Diaspor sadəcə icma deyil, kimliyimizi gələcəyə daşıyan canlı yaddaşdır - MÜSAHİBƏ
Diaspor anlayışı təkcə xaricdə yaşayan insanlar topluluğu deyil, milli kimliyin, dilin və mədəni yaddaşın sərhədlərdən kənarda yaşadılmasıdır. Uzaq düşsən də kökdən qopmamaq, başqa bir cəmiyyətin içində özün olaraq qalmaq diasporun görünməyən, amma ən ağır yüküdür. Bu yük bəzən bir ana dilində danışmaq, bəzən milli bayramı yad etmək, bəzən də övladına “haradan gəldiyini” anlatmaqla daşınır. Müasir dünyada diaspor fəaliyyəti artıq yalnız nostalji ilə ölçülmür; o, təhsil, mədəniyyət, ictimai inteqrasiya və dövlətçilik maraqları ilə birbaşa bağlı strateji sahəyə çevrilib. Güclü diaspor, güclü yaddaşdır - yaşadığı ölkəyə inteqrasiya edən, amma mənsub olduğu xalqı unutmayan yaddaş. Bu baxımdan diaspor təşkilatlarının rolu milli varlığın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Crossmedia.az Analitik İnformasiya Portalı olaraq “Zəfər Diasporu” rubrikamız çərçivəsində növbəti müsahibəmizi oxucularımıza təqdim edirik.
Bu dəfəki müsahibimiz Gürcüstanın Rustavi Təhsil və Mədəniyyət Mərkəzinin direktoru Raida Dərziyevadır. O, uzun illərdir yerli azərbaycanlı icmanın təhsil və mədəni həyatının inkişafında fəal iştirak edir, dil kurslarının təşkili, mədəni layihələrin icrası və ictimai təşəbbüslərlə çıxış edir. Rəhbərlik etdiyi mərkəz vasitəsilə milli-mədəni dəyərlərin qorunması və gənc nəslin təhsilə cəlb olunması istiqamətində ardıcıl fəaliyyət göstərir. Rustavi Təhsil və Mədəniyyət Mərkəzi 2024-cü ilin fevral ayında yaradılmışdır. 2024-cü ilin aprel ayından etibarən mərkəz Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən maliyyələşdirilən “Rustavidə yaşayan azərbaycanlılar üçün təhsil və mədəni xidmətlərin göstərilməsi” adlı layihə üzərində fəaliyyət göstərir. Layihə çərçivəsində təşkilatda üç dildə - azərbaycan, gürcü və ingilis dillərində pulsuz kurslar keçirilir. Kurslara qəbul hər tədris ilinin əvvəlində aparılır və ilin sonunda keçirilən test imtahanlarının nəticələrinə əsasən şagirdlərə sertifikatlar təqdim olunur.
-Üç dildə kursların təşkili ideyası necə formalaşdı?
-Üç dildə kursların təşkili Rustavi Təhsil və Mədəniyyət Mərkəzinin “Rustavidə yaşayan azərbaycanlılara təhsil və mədəniyyət sahəsində xidmət göstərilməsi” layihəsi çərçivəsində həyata keçirilir. Layihə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən maliyyələşdirilir. Gürcüstanın digər regionlarında olduğu kimi, Rustavi şəhərində də üç dildə kursların təşkili layihənin əsas istiqamətlərindən biridir. Bu təşəbbüs, hər şeydən əvvəl, icmanın mövcud ehtiyaclarından irəli gəlir. Bu gün Gürcüstanda müəyyən obyektiv və subyektiv səbəblərdən dövlət dilinin öyrənilməsi və tədrisi arzuolunan səviyyədə deyil. Dövlətin bu sahədə gördüyü işləri təqdir etsək də, reallıq ondan ibarətdir ki, gürcü dilinə kifayət qədər yiyələnməmək yerli cəmiyyətə inteqrasiya prosesinə ciddi maneə yaradır. Məhz bu səbəbdən gənclərə əlavə imkanlar yaratmaq qərarına gəlinmiş və gürcü dili kurslarının təşkili zəruri hesab edilmişdir. Gənclərin yaşadıqları cəmiyyətdə və işgüzar mühitdə rəqabətqabiliyyətli olması da əsas prioritetlərdəndir. Qloballaşan dünyada ingilis dili və digər xarici dilləri bilmədən ciddi uğur qazanmaq mümkün deyil. Eyni zamanda, soydaşlarımızın təkcə Gürcüstanın və region ölkələrinin deyil, ABŞ və Avropanın nüfuzlu ali təhsil müəssisələrində də təhsil almaları məqsəd qoyulub. İngilis dili kurslarının təşkili də bu məqsədlərə xidmət edir. Gürcüstan məktəblərində Azərbaycan dilinin tədrisi ilə bağlı uzun müddətdir ciddi narahatlıqlar mövcuddur və bu məsələ ictimai müzakirələrdə dəfələrlə gündəmə gətirilib. Rustavi şəhərində isə bu sahədə spesifik problemlər qalmaqdadır. Belə ki, şəhərdə Azərbaycan dilində təhsil yalnız bir məktəbdə aparılır. Yüzlərlə azərbaycanlı şagird gürcü və rus məktəblərində təhsil alır və ana dilini öyrənmək imkanından məhrum olur. Bundan əlavə, uşaq bağçalarında məktəbəqədər hazırlıq əsasən gürcü dilində aparılır və nəticədə uşaqların əksəriyyəti gürcü və rus məktəblərinə yönəlir. Bu səbəbdən mərkəz tərəfindən azərbaycan dilində məktəbəqədər hazırlıq kursları, eləcə də məktəblilər üçün Azərbaycan dili kursları yaradılıb.
-Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi mərkəzin fəaliyyətinə hansı konkret imkanları yaradıb?
-Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının və onun Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısını daim hiss edirlər. Məhz Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi sayəsində sözügedən layihənin həyata keçirilməsi mümkün olub. Eyni zamanda, Diasporaya Dəstək Fondu tərəfindən mərkəzimizə bir neçə dəfə kitab hədiyyə edilib ki, bu da təhsil və maarifləndirmə fəaliyyətimizin gücləndirilməsinə mühüm töhfə verib.
-Azərbaycan mədəniyyətinin Gürcüstanda tanıdılması baxımından bu tədbirlərin rolu nədir?
-Fürsətdən istifadə edərək dərin məmnunluqla qeyd etmək istərdik ki, Gürcüstan–Azərbaycan münasibətləri bütün sahələr üzrə yüksələn xətt üzrə inkişaf edir və bu əməkdaşlıq bu gün beynəlxalq miqyasda regional tərəfdaşlığın uğurlu nümunəsi kimi təqdim olunur. Qənaətimizcə, Azərbaycan mədəniyyətinin Gürcüstanda tanıdılması və təbliği istiqamətində görüləsi işlər hələ də kifayət qədərdir. Zəngin mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi və tarixi irsimizi gürcü cəmiyyətinə daha dərindən və sistemli şəkildə tanıtmaq vacibdir. Eyni zamanda, Azərbaycan həqiqətlərinin, eləcə də milli dövlətimizin əldə etdiyi uğurların təbliği qarşıda duran əsas vəzifələrimiz sırasındadır. Bu məqsədlə mərkəzdə mütəmadi olaraq müxtəlif mədəni tədbirlər təşkil olunur. Sözügedən tədbirlər əsasən Azərbaycan və Gürcüstanın əlamətdar tarixlərini və milli bayramlarını əhatə edir. Bununla yanaşı, Azərbaycan və gürcü ədəbiyyatının nümunələrindən ibarət kitabxana da fəaliyyət göstərir. Əlamətdar haldır ki, keçirilən tədbirlərdə azərbaycanlı icmasının nümayəndələri ilə yanaşı, gürcü ziyalıları da fəal iştirak edirlər.
-Layihənin icrası zamanı qarşılaşdığınız əsas çətinliklər nələr olub?
-Rustavi şəhərində əvvəllər bir neçə Azərbaycan QHT-si fəaliyyət göstərsə də, bu istiqamətdə sistemli və davamlı tədris işi aparan ilk təşkilat bizik. Tədrisin təşkili üçün sinif otaqlarında zəruri şəraitin yaradılması, eləcə də ofis avadanlıqlarının alınması ciddi maliyyə xərcləri tələb edirdi və bütün bu işlər, müəyyən çətinliklərə baxmayaraq, əsasən öz imkanlarımız hesabına həyata keçirilib. Peşəkar müəllim kadrlarının və kurslara müdavimlərin cəlb edilməsi mərhələsində də müxtəlif çətinliklərlə üzləşmişik. Səylərimizə baxmayaraq, hazırda tədris prosesi üçün zəruri olan müasir texniki avadanlıq mərkəzin ixtiyarında deyil ki, bu da işin daha səmərəli qurulmasına mane olur. Fərdi kompüterlər, ağıllı lövhələr, printerlər və digər texniki vasitələr hələlik ehtiyac olaraq qalır. Eyni zamanda, kifayət qədər büdcənin olmaması səbəbindən müxtəlif mədəni tədbirlərin təşkili də məhdud imkanlarla həyata keçirilir.
-Gələcəkdə daha hansı layihələrin həyata keçirilməsi gözlənilir?
-Gələcəkdə mərkəzin fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulur. Dil kursları ilə yanaşı, digər istiqamətlər üzrə də yeni kursların yaradılması planlaşdırılır. Xüsusilə böyüklər üçün gürcü dili kurslarının təşkili gündəmdədir. Eyni zamanda, Rustavi şəhərində Azərbaycan rəqsləri və musiqisi üzrə dərnəklərin yaradılması, mədəni tədbirlərin daha geniş auditoriya üçün təşkili əsas hədəflərimizdəndir. Məqsədimiz şəhərin mədəni palitrasında fəal iştirak edərək, Azərbaycan mədəniyyətinin tanıdılması və təbliği istiqamətində davamlı və sistemli fəaliyyət göstərməkdir.
Sevinc Yarməmmədova
12:32 01.01.2026
Oxunuş sayı: 3565