İranda nə baş verir? “Nə şahçıyam, nə şeyxçi...”
Son günlər İran coğrafiyasında bir sıra hadisələr baş verir ki, mahiyyətinə diqqət yetirəriksə, İran tarixində analoqu olmayan hadisələrdir. Tehran, İsfahan, Şiraz, Kirmanşəhr, Həmədan və bir sıra cənub iqtisadi mərkəzlərdə etiraz hərəkatları baş qaldırıb və tədricən itaətsizliyə çevrilib. İqtisadi səbəblərlə başlayan qiyam siyasi şüarlarla davam edir və 46 ildə ilk dəfədir ki, pəhləviçilik şüarları geniş ictimaiyyət qarşısında elan olunmağa başlayıb.

Bu
hadisələri qiyam olaraq adlandırsaq İran coğrafiyasında oxşarına rast gəlmədiyimiz
bir neçə xüsusiyyət diqqətimizi cəlb edir.
1. İranda baş
verən bütün siyasi hadisələrdə Azərbaycan ya öndə iştirak edir, ya da prosesi dəstəkləyir.
2. İqtisadi
böhran əsas amil deyil, çünki İran İslam Respublikası yaranandan (46 ildir)
sanksiyalarla yaşamağa adət edib, uyğunlaşıb və bir sıra iqtisadi proseslər
İrandan asılı olmayaraq baş verir.
3. İran
coğrafiyasında heç vaxt populyar olmayan və siyasi kimliyi olmayan birisinin
İranda rifah yaratması ümidləri inandırıcı deyil.
İran
İslam Respublikası və ya tarixi Qacar dövləti ərazilərində dövlət qurucu
xalqların türklər olduğu sirr deyil. Pəhləvilərin hakimiyyətə gəlməsi üsulu, Pəhləvilərin
süqutu və islam respublikasının yaradılması prosesində də bu və ya digər dərəcədə
Azərbaycan türkləri iştirak etmişdilər. Hal-hazırda baş verən proseslərə Azərbaycan
əyalətlərinin qarışmaması məntiqi olaraq iki sual ortaya gətirir. Məgər Azərbaycan
ərazilərində xalq etirazlarını idarə edəcək vahid mərkəz və etiraz hərəkətləri
ilə əlaqədar konsolidasiya olunmuş vahid mövqe hazırlanıb? Əgər belədirsə onu
kim hazırlayıb və onların xalq kütləsi içərisində təsiri nə qədərdir?
İkinci sual
olaraq belə bir mənzərə ortaya gəlir ki, yəni, İran İslam Cümhuriyyəti o qədər
acizdir ki, lokal çaxnaşmaların qarşısını ala bilmir? Bəs onun yüz min nəfərlik “baş
kəsən” bəsic dəstələri hardadır? Yani “qan içən” bir rejim bir anda humanist
olmayıb ki, həmin molla rejimidir.
12 günlük
müharibədən sonra bir çox mövqelər dəyişdi. Məlum oldu ki, ölkənin ən etibarlı
adamları ABŞ və İsrail üçün casusluq etməkdən qürur duyurlar və pəhləvilərin də
ölkədə gizli təəssübkeşləri hələ də var. Nə üçün var? Sualının da cavabı odur
ki, pəhləvilərin pulu var və çoxlu pulu var. Bu da onları İranın indiki məhrum
halında daha da imkanlı edir.
İranın cənub-fars reqionlarında təşkil edilən etirazların
arxasında bir neçə ay öncə parlamentdə Azərbaycan dilində tədrisin təşkili əleyhinə
səs verən deputatlarda dayanır. Seçkilərdə “bu millətçi türkün necə oldu ki,
prezidentliyinə yol verdik” peşmançılığındadırlar. Əlbəttə ki, bəzi regionlarda
“cavid şah” şüarını verənlər də Pezeşkian əlehdarlarıdır və pəhləviləri türklərə
alternativ olaraq irəli sürürlər.
