Prezident İlham Əliyev: Milli iradədən qlobal gücə uzanan liderlik yolu
Müstəqil Azərbaycanın son onilliklərdə keçdiyi inkişaf yolu güclü liderlik, ardıcıl siyasət və milli maraqlara əsaslanan strateji baxışla səciyyələnir. Bu mərhələdə dövlət idarəçiliyində davamlılıq və siyasi sabitlik əsas həlledici amillərdən biri olmuşdur. Qloballaşan dünyada milli dövlət maraqlarının qorunması, suverenliyin möhkəmləndirilməsi və beynəlxalq mövqelərin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan məhz bu çağırışlar fonunda öz inkişaf modelini formalaşdıraraq regional və qlobal proseslərdə fəal iştirakçıya çevrilmişdir. Dövlətin iqtisadi, siyasi və sosial sahələrdə həyata keçirdiyi islahatlar uzunmüddətli və sistemli yanaşmanın nəticəsidir. Milli təhlükəsizliyin təmin olunması və ərazi bütövlüyünün bərpası dövlət siyasətinin əsas prioritetlərindən biri kimi ön plana çıxmışdır. Bu inkişaf xətti tarixi təcrübəyə, güclü dövlətçilik ənənələrinə və siyasi iradəyə söykənir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kurs müasir dövrdə Ümummilli Liderin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin tərəfindən yeni məzmun və keyfiyyətlə davam etdirilmişdir. Siyasi varislik prinsipi ölkənin inkişafında sabitlik və ardıcıllıq yaratmışdır. Məhz bu ümumi kontekst Azərbaycan dövlətçiliyinin bugünkü gücünü və gələcəyə inamını şərtləndirən əsas amilləri əks etdirir.
1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ölkəmizin siyasi rəhbərliyinə qayıdandan sonra müstəqilliyini itirmək, parçalanmaq təhlükəsindən xilas olan Azərbaycan inkişaf yoluna çıxdı. Ümummilli Liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə onun layiqli varisi cənab İlham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə onu özünə Prezident seçdi. Prezident cənab İlham Əliyevin ali dövləti vəzifədə ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli, milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inamı və etimadı görülməmiş dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü, 2018-ci və 2024-cü illərdə keçirilən prezident seçkilərində Prezident cənab İlham Əliyev yenidən inamlı qələbə qazandı. Bu qələbələr xalqın öz liderinə sarsılmaz inamından qaynaqlanmaqla, son iyirmi iki ildə görülən işlərə, qazanılan uğurlara verilən dəyərdir. Azərbaycan xalqı seçkilərdə səsini cənab İlham Əliyevə verməklə, Ümummilli Lider Heydər Əliyevin ideyalarına sədaqətini nümayiş etdirir.
2003-cü ildən etibarən cənab İlham Əliyevin Prezident seçilməsi siyasi kursun davamlılığını, idarəetmədə yenilənmə və peşəkarlığın möhkəmlənməsini təmin etdi. Xüsusi vurğulamaq gərəkdir ki, cənab İlham Əliyevin 1999-cü ildə Yeni Azərbaycan Partiyası Sədrinin müavini, 2001-ci ildə Sədrin birinci müavini, 2005-ci ildə isə Sədr seçilməsindən sonra partiyanın fəaliyyətində yeni mərhələ başlanmışdır. Yeri gəlmişkən, Ulu Öndər Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına ünvanladığı tarixi müraciətdə “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər”, - deyə bildirmişdi. Bunlarla yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın partiyanın 2013-cü ildə keçirilmiş V qurultayında YAP Sədrinin müavini, 2021-ci il mart ayının 5-də baş tutmuş VII qurultayında isə YAP Sədrinin birinci müavini təyin olunması partiyamız və bütövlükdə cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, Yeni Azərbaycan Partiyasının və dövlətimizin daha da güclənməsinə xidmət edən mötəbər hadisədir.
Müstəqilliyini hər ötən gün möhkəmləndirən Azərbaycan Respublikasının çağdaş tarixində Prezident cənab İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır. İyirmi iki illik möhtəşəm dövrün zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış şanlı Zəfər xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk olunub. Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımız 44 gün ərzində azad edildi. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. Bundan iki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi. Şanlı Vətən müharibəsi Prezident cənab İlham Əliyevin daha bir liderlik keyfiyyətini - sərkərdəlik məharətini bir daha üzə çıxardı. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə dövlətimizin başçısı xarici mediaya otuzadək müsahibə verdi ki, bu da münaqişə və Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı. Rəşadətli Ordumuzun 2023-cü il sentyabrın 19-da Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirməklə hərb tariximizə daha bir parlaq səhifə kimi yazıldı, qarşıya qoyulan hədəflərə 24 saatdan da az müddətdə nail olundu. Beləliklə, bütün ölkə ərazisində suveren, konstitusyon hüquqlarımız tam və qəti şəkildə bərqərar oldu.
