbanı olmayaq.
12:38 22.01.2026
Oxunuş sayı: 2589