Hər bir azərbaycanlının Prezidenti
Bu gün müasir Azərbaycan öz inkişafının ən şərəfli və qürurlu səhifələrini yaşayır. Azərbaycan xalqının müasir şərəf tarixi öz başlanğıcını ötən əsrin 60-cı illərinin sonlarında hakimiyyətə gələn və ölkəmizi tarixin sınaqlarından çıxararaq bugünkü nəsillərə ərmağan etmiş müdrik dövlət başçısı, dahi şəxsiyyət, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik illərindən götürür.
Ulu Öndərin Azərbaycan tarixində gələcək nəsillər üçün ən böyük xidməti, heç şübhəsiz ki, Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoymasıdır. Məhz dahi şəxsiyyətin uzaqgörənliyi, ölkənin gələcək inkişaf perspektivlərindən dolayı qayğıları onunla nəticələnib ki, Azərbaycan bu gün Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən, dünyanın siyasət aləmində öz dəst-xətti, xarizması, dövlətçilik ənənələrini dərindən bilən, dövləti idarəetmə sistemini kamil surətdə mənimsəmiş güclü dövlət başçısının, bu günlərdə doğum gününü bütün xalqı ilə qeyd edən möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə öz parlaq dövrünü yaşayır.
Mən Ona özüm qədər inanıram..
Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biri sürətli və müasir inkişaf yoluna qədəm qoymuş Azərbaycanı cəsarətlə idarə etməyə qadir olan layiqli davamçı hazırlamasıdır. Siyasi hakimiyyətdə olduğu bütün illərdə daim Vətənə, xalqa, torpağa sonsuz məhəbbət hissi, qurub-yaratmaq amalı ilə yaşamış Ümummilli Lider Azərbaycanın gələcəkdə daha qüdrətli dövlət olması üçün ölkəyə rəhbərliyə layiq ola biləcək namizədini də tövsiyə etmişdi. Ulu Öndər 2003-cü il prezident seçkilərindən öncə xalqa müraciətində bildirmişdi: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Müdrik dövlət başçısının bu çağırışı hazırda möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə öz inkişafının şanlı səhifəsini yaşayan müstəqil Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərdə öz əksini tapmaqdadır.
Müasir iqtisadi inkişaf modelinin banisi
Bu gün Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti və ideyaları Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyevin fəaliyyəti və gərgin əməyi nəticəsində yaşayır. Xalqın yekdil iradəsi ilə 2003-cü ildə keçirilən prezident seçkilərində qalib gələn İlham Əliyev hakimiyyətinin ilk günlərindən ölkəmizin yeni inkişaf konsepsiyasını hazırladı və uğurla həyata keçirməyə başladı. Onun prezidentliyi dövründə iqtisadiyyat, sənaye sürətlə inkişaf edib və ölkəyə sərmayə axını güclənib. Azərbaycan iqtisadiyyatına 22 milyard dollar sərmayə qoyulub ki, bunun da çox böyük hissəsini xarici investisiyalar təşkil edir. Ötən illər ərzində qəbul olunmuş regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları və onların uğurlu nəticələri müsbət tendensiyalarda göstərir. Son 22 ilin bəzi statistik göstəriciləri ölkəmizdə davamlı yüksəlişlə müşahidə edilən hərtərəfli inkişafın və əldə olunan böyük nailiyyətlərin miqyasını göstərir. Son 22 ildə Ümumi Daxili Məhsulun real həcmi 4 dəfədən çox artaraq 6,2 milyard dolardan 78,7 milyard dollara çatıb, dövlət büdcəsinin xərcləri 30 dəfə, sosial müdafiə xərcləri isə 20 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdır. Bu illər ərzində ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 310,4 milyard dollar təşkil edib, strateji valyuta ehtiyatları 1,4 milyard dollardan 66,1 milyard dollara yüksəlib. Uğurla icra olunan dövlət proqramları əsasında regionlara 104 milyard manat sərmayə yatırılıb. Ötən müddətdə 1,8 milyondan çox yeni iş yeri və 52 mindən artıq yeni müəssisə yaradılıb, 3600-dən çox məktəb, 450-dən çox uşaq bağçası, 760-a yaxın tibb müəssisəsi, 17 min kilometrdən çox avtomobil yolu, 500-dən çox körpü-tunel tikilib və ya təmir olunub, 43 Olimpiya İdman Kompleksi istifadəyə verilib.
