Şabranda şəhid övladları üçün keçirilən qış düşərgəsində çempion cüdoçularla görüş
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi və Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin birgə təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Şabran rayonunda keçirilən VII “Qardaşlaşmış Qarabağ Məktəbləri” qış düşərgəsinin növbəti günündə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi və çempion cüdoçularımız düşərgə iştirakçıları ilə görüşüblər.
Crossmedia.az xəbər verir ki, görüşdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, cüdo üzrə Olimpiya və ikiqat Avropa çempionu, dünya çempionatının mükafatçısı Elnur Məmmədli, federasiya prezidentinin müşaviri Natiq Bağırov, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərov, Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov, Avropa çempionları Rüstəm Orucov, Orxan Səfərov, Avropa və dünya çempionatlarının mükafatçıları Mövlud Mirəliyev, Murad Fətiyev, Əli İbrahimov və Əhməd Yusifov iştirak ediblər.
Çempionlar düşərgə iştirakçıları ilə səmimi söhbət aparıb, keçdikləri həyat və idman yolu ilə əlaqədar təcrübələrini bölüşüblər.
Görüş çərçivəsində düşərgə iştirakçısı olan yeniyetmə cüdoçu, Vətən Müharibəsi Qəhrəmanı, şəhid XTQ baş giziri Mehrab Niftəliyevin qızı, respublika çempionatının və Sumqayıt şəhər birinciliyinin qalibi Ləman Niftəliyevaya çempion cüdoçular tərəfindən kimono hədiyyə olunub.
Görüşün yekununda “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərov tərəfindən bütün düşərgə iştirakçılarına xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərin məktəbli övladlarının iştirak etdiyi qış düşərgəsi müddətində - dekabrın 23-dən 29-dək müxtəlif maarifləndirici təlimlər, intellektual oyunlar, mədəni və idman tədbirləri təşkil olunur.
Düşərgənin ikinci mərhələsinin gələn ilin yay aylarında Fransada keçirilməsi nəzərdə tutulub.




20:42 27.12.2025
Oxunuş sayı: 958