Dünya azərbaycanlıları qalib xalqın təmsilçisi kimi həmrəylik nümunəsi sərgiləyir – Deputat
Qloballaşan dünyada milli kimliyin qorunması və dövlət maraqlarının müdafiəsi yalnız coğrafi sərhədlərlə məhdudlaşmır. Bu prosesdə xaricdə yaşayan soydaşların birliyi, təşkilatlanması və ideoloji həmrəyliyi xüsusi əhəmiyyət daşıyır. Müstəqil Azərbaycanın formalaşdırdığı məqsədyönlü diaspor siyasəti bu birliyi gücləndirməklə yanaşı, dünya azərbaycanlılarını vahid amal ətrafında birləşdirir və onları qalib xalqın layiqli təmsilçilərinə çevirir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova bildirib ki, həmrəylik milli kimliyin qorunmasında başlıca vasitədir və Azərbaycan xalqı tarix boyu ümummilli məsələlərdə birlik nümayiş etdirməyi bacarıb.
Onun sözlərinə görə, dünya azərbaycanlılarının təşkilatlanması və həmrəyliyi Ulu Öndər Heydər Əliyevin daim diqqət mərkəzində olub. "Ümummilli Lider qeyd edirdi ki, həmvətənlərimizin birliyi və həmrəyliyi ideyasının əsasında Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət dayanır. O vurğulayırdı ki, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızın milli-mənəvi varlığını yaşadan yeganə dövlət müstəqil və suveren Azərbaycan Respublikasıdır",- deyə o bildirib.
Deputat xatırladıb ki, Heydər Əliyev diaspor nümayəndələri ilə görüşlərində Vətəndən kənarda yaşayan azərbaycanlıların qəlbinin daim Azərbaycanın nəbzi ilə döyünməli olduğunu xüsusi qeyd edib, hər bir soydaşımızın harada yaşamasından asılı olmayaraq Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və gələcəyi haqqında düşünməsinin vacibliyini önə çəkib.
N. Məmmədova vurğulayıb ki, 2001-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı soydaşlarımızın milli mənlik şüurunun güclənməsində mühüm rol oynayıb. "Ulu Öndərin "Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" fikri həmin qurultaydan sonra dünya azərbaycanlıları üçün milli qürur rəmzinə çevrilib və bu proses diaspor fəaliyyətində yeni bir mərhələnin əsasını qoyub",- deyə deputat qeyd edib.
O həmçinin bildirib ki, 2008-ci ildə qəbul edilən "Dünya azərbaycanlılarının Xartiyası" birlik və mütəşəkkilliyin güclənməsinə, tarixi Vətənlə əlaqələrin möhkəmlənməsinə xidmət etməklə yanaşı, Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu bir daha təsdiqləyib.
Onun sözlərinə görə, Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin bu sahədə ortaya qoyduğu qətiyyətli siyasi iradə ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımız arasında milli ruhun yüksəlməsinə, onların vahid məqsədlər ətrafında daha sıx birləşməsinə mühüm töhfə verib. "Bu gün dünyanın müxtəlif ölkələrində Azərbaycan icmaları, Koordinasiya Şuraları və Azərbaycan evləri diaspor quruculuğunun real nəticəsi kimi çıxış edir",- deyə Nigar Məmmədova bildirib.
O, xüsusi olaraq qeyd edib ki, 2020-ci il 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə dünya azərbaycanlılarının həmrəyliyini daha da gücləndirib:
"Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqının nümayiş etdirdiyi birlik həm ölkə daxilində, həm də xaricdə yaşayan soydaşlarımız arasında böyük ruh yüksəkliyi yaradıb".
N. Məmmədovanın sözlərinə görə, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə fəallıq göstərərək Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün ardıcıl səylər ortaya qoyublar. "Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə bu fəaliyyətləri yüksək qiymətləndirərək, soydaşlarımızın cəsarətli mövqeyini Qələbəyə layiqli töhfə kimi dəyərləndirib",- deyə o xatırladıb.
Deputat bildirib ki, 2022-ci il aprelin 22-də keçirilən Dünya Azərbaycanlılarının Zəfər Qurultayı dünya azərbaycanlılarının həmrəyliyinin yeni mərhələsinin rəmzi olub. Bu qurultay Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyi ilə bağlı çağırışlarının onun siyasi xəttinin davamçıları tərəfindən gerçəyə çevrildiyini nümayiş etdirib.
O, əlavə edib ki, Böyük Qələbədən sonra dünya azərbaycanlılarının missiyası da yenilənib. "Bu gün diaspor təşkilatları Qarabağın və Zəngəzurun tarixi, azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası, Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələrinin mahiyyəti, postmünaqişə dövrünün reallıqları və Azərbaycanın yeni inkişaf mərhələsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəal rol oynayırlar",- deyə o bildirib.
Sonda deputat Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətinə istinad edərək qeyd edib ki, bu gün bütün dünya azərbaycanlıları müstəqil Azərbaycanla haqlı olaraq fəxr edir, başıdik, alnıaçıq və üzüağ yaşayırlar.
16:40 30.12.2025
Oxunuş sayı: 1523