Prezident İlham Əliyevin təşəbbüsü ilə məqsədyönlü və davamlı şəkildə həyata keçirilən iqtisadi islahatlar gələcəyə ümdlə baxmağa tam əminlik yaradır. Növbəti illərdə, artıq 2026-cı ildə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4 faiz artımı gözlənilir. Bu hədəfə nail olmaqda mühüm faktorlardan biri işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyasıdır ki, bu, iqtisadi artım üçün daha böyük əsas yaradır. Strategiyanın icrası nəticəsində ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4 faiz, qeyri-neft qaz ÜDM-nin isə illik orta hesabla 5 faiz artımı, habelə özəl sektorun iqtisadiyyatda payının 88 faizə çatdırılması, 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri-neft/qaz ixracının həcminin 85 faiz artırılması hədəflənir ki, bu da olduqca ciddi vəzifələrdir.
Son 22 ildə İlham Əliyevin apardığı düşünülmüş iqtisadi-maliyyə siyasəti sayəsində Azərbaycanın dünyadakı nüfuzu artıb, dövlət başçımızın uğurlu fəaliyyət modeli dünyanın qabaqcıl ölkələri tərəfindən yüksək qiymətləndirilib. Ölkəmiz 2020-ci ildə nüfuzlu beynalxalq qurumların reytinqlərində iqtisadi göstəricilərinə görə ön sıralarda yer alıb. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qararlaşıb. Dünya Bankı tərəfindən Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilib. Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında da ölkəmiz bir sıra göstəricilər üzrə ən qabaqcıl yerlərdədir.
Beləliklə də ölkəmizin son 22 il ərzində keçdiyi tarixi yola nəzər salsaq, Azərbaycan iqtisadiyyatının davamllı və dinamik inkişaf etdiyini görərik. Bütün bunlar isə Prezident İlham Əliyevin təşəbbüsləri əsasında hazırlanmış iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulduğunu deməyə əsas verir.
Əhalinin sağlamlığı və dünyanı dəyişən təşəbbüslər
Prezident İlham Əliyevin praqmatik və çevik siyasəti, proseslərə sistemli və ardıcıl yanaşması, inqilabi səciyyə daşıyan islahatları ilə Azərbaycan iqtisadi baxımdan dövrün qlobal çağırışlarına çevik cavab verən qüdrətli dövlətə çevrilib. Bu illər ərzində regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, ölkəmizin milli maraqları nəzərə alınmaqla həyata keçirilib.
Təsadüfi deyil ki, koronavirus pandemiyasının təsirindən yaranmış dərin maliyyə böhranı bir sıra ölkələrin iqtisadiyyatının tənəzzülə uğraması və sosial gərginliyin artmasına yol açdığı halda ölkəmiz qlobal böhranın təsirindən maksimum qorunub, sosial-iqtisadi inkişaf, vətəndaşlarımızın rifah halının yüksəldilməsi tədbirləri ardıcıl davam edib. Bu dövrdə dövlət fondları və digər maliyyə resursları səfərbər edilərək ümumi maliyyə dəstəyi paketi 3.5 milyard manatdan artıq olub.
Dövlət başçısı İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atılıb, bu istiqamətdə ölkəmiz qlobal həmrəylik nümayiş etdirərək dünyada öz lider rolunu möhkəmləndirib. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il aprelin 10-da keçirilən Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü dövlət başçıları səviyyəsində koronaviris pandemiyasına həsr olunmuş ilk beynəlxalq tədbir kimi tarixə düşüb və ölkəmiz pandemiyaya qarşı görülmüş tədbirlərin miqyasına görə nümunəvi dövlət kimi qiymətləndirilib. Bundan əlavə, 2020-ci il mayın 4-da İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun “COVID-19-а qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib.