Qurucu liderimiz Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın reallaşması üçün yüksək qətiyyət və əzmkarlıq göstərir. Görülən bütün işlər Azərbaycan xalqının daha xoş güzəranını qurmaq, sabahını daha firavan etmək məqsədi daşıyır. İşğaldan azad olunmuş ərazilərə həyat yenidən qayıdır: infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar Böyük Qayıdışın geniş perspektivindən xəbər verir.
Ötən 22 ilə nəzər salsaq, görərik ki, dövlətimizin başçısı xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycan ötən 22 ildə bir çox nəhəng transmilli layihələrə imza atıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP, Cənub Qaz Dəhlizi, Bakı Beynəlxalq Dəhiz Ticarət Limanı Kompleksi, Ələt Azad Ticarət Zonası və bunun kimi digər layihələr ölkəmizə həm iqtisadi, həm də siyasi dividendlər qazandırmaqdadır. Prezidentimizin gələcəyə hesablanmış müdrik siyasəti, təbii ki, ilk növbədə, Azərbaycan dövlətinin iqtisadi-siyasi sistemini daha da möhkəmləndirdi. Biz Vətən müharibəsinin gedişində bunun əyani surətdə şahidi olduq. Prezident İlham Əliyev Cənubi Qafqaz regionunun inkişaf meyillərini görən və istiqamətləndirən strateqdir.
Bu gün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan qonşu ölkələrlə müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud münasibətlərini daha da möhkəmləndirir. Bu illər ərzində beynəlxalq qurumlarla da səmərəli əməkdaşlıq əlaqələri qurması ölkəmizin qlobal imicinin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin dünya miqyasındakı nüfuzunun göstəricisidir. Ötən ilin dekabrında dünya ölkələri ən böyük beynəlxalq konfransın (COP29) Bakıda keçirilməsi haqqında yekdil qərar qəbul etdilər. Bu, Azərbaycana və onun liderinə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmətin və rəğbətin ifadəsi olmaqla, eyni zamanda, ölkəmizin yaşıl enerjiyə keçidinə və dünya iqtisadiyyatına verilən böyük töfhəyə göstərilən mühüm diqqətdir.
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü, qətiyyətli mövqeyi və siyasi iradəsi nəticəsində formalaşan sülh gündəliyi cari ilin 8 avqust tarixində ən yüksək siyasi tribunadan bütün dünyaya təqdim olundu. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin ABŞ Prezidentinin iştirakı ilə paraflanması regionda davamlı və dayanıqlı sülhün təmin olunması istiqamətində olduqca mühüm hadisədir. Azərbaycanın təşəbbüsü ilə Sazişin paraflanması ölkəmizin sülhpərvər mövqeyinin növbəti təzahürüdür. Bundan əlavə Tramp rifah və sülh marşrutunun regiona, dünyaya yeni əməkdaşlıq imkanları verəcək. Bu baxımdan Tramp rifah və sülh marşrutu regiona olan beynəlxalq marağı daha da artıracaq, həmçinin yeni investisiyaların cəlb olunmasına mühüm şərait yaradacaq. Azərbaycan Prezidentinin ABŞ-a tarixi səfəri ikitərəfli münasibətlər baxımından da olduqca böyük əhəmiyyətə malikdir. Səfər çərçivəsində Azərbaycan və ABŞ Prezidentləri “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzaladılar. İki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsini təmin edəcək bu sənəd bir sıra məqamları özündə ehtiva edir Eyni zamanda, bu sənəd dünyanın ən qüdrətli ölkəsi olan ABŞ-ın Azərbaycanı qlobal miqyasda strateji əhəmiyyətə malik tərəfdaş kimi qəbul etdiyini nümayiş etdirir.
Ulu Öndərin siyasətini uğurla gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti ilə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu irsi ləyaqətlə yaşadır. Qafqazın ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu dünyanın ən nüfuzlu təşkilatlarında biridir. Dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi xoşməramlı missiyaların, müxtəlif layihələrin hamısı Ulu Öndərin təbliğatının tanıdılmasına yönəlib. Bu gün isə fondun fəaliyyətinin ən şanlı səhifəsi Qarabağ və Şərqi Zəngəzurun bərpa-quruculuq prosesində ön sırada olmasıdır.
Şübhə yoxdur ki, Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq qalaraq məqsədyönlü siyasət həyata keçirən, xalqın inam və etimadını doğruldan və ata vəsiyyətini şərəflə yerinə yetirən, sözünün imzası qədər dəyərli olduğunu hər zaman təsdiq edən qətiyyətli Lider – Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Azərbaycanı daha parlaq gələcəyə aparacaq, xalqımıza yeni zəfərlər və yeni uğurlar bəxş edəcəkdir.

Bəxtiyar Nəbiyev
YAP Yasamal rayon təşkilatının sədri
16:48 23.12.2025
Oxunuş sayı: 1868