Finlandiyadakı azərbaycanlılar Həmrəylik Günü və Yeni ili qeyd ediblər
Finlandiyada yaşayan soydaşlarımız həmin ölkənin müstəqillik gününü, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni ilin gəlişini qeyd ediblər.
Crossmedia.az bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova müstəqillik günü münasibətilə Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubba təbrik məktubu ünvanlayıb. Məktubda iki ölkə arasında dostluğun, qarşılıqlı anlaşmanın və mədəni əməkdaşlığın gələcəkdə daha da güclənəcəyinə inam ifadə olunub. Finlandiya hökumətinə və xalqına sülh, təhlükəsizlik və davamlı rifah arzulanıb.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə isə Helsinki Azərbaycan Evində bayram tədbiri təşkil olunub.
Birlik və həmrəylik ideyalarının təbliği, milli-mənəvi dəyərlərin uşaqlara və gənc nəslə aşılanması məqsədi daşıyan tədbir maraqla qarşılanıb.
Evin rəhbəri Ülviyyə Cabbarova çıxışında Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən bəhs edib. Bu əlamətdar günün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları vahid məqsəd və dəyərlər ətrafında birləşdirən mühüm bir tarix olduğunu bildirib. Belə tədbirlərin Vətəndən uzaqda yaşayan soydaşlarımızın milli kimliyinin qorunub saxlanılmasında və formalaşmasındakı xüsusi rolunu vurğulayıb.
Tədbirdə uşaqların ifasında mahnılar səsləndirilib, şeirlər söylənilib, müxtəlif bədii çıxışlar nümayiş etdirilib. Şaxta babanın gəlişi onlara xüsusi sevinc bəxş edib. Sonda azyaşlı soydaşlarımıza hədiyyələr təqdim olunub.
17:10 16.12.2025
Oxunuş sayı: 773