İran üçün
“klinik ölüm” diaqnozu qoyanlar bilir ki, orqanizmdə əgər ürək sağlamdırsa, deməli
ölüm baş verməyib. İranın ürəyi Azərbaycandır və nə qədər ki, Azərbaycan bu
proseslərə qarışmayıb İran İslam Respublikasının kliniki ölümü olmayacaq. Bəs nə
olacaq? İran İslam Respublikası bu gün də kütləvi ixtişaşları bir saata dağıda
bilər və bəsicilərin silahı və tankı ilə qan içində boğar. Bir gündən sonra da
mollalar bunu “cəhad” olaraq adlandırar və ölənlərin də “qanını halal” elan edər,
bunula da bütün narazılıqlar bitər.
Lakin bunu etmir. Çünki bir tərəfdən etirazların maştabı hələ ki, təhlükə həddində
deyil, digər tərəfdən də D.Trampın təhdidi öz işini görür. Bu proseslərə Azərbaycan
əyalətləri qoşularsa proseslər təhdid həddinə gələr və o zaman çox böyük “qan
axacağı” ehtimal olunur.
İranda iqtisadi böhran qiyam üçün əsas amil deyil, çünki, İslam Respublikası
yaranandan sanksiyalarla yaşamağa adət edib, uyğunlaşıb və eləcə də bir sıra
iqtisadi proseslər İrandan asılı olmayaraq baş verir. Dolların sabit kursunu saxlamaq üçün ölkənin
valyuta gəlirləri olmalı və dövlətin iqtisadi siyasətini dəstəkləməyə yönəldilməlidir.
Lakin İranda bu kimi proseslər( valyuta daxil olmaları) dövlətin əlində deyil, “rəhbərin”
və bəsic qüvvələrinin əlindədir. Ölkənin valyuta daxil olmaları var və kifayət
qədər böyük məbləğlərdir. Neftin qiymətinin
aşağı düşməsi, sanksiyaların sərtləşməsi ölkənin valyuta daxil olmalarına da təsir
edib. Valyuta gəlirlərinin azalması dövlətin milli valyutasının dəstəklənməsinə
təbii olaraq təsir edir. İran hal-hazırda da həm ölkə daxili silahlı qüvvələrə, həm də xaricdə fəaliyyət göstərən “proksi” qüvvələrə çox böyük məbləğdə vəsait
ayırmağa məcburdur.
İranın büdcə
daxilolmaları əsasən karbo-hidrogen resurslarının satışından formalaşır və büdcə
xərcləri də sosial yönümlü deyil. Uzun müddətdir ki, birinci dərəcəli qida məhsullarına
ayrılan subsidiyalar da aradan qaldırılıb. Odur ki, insanların dövlət tərəfindən
xüsusi ayırmalar hesabına həyatının daha “ucuz olması” vədlərinə çox da ümidləri
yoxdur. Ölkədaxili İqtisadiyyat kiçik sahibkarlıq üzərində qurulub və o da
iflas etməkdədir.
İran coğrafiyasında heç vaxt populyar olmayan və siyasi kimliyi olmayan birisinin İranda rifah yaratması ümüdləri insanlar üçün inandırıcı deyil. Belə düşünənlər çoxdur. Lakin geniş əhali kütləsi bu məsələlərdə qərar verəcək durumda deyillər və heç vaxt da olmayıblar.

1908-ci ildə
İran ərazisini Rusiya ilə İngiltərə öz aralarında böldü və bunun üçün İrandan
“icazə” almadı. 1925-ci ildə də pəhləvilərin hakimiyyətə gətirilməsi əhali ilə
razılaşdırılmamışdı. 1941-ci ildə Rza şahı hakimiyyətdən kənarlaşdıran və onu cənubi
Afrikaya sürgün edəndə də İran əhalisindən soruşmadılar. İndi də mühacirətdə
olan Rza pəhləvini hakimiyyətə gətirmək istəyənlər üçün çox da maraqlı deyil
ki, onun ölkədə nüfuzu və tərəfdarı var, ya yox.
