Dehlidə havanın çirklənməsi həyati təhlükə yaradır
Hindistanın paytaxtı Dehlidə havanın çirklənməsi kritik həddə çatıb və bu vəziyyət əhalinin sağlamlığı üçün ciddi risk yaradır. Rəsmi qurumların məlumatına görə, zərərli hissəciklərin normadan dəfələrlə artıq olması səbəbindən fövqəladə tədbirlər görülüb.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Mövcud vəziyyətlə əlaqədar bütün məktəblərdə tədris prosesi müvəqqəti olaraq distant formata keçirilib, bir sıra dövlət və özəl müəssisələrdə isə ofis işçilərinə evdən işləmək tövsiyə olunub. Hakimiyyət orqanları xüsusilə uşaqların, yaşlıların və xroniki xəstəlikləri olan şəxslərin evdən çıxmamasını məsləhət görür.
Təxminən 30 milyon əhalisi olan Dehlidə sakinlərə pəncərələri açmamaq, açıq havada uzun müddət qalmamaq və zəruri hallarda qoruyucu maskalardan istifadə etmək çağırışı edilib. Mütəxəssislər bildirir ki, havanın bu səviyyədə çirklənməsi tənəffüs və ürək-damar xəstəliklərinin kəskinləşməsinə, eləcə də ümumi sağlamlıq problemlərinə səbəb ola bilər.
Dehlidə hava çirklənməsi problemi xüsusilə payız-qış aylarında daha da kəskinləşir və bu, əsasən sənaye tullantıları, nəqliyyat vasitələri və ətraf bölgələrdə kənd təsərrüfatı sahələrinin yandırılması ilə əlaqələndirilir.
Mehriban İbrahimli
10:55 17.12.2025
Oxunuş sayı: 1107