AEBA İranda inspeksiyaları qismən bərpa edib
Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) İranda inspeksiya fəaliyyətini yenidən başlayıb, lakin yoxlamalar yalnız ABŞ-nin zərbələrinə məruz qalmayan obyektləri əhatə edir.
Crossmedia.az Rusiya KİV-inə istinaədn xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Rafael Qrossi deyib.
Onun sözlərinə görə, iyun ayında İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra inspeksiyaların bərpası hazırda AEBA qarşısında duran ən vacib məsələdir: "Agentliyin mütəxəssisləri yalnız razılaşdırılmış siyahıya daxil olan və zərbələrə məruz qalmayan obyektlərə buraxılıb. Bu, müsbət haldır. Çünki həmin obyektlər inspeksiyaya cəlb olunmalı obyektlər siyahısına daxildir. Lakin Nətənz, İsfahan və Fordo obyektləri daha böyük əhəmiyyət kəsb edir. Orada hələ də əhəmiyyətli həcmdə nüvə materialları və avadanlıq mövcuddur və biz mütləq həmin obyektlərə qayıtmalıyıq”, – baş direktor əlavə edib.
Xatırladaq ki, daha əvvəl İran prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə obyektlərini bərpa etməyi və onları daha da gücləndirməyi planlaşdırdıqlarını açıqlamışdı. ABŞ prezidenti Donald Tramp isə Tehranın Vaşinqtonla razılaşmaya getməyəcəyi təqdirdə İranın raket proqramını məhv etməklə hədələyib.
Mehriban İbrahimli
13:57 15.12.2025
Oxunuş sayı: 1248