Sərhəd qarşıdurması Kambocada humanitar böhrana səbəb olub
Bu ayın əvvəlində kəskinləşən Kamboca–Tailand sərhəd münaqişəsi ciddi insan tələfatı və humanitar böhranla nəticələnib. Kambocanın informasiya naziri Net Pheaktrayanın məlumatına görə, qarşıdurmalar nəticəsində 12 Kamboca vətəndaşı həlak olub, daha 74 nəfər yaralanıb.
Bu barədə Crossmedia.az Khmer Times qəzetinə istinadən xəbər verir.
Məlumata əsasən, döyüşlər sərhədyanı yaşayış məntəqələrini əhatə edib və mülki əhali təhlükə altında qalıb. Artan gərginlik səbəbindən on minlərlə insan evlərini tərk etməyə məcbur olub.
Nazirin bildirdiyinə görə, dekabrın 14-nə olan vəziyyətə əsasən, ümumilikdə 120 814 ailə, yəni 403 601 nəfər döyüş əməliyyatlarının getdiyi ərazilərdən köçərək qaçqın vəziyyətinə düşüb. Köçkünlər ölkənin daha təhlükəsiz bölgələrində müvəqqəti sığınacaqlara yerləşdirilib.
Hazırda Kamboca hakimiyyəti zərərçəkmiş əhaliyə humanitar yardımın göstərilməsi, tibbi xidmətin təşkili və müvəqqəti yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirir. Rəsmi qurumlar gərginliyin azaldılması üçün diplomatik səylərin davam etdiyini də vurğulayıblar.
Türkanə Məşədiyeva
14:12 15.12.2025
Oxunuş sayı: 1117