Qafqaz Müsəlmanları İdarəsinin sədri 28-ci Avrasiya İqtisadi Zirvəsində iştirak edib

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin dəvəti ilə Türkiyə Respublikasında olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə 28-ci Avrasiya İqtisadi Zirvəsində iştirak edib. Bu barədə QMİ-nin mətbuat xidmətindən bildirilib.
Dünyanın müxtəlif ölkələrini təmsil edən dövlət rəsmiləri, nüfuzlu din xadimləri və siyasətçilərin iştirak etdiyi Zirvədə Şeyxülislam fəxri qonaq kimi çıxış edib. Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin mənəvi dəyərlərimizi, milli kimliyimizi, tarixi nailiyyətlərimizi özündə ehtiva edən, sosial-iqtisadi münasibətlərdə türk dünyasının maraqlarını təmsil edən, dünya miqyasında geniş ictimai və mədəni fəaliyyətini yüksək dəyərləndirən QMİ sədri qurumun 40 il ərzində həyata keçirdiyi humanitar layihələrə dünyanın hər yerində olduğu kimi Azərbaycanda da böyük rəğbət bəsləndiyini vurğulayıbVəqfin rəhbəri Akkan Suveri Azərbaycanın sadiq dostu adlandırıb. Bildirib ki, görüşlərin əsas məqsədi dünyada baş verən qlobal fəlakətlərə və ictimai təhlükələrə qarşı birgə mövqeyimizi və həmrəyliyimizi nümayiş etdirməkdir: “Bu gün müasir dünyada meydana gəlmiş yeni təhlükəli meyillər, əsrlərlə insan təfəkküründə, mənəviyyatında yer almış dini-mədəni dəyərlərin təhrif və təhqir olunması, təəssüf ki, davam etməkdədir və bu da hər birimizin ümdə arzusu olan sülhün, barışın yaradılmasına ən böyük zərbəni vurmaqdadır. Biz dünyanın sabitliyinə təhlükə törədən bütün münaqişələrin, o cümlədən, Ukraynada, Yaxın Şərqdə, özəlliklə Qəzzada, Fələstində, habelə Afrikada müharibələrin tezliklə dayandırılmasının, ümumbəşəri mənafelər naminə sülh yolu ilə, beynəlxalq hüquq müstəvisində ədalətli həllinin tərəfdarıyıq”.
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin 40-cı ildönümü ərəfəsində keçirilən toplantıda A. Paşazadəyə qurumun ildönümü münasibətilə xatirə mükafatı təqdim olunub.
Tədbir çərçivəsində A. Paşazadə bir sıra tanınmış dövlət, din və ictimai xadimlərlə görüşlər keçirib.
18:11 08.05.2025
Oxunuş sayı: 729