Rusiya Qara dənizdə Türkiyəyə məxsus yük gəmisinə zərbə endirib
Rusiya ordusu Qara dənizdə Ukraynanın ərazi sularında Türkiyəyə məxsus, Misirə günəbaxan yağı daşıyan Tuvalu bayraqlı Viva yük gəmisinə “Geran” tipli pilotsuz uçuş aparatları ilə zərbə endirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, son iki gün ərzində Türkiyəyə məxsus gəmilərə endirilən ikinci zərbədir. Məlumata görə, gəmidə 11 Türkiyə vətəndaşı olub. Ukrayna hərbi rəsmiləri hücum nəticəsində heyət üzvlərinə zərər dəymədiyini bildiriblər.
Buna baxmayaraq, zərbədən sonra dəniz axtarış-xilasetmə xidməti həyəcan vəziyyətinə gətirilib, kapitanla əlaqə saxlanılıb. Viva yük gəmisi sürətini qoruyaraq Misirdəki təyinat nöqtəsinə doğru hərəkətini davam etdirib. Ukrayna Hərbi Dəniz Qüvvələri hadisəni “hədəfli hücum” kimi qiymətləndirib.
Rusiyaya yaxın media orqanlarının iddiasına görə isə zərbə “güzgü cavabı” xarakteri daşıyır. Bildirilir ki, bir neçə həftə əvvəl Ukraynaya məxsus An-196 “Lyuty” kamikadze dronu günəbaxan yağı daşıyan və Türkiyəyə doğru hərəkət edən Rusiya tankeri Midvolga 2-yə hücum edib. Moskva bu səbəbdən Tuvalu bayrağı altında üzən və Türkiyəyə aid olduğu bildirilən tankerə cavab zərbəsi endirib.
Məlumata görə, Rusiya bundan sonra da Ukraynanın “kölgə donanması”na qarşı zərbələrə cavab vermək niyyətindədir. Qeyd olunur ki, son həftələr Rusiya ilə Türkiyə arasında Qara dənizdə gərginlik artıb. Dünən bir türk gəmisi Rusiya raketlərinin hücumuna məruz qalıb, bir gün əvvəl isə Odessa limanında generator daşıyan digər türk gəmisinə “Geran” dronu ilə zərbə endirilib.
13:25 14.12.2025
Oxunuş sayı: 1224