Trampın Avropanı sərt tənqid etməsi Brüsseldə ciddi narazılıq yaradıb
ABŞ prezidenti Donald Trampın Avropa İttifaqı (Aİ) ilə bağlı sərt tənqidləri Avropada şok effekti yaradıb, Avropa Komissiyası daxilində fikir ayrılıqlarını dərinləşdirib və Aİ ölkələrinin liderləri arasında ziddiyyətləri kəskinləşdirib.
Crossmedia.az bu barədə Financial Times (FT) nəşrinə istinadən xəbər verir.
Məlumata görə, Tramp ötən həftə Politico-ya müsahibəsində Avropanın bir çox ölkəsinin “fəlakətli miqrasiya siyasəti” səbəbindən tezliklə “yaşamaq qabiliyyətini itirəcəyini” bildirib. O, həmçinin Avropa dövlətlərinin “çürüdüyünü”, Ukrayna münaqişəsi ilə bağlı isə çox danışıb “heç nə etmədiklərini” iddia edib.
FT yazır ki, bir sıra rəsmi şəxslər Avropa Komissiyasının sədri Ursula fon der Lyayeni Trampın açıqlamalarına cavab verməməyə çağırıblar. Məqsəd gərginliyi artırmamaq və ABŞ-nin Ukrayna ilə bağlı nizamlanma prosesində iştirakını qorumaq olub. Bununla yanaşı, Aİ-də bəzi yüksək vəzifəli rəsmilər ABŞ prezidentinin tənqidlərinin cavabsız qalmasından narazılıq ediblər.
Nəşrin qeyd etdiyinə görə, Brüsselin zəif reaksiyası bir sıra Avropa liderlərini Avropa Komissiyasını kənara qoyaraq Trampla birbaşa dialoq qurmaq ideyasına sövq edib.
Mənbələr əlavə ediblər ki, Ukrayna ətrafındakı vəziyyət də Aİ-nin mövqeyinə təsir göstərir. Bildirilir ki, ötən həftə Ukrayna prezidenti Volodimir Zelenski və NATO-nun baş katibi Mark Rütte Ursula fon der Lyayendən Trampın tənqidlərinə cavab olaraq onu açıq şəkildə tənqid etməməsini xahiş ediblər.
Günel Verdiyeva
13:02 15.12.2025
Oxunuş sayı: 1290