Milli Qəhrəman Natiq Qasımovun xatirəsinə həsr olunmuş region universitetləri arasında voleybol turniri keçirilib
Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsinə həsr olunmuş region universitetləri arasında voleybol turniri keçirilib.
Crossmedia.az xəbər verir ki, universitetin İdman-Sağlamlıq Kompleksində baş tutan turnirin açılışında Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, şəhər Bələdiyyəsinin rəhbərliyi, Milli Qəhrəmanın ailə üzvləri, onun adını daşıyan 4 nömrəli tam orta məktəbin direktoru Zaur Müseyibov, Mingəçevir Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının, Gəncə Dövlət Universitetinin və Azərbaycan Texnologiya Universitetinin akademik-inzibati heyəti, tələbələr və ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsinə həsr olunmuş belə bir idman yarışının keçirilməsini yüksək qiymətləndirib. O, bu cür təşəbbüslərin gənclər arasında vətənpərvərlik ruhunun aşılanmasında və qəhrəmanlarımızın tanıdılmasında müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirilib ki, idman təkcə fiziki sağlamlıq deyil, həm də gənclərdə əzmkar xarakterin və milli birlik duyğusunun formalaşması üçün mühüm vasitədir.
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov region universitetlərini bir araya gətirən bu turnirin ali təhsil müəssisələri arasında dostluq və əməkdaşlıq körpüsü olduğunu diqqətə çatdırıb. Rektor vurğulayıb ki, MDU-da tələbələrin həm akademik biliklərə yiyələnməsi, həm də milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda böyüməsi əsas prioritetlərdəndir. O, Milli Qəhrəmanın adını daşıyan bu yarışın gənclərin yaddaşında silinməz iz qoyacağını qeyd edərək, bütün komandalara uğurlar arzulayıb.
Tədbirdə iştirak edən Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov ailə üzvləri adından göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirib. O, Natiq Qasımovun göstərdiyi şücaətin və onun keçdiyi şərəfli döyüş yolunun bu gün gənclər tərəfindən uca tutulmasının qürurverici olduğunu vurğulayıb. Nofəl Qasımov idmançılara müraciət edərək, onlara hər zaman Natiq kimi mətin və yenilməz olmağı tövsiyə edib.
Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov bu cür regional turnirlərin istedadlı gənclərin üzə çıxarılmasında və onlar arasında sağlam rəqabət mühitinin yaradılmasında mühüm rol oynadığını qeyd edib.
Çıxışlardan sonra turnirə start verilib.
Birincilik uğrunda mübarizədə Mingəçevir Dövlət Universiteti, UNEC-in Zaqatala filialı, Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinin voleybol komandaları qarşılaşıblar. Turnirin yekun nəticəsinə əsasən, Gəncə Dövlət Universitetinin komandası I yerə, Mingəçevir Dövlət Universitetinin komandası II yerə, UNEC-in Zaqatala filialının komandası III yerə, Azərbaycan Texnologiya Universitetinin komandası isə IV yerə sahibi olub. Qalib komandalara və fərqlənən idmançılara müvafiq dərəcəli medal və diplomlar təqdim edilib.
MDU-da Milli Qəhrəman Natiq Qasımovun xatirəsinə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.

20:41 24.12.2025
Oxunuş sayı: 1662