Əlbəttə ki,
indi artıq XXI əsrdir və İran coğrafiyasında mürəkkəb etno-mədəni proseslər baş
verib. Pəhləvilər “İran milləti” yaratmağa çalışdı, nail olmadı. İslamçılar
İranı “şiə-hümməti” olaraq format etməyə çalışdılar, o da alınmadı. Odur ki,
hal-hazırda Əhvaz ərəblərini, kürdlər, Bəluclar və İranın cənubunda yaşayan
sünnüləri pəhləvi ideyası ilə aldatmaq olmur.
İran Kürdüstanı milli hərəkatı da nə pəhləvilər modelini, nə də molla hökumətini qəbul etməyəcəyini elan edib. Güney Azərbaycan siyasi təşkilatlarının da pəhləvi ideyası ilə əlaqədar ifşa edici bəyanatları mövcuddur. “Azadlıq, ədalət və milli hökumət” Güney Azərbaycan milli hərəkatının konsalidə olunmuş mövqeyidir. Ərəb və bəluclar isə tarixən pəhləvilərlə həmişə düşmən olub. Onda belə bir sual ortaya gəlir, bu pəhləvilər kimin “Şahı” olmaq istəyir?

İranın mərkəzçi
qüvvələrinin ən cənub qalası İsfahan, Şiraz və Kerman hesab edilir. Bunlardan
bir qədər cənubda böyük bir ərazi narkomaniya ilə əlaqədar böyük bir “karantin”
zonası hesab edilir və İranın ümumi kommunikasiyalarından təcrid olunmuş vəziyyətdədir.
Ölkənin tam cənubu isə ərəb əsilli və pakistan əsilli xalqların məskunlaşdığı ərazilərdir
və onlar özlərini iranlı hesab etmirlər. Bu coğrafiyanın ən böyük “bəlası” neft
kəmərlərinin buradan keçməsi və İran üçün ölüm-dirim məsələsi olmasıdır.
Paytaxtın cənuba, körfəz sahilinə köçürülməsi ideyası da orada məskunlaşmış yerli
xalqların təmamilə yox olmasına gətirəcək və bu mənzərəni onlar da görürlər.
“İranda baş verən bütün siyasi hadisələrdə Azərbaycan ya öndə iştirak edib, ya da bu prosesi dəstəkləyib” fikri doğrudur. Lakin necə iştirak edib? İranın dövlət qurucu toplumu olaraq, yoxsa ölkədə dominant olan bir millət kimi?

Artıq qətiyyətlə
deməliyik ki, İranda tam formalaşmış bir Azərbaycan-türk milləti var və çox
böyük bir qüvvədir. Tarixini öyrənən, dilini sevən, mədəniyyətinə dəyər verən,
böyük şəxsiyyətləri ilə iftixar edən bir Azərbaycan milləti. Azərbaycanlılar
İranın bütün əyalətlərində yaşayırlar, lakin tarixi və sıx məskunlaşma arealı cənubda
Tehran və Həmədan sərhədlərinə qədər uzanır. "Nə şahçıyam, nə şeyxçi, millətçiyəm,
millətçi” şüarı da Azərbaycanlıların şüarıdır.
Ölkənin rəsmi
dairələri də etiraf edir ki, Azərbaycanlıların sayı 35-40 milyon arasındadır.
İnsanları pasionardır və qurucudurlar. Bunu biz də bilirik və yəqin ki, Rza Pəhləvini
İrana gətirmək istəyənlər də bilir. “Pəhləvi bişərəfdi” şüarını verən Azərbaycan
şəhərlərində bu “əldə qayırma şah” necə hökmranlıq edəcək? Bəlkə, 1946-cı ilin
dekabırında atası kimi Azərbaycanda qırğınlar edərək insanları təslim etmək istəyir ?
İranda Azərbaycan əyalətlərinin, mədəni mərkəzlərinin “xaotik qiyam” əməliyyatlarına təmkinli yanaşması, başqasının oyunlarına alət olmaq istəməməsi tam mənasında anlaşılandı. Göründüyü kimi, azərbaycanlıların milli haqlarının tələbi ilə əlaqədar konkret “yol xəritələri” də var və əslində Pezeşkiandan da hələ ümüdləri kəsilməyib.
13:55 07.01.2026
Oxunuş sayı: 17231