Ermənistan Müdafiə Nazirliyi: Azərbaycanla sərhəddə vəziyyət sabitdir
Ermənistan–Azərbaycan sərhədində hazırda vəziyyət sabitdir. Lakin Yeni il bayramları ilə əlaqədar Ermənistan Silahlı Qüvvələri gücləndirilmiş növbətçilik rejiminə keçəcək. Bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan erməni jurnalistlərə açıqlamasında bildirib.
Crossmedia.az xəbər verir ki,nazirin sözlərinə görə, hazırda narahatlıq üçün ciddi əsas yoxdur. O qeyd edib ki, Silahlı Qüvvələrin üzləşdiyi əsas çətinliklər təhlükəsizliklə deyil, hava şəraiti ilə bağlıdır. Güclü külək və çovğun qış aylarında hərbi xidmətin təşkilini çətinləşdirir.
Suren Papikyan bildirib ki, dağlıq ərazilərdə yerləşən mövqelərə aparan yollar qış mövsümündə bağlanır. Onun sözlərinə görə, bəzi hərbi mövqelər dəniz səviyyəsindən 3500 metr yüksəklikdə yerləşir və oktyabr ayından etibarən həmin ərazilərdə qar müşahidə olunur.
Nazir əlavə edib ki, yaranan çətinliklərə baxmayaraq, yolların təmizlənməsi və hərbi mövqelərlə fasiləsiz rabitənin təmin edilməsi üçün zəruri tədbirlər görülür.
Nastya Qəniyeva
13:45 15.12.2025
Oxunuş sayı: 3766