Everest–Lhotse kombinasiyasını həyata keçirən ilk azərbaycanlı xanım ilə MÜSAHİBƏ
Bugünlərdə Azərbaycan Prezidenti İlham Əliyev idmançıların və idman mütəxəssislərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Təltif olunanlardan biri də, Qəhrəman Vəfa Musayevadır.
Qeyd edək ki, 2025-ci il mayın 15-də, Nepal vaxtı ilə saat 10:15-də, nəfəsin tutulduğu, səmaya toxunmağın mümkün göründüyü uca bir zirvədə tarixi an yaşandı. Dünyanın ən yüksək nöqtəsi - 8849 metr hündürlükdə yerləşən Everest zirvəsində Azərbaycan bayrağı qürurla dalğalanarkən, onu sadə bir ingilis dili müəlliməsi, qayğıkeş ana və nümunəvi ev xanımı olan Vəfa Musayeva ucaltdı. Vəfa Musayeva bu möhtəşəm zirvəni fəth edərək Everestə qalxan ilk qadın Azərbaycan vətəndaşı kimi adını tarixə qızıl hərflərlə yazdırdı.

Bu barədə Crossmedia.az-a müsahibə verən alpinist Vəfa Musayeva bir neç gün əvvəl aldığı "Tərəqqi" medalı ilə bağlı fikirlərini bölüşüb.
— “Tərəqqi” medalını aldığınız an ilk olaraq kimi və nəyi xatırladınız?
-Everest zirvəsinə qalxan ilk azərbaycanlı, Everestdə bayrağımızı qaldıran ilk azərbaycanlı qadın və eyni mövsümdə Everest–Lhotse kombinasiyasını tamamlayan ilk azərbaycanlı olmaq mənim üçün sözlə ifadə olunmayacaq qədər dərin bir duyğu və böyük bir qürurdur. Bu nailiyyətlə Azərbaycan tarixində, Azərbaycan alpinizm tarixində yeni bir səhifə açıldı. Həmin an ilk olaraq ailəmi, mənə səssiz, amma güclü şəkildə dəstək olan insanları xatırladım. Sonra isə 2016-cı ildən başlayan uzun yolu düşündüm. İllər boyu Everest ekspedisiyalarını izləyərkən rəsmi qeydiyyat sənədlərinə baxırdım və hər dəfə eyni mənzərəni görürdüm: “Azərbaycan qadını” bölməsində sıfır.
2020, 2021, 2022, 2023, 2024… Hər il bu sıfır dəyişmirdi. Və mən qərar verdim ki, bu sıfırı birə çevirim. İlk dəfə Azərbaycan qadınının adını həmin siyahıya yazdırım. Bu gün sevinc hissi ilə deyə bilərəm ki, artıq Everest zirvəsində Azərbaycan qadınının qarşısında “0” yox, “1” var. Bu, mənim üçün təkcə fərdi uğur deyil, qəhrəman Azərbaycan qadınlarının tarixini davam etdirmək deməkdir. Əsas hədəfim də məhz bu idi.
Everestdən qayıtdıqdan sonra bilirdim ki, ölkə başçımız cənab İlham Əliyev idmana xüsusi diqqət göstərir və bu cür nailiyyətlər diqqətdən kənarda qalmır. Amma “Tərəqqi” medalı mənim üçün həqiqətən böyük və xoş bir sürpriz oldu. Bu medal keçdiyim yolun ən dəyərli təqdirlərindən biridir. Hər bir insanın köksündə təqdirə yer var və bu təltif mənə növbəti zirvələrimə, növbəti layihələrimə daha ürəkli, daha əzmli və daha həvəsli addımlamaq üçün güclü motivasiya verdi. Bu diqqətə görə hörmətli Prezidentimizə dərin təşəkkürümü bildirirəm.
Bu yolda mənə durmadan dəstək olan insanları da xüsusi qeyd etmək istəyirəm. Gənclər və İdman Nazirliyindən Qabil Mehdiyev bu prosesdə mənə böyük bələdçilik göstərdi. Bu dəstək tək deyil, bir komandanın inamı idi.

— Gələcəkdə fəth etmək istədiyiniz növbəti “zirvə” hansı olacaq?
-Mənim üçün zirvə anlayışı yalnız dağlarla məhdudlaşmır. Dağlar bu yolun görünən tərəfidir. Əsl zirvələr insanın düşüncəsində, dünyagörüşündə və ruhunda fəth olunur.
Bir Azərbaycan müəllimi olaraq düşünürəm ki, bu nailiyyət təhsildə də çox önəmli mesajdır: müəllim sinif divarları ilə məhdudlaşmır. Müəllim dağlara qalxa, sərhədləri aşa, şagirdlərinə real həyat nümunəsi göstərə bilər. Mənim üçün bu yol həm əvvəlki, həm indiki, həm də gələcək şagirdlərim, tələbələrim, müəllim və təlimçi kollektivləri üçün bir motivasiyadır. Onların qarşısında yalnız dərs deyən yox, dörd divarı aşan bir müəllim dayanır.Bundan sonrakı zirvələr artıq üfüqdə görünür. Onların bir hissəsi sponsor dəstəyi ilə bağlıdır. Sponsorlar nə qədər aktiv olsa, mən də bir o qədər irəli gedə, daha böyük sosial və maarifləndirici layihələr reallaşdıra bilərəm.
— Dağa qalxarkən ən çətin anlarda sizi geri dönməkdən saxlayan əsas motivasiya nə olub?
-Ən çətin anlarda özümə bir sual verirəm: “Əgər indi geri dönsəm, sabah özümə nə deyəcəyəm?”
Məni saxlayan əsas motivasiya məsuliyyət hissidir-bayrağıma, ölkəmə, Azərbaycan qadınına və məni izləyən gənclərə qarşı. Mən inanıram ki, bir insanın addımı başqa birinin cəsarətinə çevrilə bilər. Bu düşüncə məni ayaqda saxlayır.
Everestdən qayıtdığım gündən bu günə qədər durmadan məktəblərdə, “Canlı İnsan Kitabxanası” layihələrində, forumlarda, konfranslarda çıxış edirəm. Minlərlə insan qarşısında spiker kimi danışmaq, qadınlarla görüşmək, dəyərli layihələrin bir parçası olmaq bir daha göstərir ki, Everest sadəcə fiziki bir dırmanış deyil. Everest mənəvi gücdür və bu güc artıq yeddi aydır ki, aktivdir.
-Sonda oxucularımıza nə demək istərdiniz?
-Fürsətdən istifadə edib bütün media nümayəndələrinə - bu günə qədər mənə göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Ola bilsin ki, bu, 2025-ci ildə verdiyim son müsahibədir və bunu dəyərləndirmək istədim.Bu il mənim üçün möhtəşəm oldu. Hər saniyəsi səmərəli, hər dəqiqəsi qızıldan dəyərli idi. Bu uğur təkcə mənim deyil, bizim hamımızındır. Ümid edirəm ki, 2026-cı il Azərbaycan xalqına rifah, sülh və sabitlik gətirəcək, mənim yoluma isə dağlar kimi yeni zirvələr çıxaracaq.
Fatimə Məmmədova
12:25 30.12.2025
Oxunuş sayı: 2493