Azərbaycanda bələdiyyə institutunun fəaliyyəti ilə bağlı ciddi problemlər mövcuddur - Ekspert
Azərbaycanda bələdiyyələrin maliyyə imkanlarının genişləndirilməsi məqsədilə qeyri-yaşayış sahələrinə tətbiq edilən əmlak vergisinin artırılması məsələsi gündəmə gətirilib. Bu təşəbbüs yerli özünüidarəetmə orqanlarının büdcə gəlirlərinin artırılması və onların iqtisadi dayanıqlığının gücləndirilməsi baxımından актуal hesab olunur.
Məsələ Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirə edilib. Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyev bildirib ki, sözügedən dəyişiklik fərdi sahibkarlara ciddi maliyyə yükü yaratmadan bələdiyyələr üçün əhəmiyyətli əlavə gəlir mənbəyi formalaşdıra bilər və mövcud vergi balansının daha ədalətli qurulmasına xidmət edər.
Bu barədə iqtisadçı-ekspert Rəşad Həsənov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Biznesə münasibətdə əmlak vergisinin artırılması məsələsi nəzərdən keçirilərkən bir neçə mühüm məqama diqqət yetirilməsinin zəruri olduğunu düşünürəm. İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması məqsədilə tətbiq olunan təşviq mexanizmlərinin əksəriyyətində məhz əmlak vergisi üzrə güzəştlər nəzərdə tutulur. Bu güzəştlər sənaye məhəllələrinin və sənaye parklarının rezidentlərinə, investisiya təşviqi almış investorların fəaliyyətinə, işğaldan azad edilmiş ərazilərdə, eləcə də bu ildən etibarən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən müəssisələrə şamil olunur. Yəni, əmlak vergisi üzrə güzəşt biznesin stimullaşdırılması baxımından ortaq və geniş tətbiq edilən alətlərdən biridir. Bu kontekstdə əmlak vergisinin artırılması təklifi sadalanan güzəştli kateqoriyalara daxil olmayan müəssisələr üçün daha əlverişsiz şərait yaradacaq və onların vergi yükü güzəştli subyektlərlə müqayisədə əhəmiyyətli dərəcədə artacaqdır. Digər tərəfdən, əmlak vergisi üzrə güzəştlərin təşviq paketlərinə daxil edilməsi onu göstərir ki, bu vergi növü biznesin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə az da olsa təsir edir. Doğrudur, bəzi hallarda müqayisəli təhlil aparıldıqda Azərbaycanın əmlak vergisi üzrə yükü bir sıra ölkələrlə müqayisədə aşağı qiymətləndirilə bilər. Lakin bütövlükdə götürüldükdə, Azərbaycanda biznesin ümumi vergi və fiskal yükü bir çox ölkələrlə müqayisədə aşağı deyil, əksinə, daha yüksəkdir və bu məqamın da nəzərə alınması vacibdir".

Ekspert, həmçinin digər mühüm məsələnin əmlak vergisinin istifadəsi, məqsədi və potensial nəticələri ilə bağlı olduğunu bildirib: "Məlum olduğu kimi, əmlak vergisinin əsas benefisiarları bələdiyyələrdir və bu vergi yerli vergi növlərinə daxildir. Lakin hazırkı mərhələdə Azərbaycanda bələdiyyə institutunun fəaliyyəti ilə bağlı ciddi problemlər mövcuddur. Ya bu institut özünü doğrultmayıb, ya da onun səmərəli fəaliyyət göstərməsi üçün zəruri şərait yaradılmayıb. Bələdiyyələrin fəaliyyəti kifayət qədər şəffaf deyil, cəmiyyət üçün hiss olunan və ölçülə bilən nəticələr ortaya qoyulmur, ictimai nəzarət və qiymətləndirmə mexanizmləri zəifdir. Şübhəsiz ki, bələdiyyələrin zəifliyinin əsas səbəblərindən biri maliyyə resurslarının məhdudluğudur. Lakin mövcud şəraitdə şəffaflıq və hesabatlılıq səviyyəsi hələ o mərhələdə deyil ki, onların gəlirlərinin artırılması məsələsi birmənalı şəkildə əsaslandırılsın. Artan büdcə gəlirlərinin icmaların inkişafına hansı formada və hansı miqyasda təsir göstərəcəyi, hansı real effektlər yaradacağı açıq sual olaraq qalır. Bütün bu məsələlər ətraflı şəkildə cavablandırıldıqdan sonra biznesə münasibətdə əmlak vergisinin artırılması mövzusuna qayıtmaq mümkündür. Mövcud şərtlər daxilində isə bu istiqamətdə qərarın qəbul ediləcəyi ehtimalını olduqca aşağı qiymətləndirirəm və hazırkı mərhələdə belə bir qərarın qəbul edilməsini məqsədəuyğun hesab etmirəm".
Elmir Heydərli
15:17 19.01.2026
Oxunuş sayı: 1369