Romada 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
Azərbaycanın İtaliyadakı səfirliyində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Crossmedia.az xəbər verir ki,səfirlikdən bildirilib ki, tədbirin əvvəlində ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov 20 Yanvar faciəsinin Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, 1990-cı ilin Yanvar hadisələri ölkəmizin müstəqillik yolunda dönüş nöqtəsi olmaqla, azadlıq və suverenlik uğrunda mübarizənin rəmzinə çevrilib.
Diplomat qeyd edib ki, 1990-cı il Yanvarın 20-də Sovet imperiyası Azərbaycanın ərazi bütövlüyünün pozulmasına etiraz edən, azadlıq və müstəqillik idealları ilə küçələrə çıxan dinc əhaliyə qarşı ağır cinayət törədib. SSRİ qoşunlarının Bakı şəhərinə və respublikanın digər bölgələrinə yeridilməsi nəticəsində günahsız insanlar qətlə yetirilib. R.Aslanov xatırladıb ki, yanvarın 21-də Ulu Öndər Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək xalqla həmrəyliyini nümayiş etdirib və 20 Yanvar faciəsinə açıq siyasi qiymət verib. Daha sonra Ümummilli Liderin təşəbbüsü ilə Milli Məclisdə bu faciəyə siyasi-hüquqi qiymət verən ilk rəsmi sənəd qəbul olunub.
Səfir bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində qazanılan tarixi qələbələr nəticəsində şəhidlərimizin ruhu bu gün rahatlıq tapıb.



01:40 21.01.2026
Oxunuş sayı: 1053