Azərbaycan və Çinin milli teatrları əməkdaşlığa başlayır
Mədəniyyət Nazirliyinin yol xəritəsinə əsasən Akademik Milli Dram Teatrı Çin Xalq Respublikasının Milli Dram teatrları ilə əməkdaşlığa başlayır. Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov bu məqsədlə Çin Xalq Respublikasında səfərdədir.
Crossmedia.az xəbər verir ki,bu barədə Akademik Milli Dram Teatrından məlumat verib. Bildirilib ki, səfər çərçivəsində Çinin iki böyük vilayətinin - Qansu və Şandun vilayətlərinin Milli Dram teatrları və Şandun Böyük Milli Dram Teatrında görüş keçirilib, əməkdaşlıq haqqında müzakirələr aparılıb.
Qansu Milli Dram Teatrı və Akademik Milli Dram Teatrı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memoranduma əsasən, hər iki ölkənin milli dramaturgiyasına müraciət olunması, ustad dərslərinin keçirilməsi, yaradıcı kollektivlərin qastrollarının təşkili və digər müştərək layihələrin həyata keçirilməsi planlaşdırılır. Qansu Milli Dram Teatrının direktoru Ui Şoulin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə əməkdaşlıqda maraqlı olduğunu və bu təşəbbüsü yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.
İmzalanma mərasimində çıxış edən İlham Əsgərov Azərbaycanın Mədəniyyət Nazirliyinə və Çinin Mədəniyyət və Turizm Nazirliyinə teatr əlaqələrinin yaxınlaşmasında verdikləri böyük dəstəyə görə minnətdarlığını bildirib. O qeyd edib ki, əməkdaşlıq iki ölkə arasında olan mədəni münasibətlərin daha da inkişaf etdirilməsinə böyük töhfə verəcək: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz dünyanın bir sıra dövlətləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurub. Bu istiqamətdə Azərbaycan-Çin münasibətləri fəal şəkildə inkişaf etməkdədir. Son illərdə iki ölkə arasında mədəni diplomatiya sahəsində mühüm sənədlər imzalanıb. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında imzalanan sazişlər mədəniyyət, incəsənət, muzey işi və mədəni irsin qorunması sahəsində birgə layihələrin həyata keçirilməsinə şərait yaradıb. 2025–2029-cu illəri əhatə edən “Mədəni əməkdaşlıq haqqında Protokol”un Pekin şəhərində imzalanması bu istiqamətdə atılmış mühüm addımdır. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı adından Azərbaycan və Çin teatr sənətinin inkişafına, eləcə də xalqlarımız arasında mədəni inteqrasiyanın güclənməsinə xidmət edəcək, Çin teatrları ilə imzalanacaq memorandumlar çərçivəsində peşəkar yaradıcılıq əlaqələrinin qurulmasına hər zaman hazır olduğumuzu bildirirəm".
İlham Əsgərov əlavə edib ki, ikitərəfli əməkdaşlığın əsas məqsədlərindən biri də Çin teatrlarının müasir teatr avadanlıqları ilə tanışlıq, gələcəkdə onların Azərbaycanda sərgilənməsi və tətbiqi imkanlarını nəzərdən keçirməkdən ibarətdir: "Əminəm ki, Azərbaycan və Çin milli teatrları arasında qurulacaq bu əməkdaşlıq hər iki ölkənin teatr həyatına yeni nəfəs gətirəcək, xalqlarımız arasında mədəni əlaqələrin inkişafına layiqli töhfə verəcək".
Səfər çərçivəsində ,eyni zamanda, Şandun Böyük Teatrı və Şandun Milli Dram teatrlarında tamaşaların məşq prosesi izlənilib, əməkdaşlığın perspektivləri müzakirə olunub.




17:46 14.12.2025
Oxunuş sayı: 1744