ABŞ səfirindən İrana açıq mesaj: “Etirazçıların yanındayıq”
ABŞ-nin BMT-dəki səfiri Mayk Valts İranda başlayan kütləvi etirazlarla bağlı açıqlama verib. O, “X” hesabındakı paylaşımında Amerikanın İran etirazçılarını dəstəklədiyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Valts yazıb ki, İran xalqı azadlıq tələb edir və uzun illərdir ayətullahların hakimiyyəti altında əziyyət çəkir. Onun sözlərinə görə, ABŞ Tehran küçələrində və ölkənin müxtəlif bölgələrində etiraz edən insanlarla həmrəydir.
Səfirin yazdığına əsasən, Vaşinqton iqtisadi durğunluq və müharibədən başqa heç nə vəd etməyən mövcud rejimə qarşı çıxan etirazçıların yanında dayanır.
ABŞ Dövlət Departamenti və bir sıra amerikalı siyasətçilər də İranda davam edən hökumət əleyhinə etirazlara reaksiya verərək etirazçıları dəstəklədiklərini açıqlayıblar.
Departamentin bəyanatında bildirilir ki, İranda milli valyutanın dollar qarşısında tarixi minimuma enməsi yüzlərlə insanın Tehranın Böyük Bazarında pisləşən iqtisadi vəziyyətə etiraz etməsinə səbəb olub. ABŞ tərəfi İran xalqının öz səsini dünyaya çatdırmaq səylərini dəstəklədiyini bəyan edib.
Missisipi ştatından respublikaçı senator Rocer Viker də açıqlamasında iranlıların ölkəni iqtisadi böhrana sürükləyən hakimiyyətə qarşı etiraz etdiklərini bildirib.
Tanınmış siyasi şərhçi və Donald Trampın yaxın çevrəsinə daxil olan Mark Levin isə İranda davam edən etirazlara münasibət bildirərək, “Allah bu insanları qorusun! Amerika xalqı sizi dəstəkləyir!”, - deyə, bildirib.
18:21 30.12.2025
Oxunuş sayı: 1031