Rialın ucuzlaşması İranda etirazları alovlandırdı
İranda milli valyuta rialın kəskin dəyər itirməsi son etirazların əsas səbəblərindən birinə çevrilib. Nəşrin təhlilinə görə, rialın tarixi minimumlara enməsi xüsusilə Tehran bazarlarında narazılığı kəskin şəkildə artırıb.
Crossmedia.az Financial Times-a istinadən xəbər verir.
Qəzet qeyd edir ki, 12 günlük müharibədən sonra İslam Respublikası güclənən beynəlxalq sanksiyalar və neft satışındakı çətinliklər fonunda ciddi iqtisadi təzyiqlərlə üzləşib. Rəsmi məlumatlara əsasən, 2025-ci ilin dekabrında başa çatan 12 ay üzrə illik inflyasiya 42,2 faizə çatıb.
Financial Times bildirir ki, dolların məzənnəsinin sürətlə yüksəlməsi bazar günü Tehranın mərkəzində elektronika satıcılarının etirazına səbəb olub. Daha sonra Tehranın Böyük Bazarındakı ticarətçilər də tətillərə qoşulublar.
The Wall Street Journal isə yazır ki, rialın dəyərdən düşməsindən sonra başlayan etirazlar iqtisadi böhran fonunda və İsraillə müharibədən sonra hökumət üzərində təzyiqləri daha da artırıb. Qəzetin məlumatına görə, aksiyalar ölkənin müxtəlif bölgələrində davam edir.
Eyni zamanda qeyd olunur ki, hökumət son aylarda müxalifətə qarşı genişmiqyaslı repressiyalar həyata keçirib, çoxsaylı həbslər aparıb və son 40 ildə ən yüksək sayda ölüm hökmü icra olunub. Buna baxmayaraq, etirazlar səngiməyib.
WSJ əlavə edir ki, İran eyni zamanda İsraildən gələn yeni təzyiqlərlə üzləşir. İsrail rəsmiləri Tehranın ballistik raket arsenalını bərpa etməyə çalışacağı təqdirdə hərbi əməliyyatlar ehtimalı barədə xəbərdarlıq ediblər.
18:15 30.12.2025
Oxunuş sayı: 1105