Sükutun içində doğulan dövlət iradəsi
Tarix yalnız baş verən hadisələrin ardıcıllığı deyil, həm də cəmiyyətlərin öz taleyi qarşısında verdiyi kollektiv qərarların yaddaşıdır. 20 Yanvar faciəsi Azərbaycan xalqının bu baxımdan yaşadığı ən ağır, lakin ən həlledici mərhələlərdən biridir. Bu hadisə təkcə qanlı bir gecənin xatirəsi kimi deyil, qorxu üzərində qurulmuş idarəetmə modelinin daxildən dağılmasının simvolu kimi dəyərləndirilməlidir. 1990-cı ilin yanvarında Bakıya yeridilən silahlı qüvvələr ictimai prosesləri nəzarət altına almağı, yüksələn narazılığı zor gücü ilə susdurmağı və cəmiyyətin öz siyasi mövqeyini açıq şəkildə ifadə etməsinin qarşısını almağı hədəfləyirdi. Bu qərar mərkəzi hakimiyyətin klassik düşüncə tərzindən qaynaqlanırdı: güc tətbiq etməklə sakitlik yaratmaq. Lakin bu yanaşma cəmiyyətin real psixoloji vəziyyətini düzgün oxuya bilmədi. Çünki Azərbaycan cəmiyyəti artıq illərlə davam edən sosial ədalətsizlik, hüquqsuzluq və laqeydlik mühitində daxildən dəyişmişdi. 20 Yanvar gecəsi baş verənlər dövlətlə cəmiyyət arasında qalan son etimad bağlarını qopardı. Dövlətin qoruyucu və təminatçı funksiyası inandırıcılığını itirdi. İnsanlar ilk dəfə açıq şəkildə anladılar ki, səssizlik təhlükəsizlik mexanizmi deyil. Əksinə, zorla qorunan sakitlik istənilən an faciəyə çevrilə bilər. Faciənin ən ağır tərəfi insan itkiləri idi. Bu itkilər rəsmi hesabatlarla ölçülə bilməzdi. Onlar yarımçıq qalan talelər idi, dağılan ailə həyatları idi, susdurulan arzular idi. Lakin cəmiyyətin reaksiyası gözlənildiyi kimi olmadı. Qorxu ümidsizlik yaratmadı, əksinə, ağrı düşüncəni sərtləşdirdi. Kədər geri çəkilmə deyil, mövqe tutma zərurəti doğurdu.
Qanlı yanvar hadisələrinin
baş verdiyi dövrdə Heydər Əliyev baş verən prosesləri diqqətlə izləyir və
onları Azərbaycanın milli maraqları prizmasından dərindən təhlil edirdi. O, bu
faciəni təsadüfi hadisə kimi deyil, xalqın iradəsinə qarşı yönəlmiş məqsədli
zorakılıq aktı kimi qiymətləndirirdi. Heydər Əliyev açıq və qəti mövqeyini
ortaya qoyaraq, insan həyatına qarşı yönəlmiş hər hansı güc tətbiqinin
qəbuledilməz olduğunu bəyan etdi və Sovet rəhbərliyindən bu qanlı əmələ siyasi
və hüquqi qiymət verilməsini tələb etdi.Onun çıxışları və açıqlamaları
hadisələrin pərdələnməsinə deyil, həqiqətlərin üzə çıxarılmasına xidmət edirdi.
