“Azerbaijan Open” dağ xizəyi turnirində ikinci günün qalibləri bəlli olub
Azərbaycan Qış İdmanı Növləri Federasiyası (AQNİF) və "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə Qusarda keçirilən "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turnirində ikinci günün mükafatçıları müəyyənləşib.
Crossmedia.az-ın AQNİF-ə istinadən məlumatına görə, Beynəlxalq Xizək Federasiyasının (FIS) təqviminə uyğun təşkil olunan yarışın növbəti günündə idmançılar slalom növü üzrə mübarizə aparıblar.
Gərgin keçən yarışın yekununda İsveçrə təmsilçisi Nikita Anner birinci yeri tutub. Qazaxıstanlı Dalel Talkunova ikinci, gürcüstanlı Nino Tklauri isə üçüncü pillədə qərarlaşıb.
İdmançılar sabah qiqant slalom növündə mübarizə aparacaqlar.
Qeyd edək ki, yarışda Azərbaycanla yanaşı, İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Hon-Konq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal, Özbəkistan və Qazaxıstandan 20 qadın idmançı qüvvəsini sınayır. Ölkəmizi turnirdə Anastasiya Papatoma təmsil edir.
Turnir yanvarın 11-də başa çatacaq.
15:50 09.01.2026
Oxunuş sayı: 1364