Beləliklə, Türk Şurasının fövqəladə zirvə görüşündən sonra qısa vaxt ərzində daha bir qlobal təşəbbüsü reallaşdıran Prezident İlham Əliyev bu dəfə 120 üzv dövləti birləşdirən Zirvə görüşündə koronavirus bəlasından çıxış yolunu göstərməklə yanaşı bu istiqamətdə reallaşdırdığı proqramların effektiv nəticələrini də bölüşüb. Beləliklə də, dünyanı cənginə almış COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan ən ciddi tədbirlər almış ölkələr sırasında yer alıb. Koronavirusun ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi və şəxsi nəzarəti altında səmərəli tədbirlər həyata keçirildi. Azərbaycanda yeni modul tipli 10-a yaxın xəstəxana açılıb ki, bu da koronavirusla mübarizədə mövcud imkanları daha da gücləndirib. Prezidentin təşəbbüsü ilə təsis edilmiş Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrin köçürülməsi və işçilərin ixtisar olunmaması ilə bağlı çağırışlara xalqımız yüksək həmrəylik nümayiş etdirib.
Onu da xüsusi qeyd etmək vacibdir ki, Prezident İlham Əliyevin koronavirusla bağlı mübarizə tədbirləri, bu problemin həlli istiqamətində atdığı məqsədyönlü addımlar yalnız olkəmizi deyil, bütün dünyanı əhatə edib.
2020-ci il iyul ayının 10-da məhz cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən BMT Baş Assambleyasının xüsusi sessiyasında koronavirusla mübarizə tədbirləri, bu problemin həlli yolları dünya dövlətləri tərəfindən geniş şəkildə müzakirə edilib, koronavirusla mübarizənin daha effektiv, samərəli hədəfləri müəyyən edilib. Bu təqdirəlayiq təşəbbüsün məhz Azərbaycan Prezidenti tərəfindən irəli sürülməsi qlobal pandemiyaya qarşı bütün dünyanın apardığı mübarizəyə, bəşəri həmrəyliyə dövlətimizin böyük töhfəsi oldu.
Bu humanist və mütərəqqi təklifin irəli sürülməsi bir daha sübut etdi ki, Prezident İlham Əliyev yalnız öz ölkəsi və region üçün deyil, bütün dünyanın taleyi üçün narahat olan, bütövlükdə bəşəriyyətin gələcəyini düşünən və hər bir insanın xoşbəxtliyini arzulayan dünya miqyaslı bir liderdir. Dövlət başçısının irəli sürdüyü təşəbbüslər sübut edir ki, Azərbaycan yalnız özünün deyil, həm də dünya əhalisinin sağlamlığı ilə bağlı təhlükəsizliyin təmin olunmasına çalışır. Ölkəmiz həmişə beynəlxalq əməkdaşlığın möhkəmlənməsində, mədəniyyətlərarası dialoqun, qlobal xarakterli tədbirlərin keçirilməsində fəallıq göstərib, pandemiya ilə mübarizədə də beynəlxalq həmrəyliyin təmin olunmasında öncül təşəbbüslərlə çıxış edib.
Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan dövlət başçısının danılmaz xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimı tanınır. COP29 kimi mühüm tədbirin keçirilməsinə ev sahibliyi hüququnun Azərbaycana verilməsi də ölkəmizə və onun Liderinə beynəlxalq səviyyədə inamın artmasının bariz ifadəsi kimi qiymətləndirilir.
Təhsilimizin hamisi
Prezident İlham Əliyevin ölkənin təhsil sistemində köklü islahatların aparılmasını zəruri edən təşəbbüsləri son illərdə öz müsbət bəhrəsini verib, Azərbaycan təhsilinin rəqabətqabiliyyətliliyini gücləndirib. Bu dövrdə təhsil Prezident İlham Əliyevin siyasətində strateji istiqamət olub.
