Nazim Hikmət – azadlığın və insan duyğularının şairi
Bu gün, 15 yanvar türk və dünya ədəbiyyatının ən böyük simalarından biri olan Nazim Hikmətin doğum günüdür. O, təkcə bir şair deyil, azadlıq, sevgi və insanlıq haqqında düşünən, yazdıqları ilə dövrünü aşan bir sənətkar idi.
Sükun yok, hareket var,
bugün yarına çıkar,
yarın bugünü yıkar
ve bu durmadan akar
akar
akar.
Biz bugünün kahramanı,
yarının
münadisiyiz.
Bu durmadan akan,
yıkıb yapan
akışın
çizgilenmiş sesiyiz.(Nazim Hikmət)
Nazim Hikmət bu dünyanı çoxdan tərk etsə də, şeirləri bu gün də yaşayır və oxunur. Nazim Hikmət Ran 15 yanvar 1902-ci ildə Salonikidə anadan olub. Ziyalı ailədə böyüyən şair gənc yaşlarından ədəbiyyata maraq göstərib. 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik Məktəbinə daxil olsa da, işğallara qarşı yazdığı şeirlər səbəbilə təhsilini yarımçıq qoymaq məcburiyyətində qalıb. Türkiyənin ağır və qarışıq dövrlərindən keçən Nazim Hikmət 1920-ci ildə Anadoluda gedən milli azadlıq mübarizəsinə qoşulub, bir il sonra isə Sovet Rusiyasına gedərək Moskvada təhsil alıb.
1920–30-cu illərdə yazdığı şeirlərdə əsasən inqilab, ədalətsizlik, xalqın ağır həyatı və azadlıq mövzuları yer alırdı. O, şeirləri ilə mövcud sistemi tənqid edir, insanları düşünməyə və mübarizəyə çağırırdı. Məhz bu mövqeyinə görə Nazim Hikmət tez-tez təqiblərə məruz qalır, dəfələrlə həbs edilir. 1938-ci ildə isə sübutsuz ittihamlarla 28 il həbs cəzasına məhkum olunur.
Həbsxana illəri Nazim Hikmətin yaradıcılığında dönüş nöqtəsi olur. O, bu dövrdə əvvəlki sərt siyasi üslubdan uzaqlaşaraq daha çox sevgi, insan duyğuları, həsrət, həyat sevgisi haqqında yazmağa başlayır. Dostlarına yazdığı məktublarda bildirirdi ki, şeir yalnız siyasi çağırışlardan ibarət olmamalı, insanın iç dünyasını da əks etdirməlidir. Məhz bu illərdə Nazim Hikmətin ən səmimi, ən təsirli lirik şeirləri yaranır.
Şairin bu lirik yaradıcılığı uzun illər kölgədə qalsa da, sonradan oxucular tərəfindən yenidən kəşf edilir. Onun “Səni düşünmək nə gözəl şey…” kimi şeirləri sevgi poeziyasının ən gözəl nümunələri sırasında yer alır. Nazim Hikmət sevginin yalnız iki insan arasında deyil, bütövlükdə həyata, insana və dünyaya qarşı olan bir hiss olduğunu göstərirdi.
Nazim Hikmət Azərbaycanla da sıx bağlı idi. O, Bakıya dəfələrlə səfər etmiş, Azərbaycan şair və yazıçıları ilə dostluq əlaqələri qurmuşdu. Onun əsərləri Azərbaycanda nəşr olunmuş, pyesləri səhnələşdirilmiş, şeirlərinə mahnılar bəstələnmişdir. Azərbaycan ədəbiyyatında da Nazim Hikmət xüsusi hörmətlə xatırlanır.
1951-ci ildən ömrünün sonuna qədər SSRİ-də yaşayan şair 1963-cü ildə Moskvada vəfat edib. O, bu dünyanı tərk etsə də, yazdıqları ilə ədəbiyyatda əbədi iz qoyub. Nazim Hikmət türk poeziyasına sərbəst şeir üslubunu gətirib, şeiri qəliblərdən azad edib. Onun əsərləri bu gün də insanları düşündürür, duyğulandırır və ümid verir.
Bu gün Nazim Hikmətin doğum günüdür. Onu anmaq, şeirlərini oxumaq və xatırlamaq bir daha göstərir ki, şairlər ölür, amma sözləri yaşayır.
Nazim Hikmət aforizimləri, anlamlı cümlələri ilə də oxucuların sevgisini qazanmışdır:
"Nə mən sənə hirslənərəm, nə də şəxsin zəhmət edib mənə küssün. Artıq səninlə biz, düşmən belə deyilik".
"Peşman deyiləm! Sadəcə dön bax arxana; kim üçün kimlərdən imtina etdin? Kim varkən kimləri seçdin".
"Şair müvəffəqiyyətli olmaq üçün, əsərlərində maddi həyatı işıqlandırmaq məcburiyyətindədir".
"Ya ölü ulduzlara aparacağıq həyatı, ya da ölüm enəcək yer üzünə".
"Yaşamaq bir ağac kimi tək və azad və bir meşə kimi qardaşcasına".
Bence şimdi sen de herkes gibisin
Gözlerim gözünde aşkı seçmiyor
Onlardan kalbime sevda geçmiyor
Ben yordum ruhumu biraz da sen yor
Çünkü bence şimdi herkes gibisin
Yolunu beklerken daha dün gece
Kaçıyorum bugün senden gizlice
Kalbime baktım da işte iyice
Anladım ki sen de herkes gibisin
Büsbütün unuttum seni eminim
Maziye karıştı şimdi yeminim
Kalbimde senin için yok bile kinim
Bence sen de şimdi herkes gibisin.
Fatimə Məmmədova
09:20 15.01.2026
Oxunuş sayı: 2001