Onun adı çəkiləndə ‘’ustadım’’ deyə müraciət edirdilər - Professor
Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun professoru Şirməmməd Hüseynovun çoxşaxəli fəaliyyəti Azərbaycan mətbuatının inkişafında əhəmiyyətli rol oynayıb. O, uzun illər jurnalistikanın tarixini araşdırıb, sovet dövründə təhrif olunmuş və ya kənarda qalmış mətbuat nümunələrini yenidən işıqlandırıb. Onun tədqiqatları jurnalist peşəsinin formalaşmasına və medianın obyektiv informasiya mənbəyi kimi mövqeyinin güclənməsinə böyük təsir göstərib. Hüseynovun çalışmaları sayəsində həm gənc tədqiqatçılar, həm də tələbələr Azərbaycan jurnalistikasının klassik irsi ilə yaxından tanış olur, peşəkar medianın əsas prinsiplərini öyrənirlər. O, yalnız faktları təqdim etməklə kifayətlənməyib, həm də publisistlərin, jurnalistlərin əsərlərinin yenidən nəşr olunmasına rəhbərlik edib, tarixi mətbuat materiallarının itirilməməsinə dəstək olub. Onun jurnalistikaya yanaşmasının əsas prinsipləri obyektivlik, dəqiqlik və etik davranışdır. Ş.Hüseynov həm tələbələrinə, həm də həmkarlarına medianın ictimai məsuliyyətini anlamağa kömək edib, onların peşəkar yetişməsinə dəstək olub. Şirməmməd Hüseynov yalnız elmi araşdırmaları ilə deyil, jurnalistikanın inkişafına verdiyi praktiki töhfələrlə də ölkəmizdə media mühitinin formalaşmasında iz qoyub.
Şirməmməd müəllimin doğum günü münasibətilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli Crossmedia.az-a açıqlama verib. O bildirib ki, Şirməmməd müəllim təkcə onun, fakültənin müəllimlərinin yox, bütövlükdə Azərbaycanda jurnalistika ilə məşğul olan hər kəsin müəllimidir: ‘’Mən hiss edirəm ki, kim olur-olsun, hansı nəslə mənsub olursa-olsun, söz-soraq düşəndə jurnalistlərimiz Şirməmməd müəllimin adını çəkərkən ona sadəcə adı ilə yox, “ustadım” deyə müraciət edirdilər. Çünki Şirməmməd müəllim Azərbaycan jurnalistikasının tarixini və müasirliyini birləşdirən nadir şəxsiyyətlərdəndir. O, Azərbaycan jurnalistikasının tarixini o qədər maraqlı, dərin və obyektiv şəkildə tədqiq edib ki, bu günün gəncləri, müasir tədqiqatçıları onun araşdırmalarından ciddi şəkildə bəhrələnirlər. Sovet dövründə ideoloji çərçivələr və qeyri-obyektiv yanaşmalar əsasında tədqiq olunmuş mətbuat orqanlarını Şirməmməd müəllim yenidən elmi dövriyyəyə yeni baxışla, yeni və obyektiv münasibətlə qaytardı’’.

C. Məmmədli vurğulayıb ki, Üzeyir Hacıbəyov kimi dahi bir şəxsiyyətin, həm də dahi jurnalistin əsərlərinin böyük bir hissəsi Sovet dövründə çap olunmasına baxmayaraq, onun külliyyatına daxil edilməmişdi: ‘’Şirməmməd müəllim bu boşluğu dolduraraq, Üzeyir Hacıbəyovun əsərlərinə daxil edilməmiş yazılarını ayrıca iki cildlik kitab halında nəşr etdirdi. Həmin əsərlərdə Üzeyir bəyin necə millətini sevən, vətəninə bağlı və eyni zamanda nə qədər güclü və maraqlı publisist olduğu açıq şəkildə görünür. Bu yazıları oxuyandan sonra bunu daha aydın hiss edirsən. Lakin sovet ideologiyası belə əsərlərin çapına imkan vermirdi. Şirməmməd müəllim isə bu məsələlərə hər zaman dürüst və obyektiv yanaşıb. Şirməmməd müəllimin 3 məktəbi var idi:
Birinci məktəb - təmizlik məktəbu. O, müəllim kimi tələbəsindən heç vaxt heç nə ummur, yalnız bilik verir.
İkinci məktəb - obyektiv tədqiqatçılıqdır.
Üçüncü məktəb - tələbələrinə, həmkarlarına və ümumiyyətlə ətrafındakı bütün insanlara qarşı obyektiv və ədalətli münasibətdir’’.
Sevinc Yarməmmədova
16:25 17.12.2025
Oxunuş sayı: 1865