Azərbaycanın 2005-ci ildə Bolonya prosesinə qoşulması ölkədə ali təhsil islahatlarının yeni mərhələsinə start verib. 2009-cu ildə qəbul edilmiş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” ölkə ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyasına imkan verib. Bu mərhələdə atılan mühüm strateji addımlardan biri də Prezident İlham Əliyevin irəli sürdüyü neft kapitalının insan kapitalına çevrilməsi konsepsiyası çərçivəsində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olub. Proqram çərçivəsində 2007-2015-ci illərdə 5000 nəfərə yaxın azərbaycanlı gənc xaricdə ali təhsil alıb. Bu gənclərin böyük əksəriyyəti artıq təhsilini başa vuraraq Vətənə dönmüş və ölkəmizin gələcək inkişafına, xüsusilə də ali təhsilin inkişafına öz töhfələrini verməyə başlamışdır. Yeni çağırışlar ölkədə təhsilin inkişafı üzrə vahid dövlət strategiyasının formalaşdırılmasını zəruri edib. Bu məqsədlə 24 oktyabr 2013-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhsil sahəsində vahid dövlət siyasətini özündə əks etdirir. İnformasiya texnologiyalarının inkişafı və qloballaşma ilə birlikdə, ali təhsildə beynəlmiləlləşmə əhəmiyyətli bir inkişaf strategiyasına çevrilib. Bu baxımdan Prezidentin qəbul etdiyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” və “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” sərəncam ölkədə ali təhsilin və kadr hazırlığının inkişafında yeni yanaşmaları və imkanları ortaya qoyur. Bu sahədə fəaliyyətin ana xəttində Prezident İlham Əliyevin çox müdrikliklə irəli sürdüyü “İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, o uğurların təməlində intellektual potensial, texnoloji tərəqqi, elmin inkişafı və təhsil səviyyəsi dayanır. Gələcəkdə bu amillər daha da böyük rol oynayacaq” konsepsiyası durur.
Beləliklə də, uzaqgörən siyasi lider Azərbaycanın ali təhsil üfüqlərinin genişlənməsi üzrə bir sıra əhəmiyyətli təşəbbüslər irəli sürərək ölkədə insan kapitalının formalaşdırılmasını ciddi vəzifə kimi qarşıya qoyub və bu sahədə əsaslı dəyişikliklərin baş verməsini təmin edib.
Müzəffər Ali Baş Komandan
İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin sürətli və dinamik inkişafı və güclənməsi istiqamətində gördüyü işlərin ən böyük nəticəsi,heç şübhəsiz ki, Qarabağın düşmən tapdağından azad edilməsi və bu torpaqlarda yenidənqurma və bərpa işlərinə sürətlə start verilməsidir. Qarabağ Zəfəri, ilk növbədə, Azərbaycanın iqtisadi inkişaf, dövlət və ordu quruculuğu sahəsində illərdir apardığı siyasətin uğurunu ortaya qoyub. Azərbaycan 2020-ci il tarixinə nadir uğurlu ölkə kimi daxil olaraq, dünyadakı yaxşı imicini ciddi şəkildə yüksəltmiş və öz gücünü bütün dünyaya sübut edib.
Ali Baş Komandanın 2020-ci il 27 sentyabr tarixli əmri ilə başlanan Vətən müharibəsi Azərbaycan xalqının milli iradəsinin, birliyinin və hərbi gücünün təntənəsi kimi tarixə düşüb. 44 gün ərzində Azərbaycan Ordusu diplomatik müstəvidə illərlə həllini tapmayan münaqişəni hərbi-siyasi yolla qəti şəkildə sona çatdıraraq düşmən üzərində tarixi Qələbə qazanıb.
Heydər Əliyev dövlətçilik məktəbinin layiqli davamçısı, qətiyyətli iradəsi və siyasi uzaqgörənliyi sayəsində Prezident İlham Əliyev Ali Baş Komandan kimi bu tarixi missiyasını da mükəmməl yerinə yetirərək Böyük Zəfəri təmin edib.
Son illərdə ölkənin hərbi potensialını möhkəmləndirməklə, müdafiə sənayesini zamanında qurmaqla, neft gəlirlərini həm də ölkənin hərbi gücünün daha da artırılmasına yönəltməklə, müasir ordu sistemi yaratmaqla, xaricdən modern hərbi silahlar almaqla Azərbaycan son yüz ildə regionda təcavüzkar siyasətin başlıca ünvanı olan Ermənistanı diz çökdürdü, ərazi bütövlüyümüz bərpa olundu. Elə həmin il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradındakı çıxışında İlham Əliyev bildirirdi: “Mən Ali Baş Komandan kimi əmr verdim ki, Azərbaycan əsgəri irəli, torpağımızı azad etməliyik, işğala son qoymalıyıq, işğalçını cəzalandırmalıyıq və belə də oldu. Azərbaycan 44 gün ərzində istədiyinə nail oldu, ədaləti bərpa etdi”.
