Salvini: Rusiya ilə müharibə yox, dialoq lazımdır
İtaliya Baş nazirinin müavini və “Liqa” partiyasının lideri Matteo Salvini Rusiya ilə münaqişəyə qarşı çıxaraq dialoqa çağırıb.
Crossmedia.az "İzvestiya"-ya istinadən xəbər verir ki, Salvini “askanyus” agentliyinə açıqlamasında bildirib: “Biz Rusiya ilə müharibə aparmırıq. Uşaqlarımın Rusiyaya qarşı döyüşməsini istəmirəm. Bir ölkənin 6000 nüvə başlığı olduqda, ən yaxşı yol dialoqdur”.
Onun sözlərinə görə, bəzi Avropa liderləri, xüsusən Fransa və Almaniya rəhbərliyi, ölkələrindəki daxili problemlərdən diqqəti yayındırmaq üçün Ukraynada sülh nizamlanmasını boykot edirlər.
Xatırladaq ki, dekabrın 11-də NATO-nun baş katibi Mark Rutte Avropa ölkələrini Rusiyaya qarşı mübarizə aparmaq üçün müdafiə xərclərini və istehsalı artırmağa çağırıb. Kreml sözçüsü Dmitri Peskov isə Ruttenin bu bəyanatını tənqid edərək, bunu İkinci Dünya Müharibəsinin reallıqlarını unutmuş bir nəslin yanaşması adlandırıb.
Eyni zamanda, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın Aİ və NATO-ya qarşı aqressiv planlarının olmadığını və bunu yazılı şəkildə təsdiqləməyə hazır olduqlarını bildirib.
Türkan Kərimli
21:31 14.12.2025
Oxunuş sayı: 1534