Heydər Əliyev həlak olanların ailələri ilə əlaqə saxlayaraq onların acısını
bölüşür, bu faciənin yalnız fərdi yox, ümummilli ağrı olduğunu xüsusi
vurğulayırdı. O, 20 Yanvar hadisələrini Azərbaycan xalqının hüquqlarına,
ləyaqətinə və azadlıq istəyinə qarşı yönəlmiş addım kimi dəyərləndirərək, milli
həmrəyliyin qorunmasının vacibliyini ön plana çəkirdi. Heydər Əliyevin mövqeyi
cəmiyyət üçün mənəvi dayaq rolunu oynadı. Onun prinsipial çıxışları insanların
ruhdan düşməsinin qarşısını aldı və bu faciənin qorxu deyil, siyasi oyanış
yaratmalı olduğu mesajını verdi. O, 20 Yanvar hadisəsinin gələcək nəsillər üçün
tarixi dərs kimi yadda saxlanılmasının vacibliyini qeyd edərək, bu faciənin
unudulmamasını, təhrif edilməməsini və düzgün qiymətləndirilməsini əsas vəzifə
kimi müəyyənləşdirdi. Heydər Əliyevin qətiyyətli mövqeyi və mənəvi-siyasi
müdaxiləsi Azərbaycan xalqının yanında olduğunu açıq şəkildə nümayiş etdirdi və
Yanvar həqiqətlərinin tarixdə layiqli yer tutmasına mühüm töhfə verdi. 20
Yanvar hadisələri ictimai şüurun strukturunu dəyişdi. İnsanlar özlərini sadəcə
hadisələrin müşahidəçisi kimi görmədilər, onlar proseslərin iştirakçısına
çevrildiklərini dərk etdilər. Dövlət anlayışı da bu prosesdə yenidən
qiymətləndirildi. Dövlət artıq toxunulmaz mexanizm kimi qəbul edilmirdi; o,
cavabdehlik daşımalı olan struktur kimi dərk olunurdu. Bu dəyişiklik yalnız
hüquqi sənədlərdə yox, insanların düşüncə tərzində baş verdi. 20 Yanvar
cəmiyyətə göstərdi ki, zorakılıq üzərində qurulan idarəetmə dayanıqlı deyil və
gec-tez legitimliyini itirir. Cəmiyyət uzunmüddətli sabitliyi yalnız etimad və
razılıq üzərində qurulmuş idarəetmədən əldə edə bilər. 20 Yanvar hadisələrinin
uzunmüddətli təsiri yalnız siyasi deyil, həm də sosial-mədəni müstəvidə özünü
göstərdi. İnsanlar bir-birinə qarşı münasibətdə daha ehtiyatlı, lakin daha
şüurlu oldular. Cəmiyyətin kollektiv yaddaşı genişləndi, bu yaddaş təkcə
faciəni xatırlamır, həm də davranış modelini formalaşdırır. Faciə göstərdi ki,
cəmiyyətin əxlaqi bazası zorakılıqdan daha güclüdür. Əxlaqi dəyərlər
qorunduqda, insanlar ağır itkilərə baxmayaraq birləşə bilirlər. Bu birləşmə
uzunmüddətli müqavimət təmin edir. 20 Yanvar cəmiyyətin tarixi özünü dərk etmə
prosesini sürətləndirdi. İnsanlar anladı ki, taleyi yalnız dövlət qərarları ilə
deyil, həm də fərdi və kollektiv seçimlə formalaşır. Bu seçimlərin məsuliyyəti
isə hər kəsin üzərinə düşür. Faciədən sonra yaranan psixoloji vəziyyət ictimai
dialoqu gücləndirdi. İnsanlar daha çox soruşmağa, fikir mübadiləsi aparmağa
başladılar. Sual vermək artıq qorxulu deyildi. Əksinə, o, həm fərdi, həm də
kollektiv mövqenin möhkəmlənməsini təmin edirdi. 20 Yanvar hadisələri göstərdi
ki, etimadın bərpası uzun və mürəkkəb prosesdir. Etimad yoxdursa, idarəetmə
formal xarakter daşıyır. Formallıq isə davamlı sabitlik yaratmır. 36 il sonra
20 Yanvar yalnız matəm günü deyil. O, siyasi yetkinliyin, ictimai məsuliyyətin
və tarixi özünü dərk etmənin başlanğıcı kimi xatırlanmalıdır. O, cəmiyyətin
gücünü, mövqeyini və iradəsini göstərən simvolik hadisədir. Qanlı yanvar
hadisələrinin ən mühüm dərsi odur ki, zorakılıq üzərində qurulan idarəetmə
yalnız müvəqqəti uğur gətirir. Uzunmüddətli uğur yalnız cəmiyyətin razılığı və
etimadı ilə mümkündür. 20 Yanvar sübut
etdi ki, cəmiyyətin daxili müqaviməti nə qədər güclüdürsə, zor tətbiq etməyin
effektivliyi bir o qədər az olur. Həmin müqavimət həm ideoloji, həm psixoloji,
həm də sosial xarakter daşıyır. İnsanların şüuru, dəyərləri və münasibətləri
zorla idarə edilə bilməz. Qanlı yanvar hadisələrinin ən dərin nəticəsi milli
kimliyin güclənməsidir. İnsanlar özlərini yalnız mədəni baxımdan deyil, həm də
siyasi subyekt kimi dərk etdilər. Bu hadisə göstərdi ki, milli kimlik yalnız
xatirələrlə deyil, verilən qərarlarla və qəbul edilmiş risklərlə formalaşır. 36
il sonra 20 Yanvar hadisəsi yalnız keçmişin faciəsi deyil; o, gələcək üçün dərs
və xəbərdarlıqdır.

Fərid Mustafayev
YAP Yasamal rayon təşkilatının fəalı
16:06 19.01.2026
Oxunuş sayı: 4737