Müzəffər Ordumuzun qəhrəmanlığı və şəhidlərimizin fədakarlığı sayəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Şuşa və digər yaşayış məntəqələri işğaldan azad edildi, daha sonra Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz qaytarıldı. Müharibənin zirvə nöqtəsi 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi olmuş, bu hadisə düşmənin kapitulyasiyasını və Qələbənin qəti xarakter almasını təmin etdi. 10 noyabr tarixli üçtərəfli Bəyanatla münaqişənin hərbi mərhələsi başa çatdı.
Beləliklə, hər şey “Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək” - söyləyən Ulu Öndər Heydər Əliyevin dediyi kimi oldu. Prezident İlham Əliyev Azərbaycanın ən yeni tarixinə öz imzasını qoydu və layiqli siyasi varis olduğunu sübut edərək ata vəsiyyətini yerinə yetirdi.
2023-cü il 19-20 sentyabr tarixlərində keçirilən lokal antiterror tədbirləri nəticəsində Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələri tərk-silah edildi, qondarma rejim ləğv olundu, Azərbaycan bütün ərazilərində suverenliyini tam bərpa etdi. 15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyevin Xankəndidə Dövlət Bayrağını ucaltması bu prosesin məntiqi yekunu oldu. Müzəffər Ali Baş Komandan müdrikliyi, qətiyyətli iradəsi ilə mümkünsüz görünəni reallığa çevirməklə xalqımızın ən böyük arzu və istəyini həyata keçirdi.
İkinci Qarabağ müharibəsində şanlı Zəfər bütün dünyada ədalətin təntənəsi oldu. 44 gün ərzində Müzəffər Ordumuzun son 30 ildə əzəli torpaqlarımızda qanunsuz məskunalşan düşməni məhv etməsi dünyanın siyasi, hərbi dairələrində geniş əks-səda yaratdı. Bu barədə Prezident İlham Əliyev sonralar deyirdi: “İkinci Qarabağ müharibəsindən keçən bu iki ildən bir qədər çox vaxt ərzində mənim xarici həmkarlarımla çoxlu görüşlərim olub və deyə bilərəm ki, onların mütləq əksəriyyəti soruşurdu, bu necə oldu, siz bu Qələbəyə necə nail oldunuz? Mən də deyirdim ki, bunu izah etmək üçün gərək siz bizim həyatımızı yaşayasınız, bu otuz ili yaşayasınız. Mən bunu necə təsvir edə bilərəm? İnam, birlik, ədalətə inam, gücünə inam! Ona görə, bu tarixi Zəfəri qazanmış xalq kimi biz dünya miqyasında doğrudan da tamamilə yeni bir vəziyyət yaratdıq. İnamını itirmiş xalqlar da bu gün inanırlar, bizə oxşamaq istəyirlər, bizim kimi hərəkət etmək istəyirlər, bizimlə məsləhətləşirlər”.
Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, əhalinin doğma yurdlarına qayıdışı Böyük Zəfərin praktik nəticələridir. Eyni zamanda Zəngəzur dəhlizi və Qərbi Azərbaycana qayıdış məsələsi milli gündəliyin mühüm istiqamətinə çevrilib. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu qayıdış sülh və hüquq çərçivəsində həyata keçiriləcəkdir.
Vətən müharibəsindəki Zəfərimiz bölgədə yeni reallıqlar yaratdı. Dünyanın bir çox dövlətləri və güc mərkəzləri bu reallıqları qəbul edir, onunla hesablaşır. Böyük Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərimizdə geniş quruculuq işlərinə başlandı, yaşayış kompleksləri də tikilib istifadəyə verildi, yeni kəndlərin, məktəblərin təməli qoyuldu, yeni təhsil müəssisələri müəllim və şagirdlərin istifadəsinə verildi, yüzlərlə ailə doğma yurda qayıtdı.
İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirib, milli birliyi və özünüdərki möhkəmləndirib. Bu Qələbə milli oyanış, milli dirçəliş və milli ruhun təcəssümü olaraq Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılıb. Böyük Zəfər gələcək strateji hədəflərin müəyyənləşdirilməsi və milli idealların reallaşdırılması üçün möhkəm əsas yaradıb.
Vətən torpaqlarını 30 illik əsarətdən azad etməklə Prezident İlham Əliyev bütün dünya azərbaycanlılarının Lideri olduğunu onların ən böyük arzusunu həyata keçirməklə təsdiq edib. Eyni zamanda, Prezident İlham Əliyev adını türk dünyası tarixinə Qarabağ həsrətinə son qoyan şəxsiyyət kimi yazdırıb. Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzinə çevrilən Lider kimi sevir, dəstəkləyir. Hər kəs Prezident İlham Əliyevi xilaskar Lider və Azərbaycan tarixinin ən qüdrətli sərkərdəsi olaraq qəbul edir. Beləliklə də İlham Əliyevin praqmatik və gələcəyə hesablanmış məqsədyönlü fəaliyyəti regionda sülh və qarşılıqlı etimadın yeni bir mərhələsinin əsasını qoyub.
Humanizm dövlət siyasəti kimi
Prezident İlham Əliyevin dövlətçilik fəlsəfəsində humanizm prinsipləri əhəmiyyətli istiqamətlərdən biri olmaqla cəmiyyətimizdə insansevərlik hisslərinin dərinləşməsinə güclü təsir göstərib. Dövlət başçısı tərəfindən imzalanmış amnistiya aktları və əfv fərmanları xalqımız tərəfindən dərin razılıq və böyük sevinclə qarşılanıb. Dahi şəxsiyyət Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu uzaqgörən siyasətin varisliyini bütün sahələrdə layiqincə davam etdirən Prezident İlham Əliyev əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında fəaliyyət göstərməsini daim diqqət mərkəzində saxlayıb. Bu sahədə görülən işlər kimliyindan asılı olmayaraq hər kəsə inamla və hörmətlə yanaşmanı, insansevərlik ideyalarının cəmiyyətdə geniş yayılmasını şərtləndirib.
Prezident İlham Əliyev tərəfindən 2003-2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb, bu dövrdə 5 amnistiya aktı qəbul edilib. Ümumilikdə 71 əfv fərmanı və sərəncamla 10162 məhkum əfv olunub. Bu sərəncamlar 7060 nəfərə şamil olunub. Son 22 ildə Prezidentin imzaladığı çoxsaylı əfv fərmanı və sərəncamları, böyük ürəkli insanın təşəbbüsü ilə qəbul olunmuş çoxsaylı amnistiya aktları on minlərlə insana və ailələrə sevinc bəxş edib.
Dövlət başçısının təşəbbüsü ilə 2021-ci ildə düşmən üzərində Böyük Qələbəmizə həsr olunmuş 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Akti dövlətimizin humanist siyasətinin bariz təzahürüdür. Amnistiya aktının preambulasında da qeyd olundugu kimi, Vətən müharibəsindəki Qələbə Azərbaycan xalqının özünə inamını, güvənini daha da artırıb. Azərbaycan dövlətçiliyini daha da gücləndirib. Belə bir mərhələdə amnistiyanın elan olunması hələ Ulu Öndər Heydər Əliyevdən başlayaraq ölkəmizdə həyata keçirilən humanizm siyasətinin uğurla davam etdiyinin göstəricisidir. Vətən müharibəsində qazandığımız tarixi Qələbənin – Zəfər Gününün birinci ildönümü ərəfəsində bu Qələbənin memarı olan Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın qəbul olunması xalqımızın qələbə sevincinə əlavə fərəh qatıb.
Bundan əlavə, ölkə başçısının daha bir humanist qərarı, “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti amnistiya aktına imza atması da dövlətimizin insan hüquqlarına hörmət, humanizm və qanunun aliliyi prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir. Ölkəmizdə humanizm siyasətinin davamı olan və Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə Milli Məclisə təqdim etdiyi amnistiya layihəsi əhatə dairəsinə görə Azərbaycanın müstəqillik dövrünün, son 22 ilin ən genişmiqyaslı amnistiya sənədidir.
