Şirməmməd Hüseynov medianın obyektivliyində və tarixində mühüm iz qoyub - Professor
Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professor Şirməmməd Hüseynov uzun illər Azərbaycan jurnalistikasının tarixi ilə müasir dövrü arasında elmi körpü rolunu oynayıb. Onun araşdırmaları sayəsində sovet ideologiyasının təsiri altında təhrif edilmiş və ya kənarda qalmış mətbuat nümunələri yenidən obyektiv şəkildə tədqiqata cəlb olunub. Bu irs bu gün jurnalistika tələbələri, gənc tədqiqatçılar və media mütəxəssisləri üçün mühüm mənbə hesab olunur. Alimin fəaliyyətində obyektivlik əsas prinsip kimi çıxış edir. Xüsusilə Üzeyir Hacıbəyli irsi ilə bağlı apardığı araşdırmalar bu yanaşmanın bariz nümunəsidir. Üzeyir Hacıbəylinin nəşrlərinə daxil edilməmiş publisistik yazıları Şirməmməd müəllim tərəfindən ayrıca iki cildlik kitab şəklində nəşr edilib və elmi ictimaiyyətə təqdim olunub. Şirməmməd müəllim pedaqoq kimi də tanınır. O, tələbələrinə yalnız bilik aşılayan, onlardan heç bir şəxsi gözlənti ummayan müəllim obrazı ilə seçilir. Həm elmi fəaliyyətində, həm də insani münasibətlərində obyektivlik və ədalət onun əsas meyarlarıdır. Bu gün onun doğum günü jurnalistika ictimaiyyəti üçün əlamətdar tarixlərdən biri kimi qeyd olunur.
Şirməmməd müəllimin doğum günü ilə əlaqədar BDU-nun jurnalistikada fakültəsinin kafedra müdiri, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, professor Qulu Məhərrəmli Crossmedia.az-a açıqlama verib. O bildirib ki, Şirməmməd müəllim iık növbədə Azərbaycan ictimai fikir tarixini araşdıran insanlardan biridir: ‘’Məhz onun tədqiqatlarından Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Ömər Faiq Nemənzadə kimi görkəmli tarixi şəxsiyyətlərin irsi araşdırılıb ortaya qoyulub. Şirməmməd müəllimin digər tədqiqatçılardan fərqi ondadır ki, o həm publisistikayla məşğul olub, həm də gəncliyində jurnalistikayla məşğul olub, qəzet redaktoru olub, müxbir olub. Yəni, bu, birbaşa jurnalistika fəaliyyətindən irəli gəlir. Ona görə də həyatı, dünya görüşü, biliyi, qavrayışı və tədqiqat üsulları həyat təcrübəsindən öyrənilib. İkinci isə 50-ci illərin ortalarında Moskva Dövlət Universitetinin aspiranturasında oxuyub və orada müdafiə eləyib. Ona görə də Şirməmməd müəllim Azərbaycan mətbuatının tarixini çox yaxşı bilirdi. Onun araşdırma metodları, yanaşması, tarixi şəxsiyyətlərə və tarixi proseslərə baxışı, xüsusilə də sonrakı dövrdə Azərbaycan cümhuriyyətinin tarixini araşdırması diqqətəlayiqdir. Xüsusən, parlamentin fəaliyyəti ilə bağlı ortaya çıxardığı üçcildlik əsərlər ciddi tarixi mənbə hesab olunur. Şirməmməd müəllim təxminən bir institutun işini görüb. Onun elədiyi transliterasiyalar, yazdığı məqalələr və kitablar çox dəyərli mənbələrdir. Digər tərəfdən, Şirməmməd müəllim şəxsiyyət etibarilə Azərbaycanda jurnalistika təhsilinin görkəmli təşkilatçılarından biridir. Uzun müddət Bakı Dövlət Universitetində jurnalistika fakültəsinin dekanı və Mətbuat tarixi kafedrasının müdiri olub. Öz şəxsiyyəti, davranışı və mənəviyyəti ilə sözün həqiqi mənasında böyük bir məktəbin bünövrəsini qoyub’’.

Professor qeyd edib ki, son dövrlərdə Şirməmməd müəllim xüsusən çox səmərəli çalışıb: ‘’Cümhuriyyət qurucusu və cümhuriyyətin banisi Məhənməd Əmin Rəsulzadənin əsərlərinin beş cildini, Üzeyir bəyin əsərlərinin iki cildini hazırlayıb. Bu Azərbaycanın mətbuat tarixinə, Azərbaycan ictimai fikrinə, Bakı tarixinə və nəşriyyat tarixinə dair hazırladığı kitablar çox qiymətli mənbələrdir. Şəxsiyyət etibarı ilə çox parlaq ijsan idi, hər birimiz üçün böyük ustad olub. Şirməmməd müəllim millətə təmənnasız xidmətin ən parlaq nümunələrindən biridir. Özü tədqiq elədiyi Məhəmməd Əmin Rəsulzadə və Üzeyir bəy kimi böyük şəxsiyyətlərin mənəvi varisi olub, ideyalarını sonrakı nəsillərə çatdırıb. Bugün biz onun məzarını ziyarət etdik və orada yazılmış qiymətli bir söz diqqəti çəkir: “Ata-babalarımız bizə cənnət kimi bir Azərbaycan qoyub bu dünyadan köçüblər. Ona görə də bizim əsas borcumuz odur ki, biz də bu vətəni gələcək nəsillərə sağlam və əmanət kimi qoyaq gedək.” Bunun üçün də böyük vətəndaş sözdə yox, əməldə də öz vətəndaşlıq borcumuzu yerinə yetirməliyik. Şirməmməd müəllim isə bunu sözün həqiqi mənasında əsl nümunəsini göstərdi. Allah rəhmət eləsin’’.
Sevinc Yarməmmədova
18:48 17.12.2025
Oxunuş sayı: 1023