“Politico”nun Azərbaycana qarşı dezinformasiya kampaniyası: Hədəf nədir?
Son dövrlərdə beynəlxalq media qurumlarının məlumatların dürüstlüyü məsələsində cavabdehlik daşıması geniş müzakirələrə səbəb olub. “Politico” nəşrinin dezinformasiya yaymasə isə bu mövzunun aktuallığını bir daha ortaya qoyub. Məlumatların qərəzli şəkildə təqdim olunması və ya faktların təhrif edilməsi cəmiyyətdə çaşqınlıq yaradır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən “Cümhuriyət” qəzeti və “Cebhe.info” Xəbər Portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov bildirib ki, Qərb ölkələrini təmsil edən bəzi mərkəzlərin, media subyektlərinin ikili standartlarla yanaşmasına illərdir şahidlik edirik. Müxtəlif formatlarda etirazlara baxmayaraq, onlar sistemli şəkildə saxta məlumatlar yaymaq mövqelərindən geri durmurlar. COP29 zamanı da bunu gördük. “The Washington Post”, “The Telegraph” Azərbaycana qarşı mümkün qədər əks təbliğat apardı. İllərlə yada düşməyən mövzulara toxundular, yada düşməyən adamların tribunası kimi göründülər.
Ekspertin sözlərinə görə, media quruluşunun əsas peşə hədəfi məlumatın qərəzli olmaması, dəqiq informasiyaya və faktlara əsaslanmasıdır. Təəssüf ki, xarici media qurumlarında dezinformasiyalar baş alıb gedir. Hamıya dərs verməyə çalışanlar söz, mətbuat azadlığını əllərində bayraq edib təxribat və saxta məlumatlarla dünyanı aldatmağa çalışırlar.
Rafail Becanov vurğulayıb ki, bir sıra xarici media qurumları Azərbaycanla bağlı sanki bir dezinformasiya trendinə qoşulmaq yarışına giriblər. “Politico” nəşri də digərlərindən fərqlənimir. Saxta məlumatlarla dünya ictimaiyyətini aldatmağa çalışır. Bu onu göstərir ki, həmin media quruluşları Azərbaycana qarşı anti-təbliğat mərkəzlərinin əlində şantaj subyektlərinə çevriliblər.
Onun fikrincə, hər hansı bir yazı, məlumat dəqiqləşmə, aydınlaşdırma tələb edir. Əgər bu dövlətlə bağlıdırsa, rəsmilərdən cavab alınmalıdır. Ölkəmizdə xarici media qurumlarının istənilən sualının dövlət rəsmiləri tərəfindən cavablandırılması adi qaydadır. Müşahidə etməmişəm ki, hər hansı sual cavablandırılmasın. Lakin saxta və yalan məlumat hazırlayanlar buna ehtiyac görmürlər və məqsədli şəkildə dezinformasiya yayırlar.
“Politico”nun məlum saxta məqaləsi bu qəbildəndir. Məqsədli şəkildə təhrifə yol verirlər. Bu, Azərbaycana qarşı yönəlmiş açıq anti-təbliğatın bir nümunəsidir.
O, qeyd edib ki, həmin məqaləyə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında cavab verib. İndi görək həmin nəşr bunu dərc edəcəkmi? İnandırıcı deyil, çünki məqsədləri həqiqəti üzə çıxarmaq yox, saxta məlumatlar yaymaqdır.
Gültac Mehdizadə
08:43 29.11.2024
Oxunuş sayı: 9269