Bütün bunlar onun göstərir ki, dərin dəyərlərə əsaslanan humanizm ölkə başçısı tərəfindən ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir.
Prezident İlham Əliyevin amnistiya təşəbbüsü güclü və ədalətli dövlətin insanpərvər siyasətinin növbəti təzahürüdür. Bu addım göstərir ki, Azərbaycan dövləti hüquqa söykənən, suverenliyini qoruyan və eyni zamanda vətəndaşına dəyər verən bir dövlətdir.
Hər bir azərbaycanlının Prezidenti
Beləliklə də, son 22 il Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Güclü xalq, güclü dövlət, güclü lider vəhdəti son 22 ildə müasir müstəqil Azərbaycanın devizinə çevrilib. Bu illər ərzində Azərbaycan gündən-günə güclənib, dünya arenasında layiqli yer tutub. Bütün bu nailiyyətlərin əsasında isə Güclü Lider amili dayanır.
Böyük uğurların əldə olunmasında liderlərin rolu müstəsna və həlledicidir. Liderlik bacarığı elə siyasətçilərə məxsusdur ki, onlar xalqının, dövlətinin milli maraqlarını qorumaqla yanaşı, həm də öz ölkəsini davamlı şəkildə inkişaf etdirir, yorulmadan irəliyə doğru apara bilir. Azərbaycan xalqı çox xoşbəxtdir ki, Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, müəyyən etdiyi prioritetlər, dövlətçiliyimizin hərtərəfli inkişaf konsepsiyası onun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün bunların sayəsində illərdir ki, ölkəmiz sabitlik, inkişaf və çiçəklənmə dövrünü yaşayır.
2003-cü ildə ilk dəfə Prezident seçilərkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” – söyləyən İlham Əliyev həyata keçirdiyi nəhəng işlərlə sübut edib ki, birmənalı olaraq hər bir azərbaycanlının Prezidentidir.
Milli birliyimizin, həmrəyliyimizin daha da möhkəmlənməsinin əsasını qoyan Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan misilsiz inkişaf yolu keçib. Onun müdrik rəhbərliyi ilə görülən işlər ölkəmizin gələcəyinin daha da parlaq olacağını tam əminliklə deməyə əsas verir.
Bu gün müasir Azərbaycan Ulu Öndərin əsasını qoyduğu təməl üzərində inamla irəliləməkdədir. Hər bir uğurumuz, nailiyyətlərimiz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın dünəni, bu günü və gələcəyi kimi dəyərləndirilən Heydər Əliyev ideyaları cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizə qarşıdakı illər üçün daha möhtəşəm uğurlar vəd edir.
Cənab Prezident cəmiyyətə, sadə vətəndaşa yaxın bir insandır. Onun tez-tez regionlara səfər etməsi, sadə insanlarla görüşməsi cəmiyyətimizdə yüksək maraq və diqqət doğurur. Prezidentin öz ad günündə azadlığına qovuşan yurd yerlərinə səfərlər etməsi, doğma insanlarla ünsiyyətdə olması, geniş vüsətlə davam edən bərpa-quruculuq işlərinin gedişi ilə yerindəcə tanış olması xalqımız tərəfindən dərin hörmət və ehtiramla qarşılanır. Bütün bunlar dövlət rəhbərinə xalqın böyük rəğbətini, inamını qazandırıb.
Birmənalı olaraq qeyd edək ki, “Konstitusiya və Suverenlik İli”ndə Azərbaycanın beynəlxalq müstəvidə öz sözünü inamla deməsi, ölkəmizin dünya birliyi tərəfindən sülhsevər və güclü bir dövlət kimi qəbul olunması məhz müdrik siyasətçi İlham Əliyevin siyasi iradəsi sayəsində mümkün olub.

Aytən Qurbanova
YAP Yasamal rayon "H.B.Zərdabi pr.61" (19 saylı Şəhər Poliklinikası) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, 19 saylı Şəhər Poliklinikasının baş həkimi
11:53 23.12.2025
Oxunuş sayı: 4399