Azərbaycan və Gürcüstan əməkdaşlıq imkanlarını müzakirə ediblər





Azərbaycan və Gürcüstanın ali audit qurumları əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Crossmedia.az bu barədə Hesablama Palatasına istinadən xəbər verir.
Bildirilib ki, Palatanın sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Dövlət Audit Ofisi ilə əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi məqsədilə Tbilisi şəhərinə işgüzar səfər edib.
Gürcüstan tərəfi görüş çərçivəsində 2023–2027-ci illəri əhatə edən strateji plan, hökumətin konsolidə edilmiş maliyyə hesabatlarının auditi, səmərəlilik auditi, keyfiyyətin idarə olunması, Dövlət Auditi İnstitutunun fəaliyyəti və təlim proqramları, dövlət büdcəsinin layihəsinin və icrasının qiymətləndirilməsi üzrə təqdimatlarla çıxış edib.
Azərbaycan nümayəndə heyəti isə Hesablama Palatasının 2021–2025-ci illəri əhatə edən strateji planı, vergi gəlirlərinin auditi, “İqlimSkanneri” təşəbbüsü və beynəlxalq əməkdaşlıq, həmçinin təlim fəaliyyəti sahəsindəki təcrübələrini bölüşüb.
Tərəflər arasında müzakirələr əməkdaşlığın genişləndirilməsi və audit sahəsində institusional potensialın gücləndirilməsi baxımından əhəmiyyətli dəyərləndirilib.
18:38 08.05.2025
Oxunuş sayı: 932