Azərbaycanda ilk dəfə “Protokol İdarəçiliyi və Korporativ Təmsilçilik” mövzusunda peşəkar təlim keçirilib
Azərbaycanda ilk dəfə “Protokol İdarəçiliyi və Korporativ Təmsilçilik” mövzusunda peşəkar təlim proqramı keçirilib.
17–18 yanvar tarixlərində Marsol Academy-nin təşkilatçılığı, Crystal Group of Companies və ESTET MMC-nin sponsorluğu ilə baş tutan iki günlük təlim proqramı uğurla yekunlaşıb. Təlimdə dövlət qurumlarının nümayəndələri, korporativ sektor təmsilçiləri və idarəetmə sahəsində çalışan mütəxəssislər daxil olmaqla, ümumilikdə 200-dək iştirakçı yer alıb.
Tədbir çərçivəsində iştirakçılara beynəlxalq protokol standartları, rəsmi davranış qaydaları və korporativ təmsilçilik sahəsində həm nəzəri, həm də praktiki biliklər təqdim olunub. Təlimin birinci günündə protokolun əsas anlayışları, ünsiyyət mədəniyyətinin fundamental prinsipləri, ilk təəssürat və imicin idarə edilməsi, xitab və üslub qaydaları, salamlaşma və əl sıxma etikası, geyim və rənglərin peşəkar istifadəsi, bədən dili, rəsmi ünsiyyət və qonağın qarşılanması ilə bağlı prosedurlar ətraflı şəkildə izah edilib.
Təlimin ikinci günü isə rəsmi protokolun tətbiqi aspektlərinə həsr olunub. Bu gün ərzində rəhbər otağı və avtomobil protokolu, tədbirlərin təşkili və protokol planlaması, əyləşdirmə qaydaları, vizit kartının təqdim edilməsi etikası, beynəlxalq süfrə mədəniyyəti, rəsmi yemək qaydaları, hədiyyələşmə protokolu və rəsmi yazışma standartları praktik nümunələr əsasında iştirakçılara çatdırılıb.
Təlim Türkiyə Prezident Administrasiyasında 6 illik protokol təcrübəsinə malik, 40-dan çox ölkədə rəsmi protokol fəaliyyəti göstərmiş və 100-dən artıq beynəlxalq səfərdə iştirak etmiş peşəkar mütəxəssis İhsan Ataöv tərəfindən aparılıb. Təlim yüksək akademik səviyyəsi, real iş təcrübəsinə əsaslanan yanaşması və interaktiv müzakirələri ilə seçilib.
Eyni zamanda Marsol Academy-nin “Gələcəyin Sahibkarları” layihəsinin iştirakçıları tədbirdə həm könüllü, həm də təlim iştirakçısı qismində fəal iştirak edərək bilik və bacarıqlarını artırıblar.
Qeyd edək ki, sözügedən təlim ölkədə protokol mədəniyyətinin inkişafı, korporativ və institusional təmsilçilik sahəsində peşəkar kadr potensialının gücləndirilməsi baxımından mühüm təşəbbüs kimi qiymətləndirilir.
Marsol Academy idarəetmə, liderlik, protokol, korporativ təmsilçilik, sahibkarlıq və şəxsi inkişaf sahələrində ixtisaslaşmış təlim və inkişaf platforması kimi fəaliyyət göstərir. Akademiya mütəmadi olaraq dövlət və özəl sektor nümayəndələri üçün peşəkar təlimlər, sertifikat proqramları, seminarlar və praktiki layihələr həyata keçirir. Bununla yanaşı, “Gələcəyin Sahibkarları” layihəsi və maarifləndirici layihələr vasitəsilə gənclərin və gələcək sahibkarların inkişafına, ölkədə insan kapitalının gücləndirilməsinə töhfə verməyi əsas prioritetlərindən biri kimi müəyyən edib.
15:45 19.01.2026
Oxunuş sayı: 1335