Tariximizə iz qoymuş alim
(Tanınmış Azərbaycan alimi, ictimai xadim Zülfəli İbrahimovun 115 illiyinə)
1941-ci ilin sentyabrında Sovet qoşunları İran sərhədlərini keçərək ölkənin daxilinə doğru irəlilədikcə müxtəlif layihələr həyata keçirir, siyasi təşkilatlar qurur və ölkənin gələcəyinin dizayn edilməsi məqsədi ilə addımlar atırdılar. Zaqafqaziya cəbhəsi 15-ci Qafqaz korpusunun 23-cü diviziyasının Urmiya şəhərində çap olunan “Qızıl əsgər” qəzetinin baş redaktoru, o zaman yenicə tarix elmləri namizədi dissertasiyasını müdafiə etmiş, gənc alim Zülfəli İbrahimov idi.

1941-ci il avqustun 25-də SSRİ ordusu Cənubi Azərbaycana daxil olduqda, oktyabr ayının 11-dən etibarən Təbrizdə “Vətən yolunda” qəzeti nəşr olunmağa başlayır ki, onun da baş redaktoru gənc yazıçı Mirzə İbrahimov idi. Bu qəzetlərin gündəlik tirajı 15.000 nüsxəyə çatırdı.
Bu dövrdə, Urmiya və Təbrizdəki qəzetlər Azərbaycan dilində çap olunduğu halda Rəştdə fars dilində "Sərbaz-e sorx" (qızıl əsgər) qəzeti Xasay Vəzirovun redaktorluğu ilə çap olunurdu. 1942-ci il aprelin 13-də qəzetlərin nəşri dayandırıldıqda artıq ümumilikdə 89 sayı işıq üzü görmüşdü.
Bu illərdə Sovet xüsusi xidmətləri İran ərazisində geniş cəsus şəbəkələri də yaradırdı və bu işdə ermənilərin xidmətlərindən geniş istifadə olunurdu. Azərbaycan ziyalıları haqqında yazılan “danosların” nəticəsində qəzetlərin fəaliyyəti dayandırıldı. “Tehran konfransından” sonra qəzetlərin yenidən çap olunmasına başladılar. 1944-cü il aprel ayının 10-dan başlayaraq qəzetlər yenidən çap olunurlar. Ümumilikdə 1941-ci ildən 1946-cı ilin mayın 1-ə qədər qəzetlərin 406 sayı işıq üzü gördü. Bu dövrdə Azərbaycanın şəhərlərində çox sayda qəzetlər çap olunsa da, baş redaktorları olmuş Mirzə İbrahimov, Zülfəli İbrahimov, Həsən Şahgəldiyev və Rza Quliyev Güney Azərbaycanın milli-mədəni oyanışında mühüm rol oynadılar. Bu görkəmli şəxsiyyətlərin güney Azərbaycanda “səpdikləri” milli oyanış toxumları uzun müddət cücərdi, bəhrə verdi və məqsədlərinə çatdı.
Bu qəzetlərin səhifələrində Məhəmməd Biriya, Mir Mehdi Etimad, Əli Fitrət, Aşıq Hüseyn Cavan, Balaş Azəroğlu, Əli Tudə, Yəhya Şeyda, Məhəmmədbağır Niknam, Məhəmmədəli Fəxrəddini (Məhzun), Hökumə Billuri, Əli Nişani, Həbib Sahir, Qulu xan Borçalı, Tağı Milani, Hilal Nasiri, Mədinə Gülgün və bir çox başqalarının şerləri, Məhəmmədlu Əbbasi, Ə.Sefvət, Abdulla Fərivər, Səməd Səbahi, Mir Rəhim Vilayi, Məhəmmədəli Fərzanə (Qövsi) və bir çox başqalarının əsərləri çap olunurdu. Öz ədəbi dilini öyrənən, ana dilində yazmağı və oxumağı öyrənən güney azərbaycanlılar üçün "Vətən yolunda" və “Qızıl əsgər” qəzetlərində çap olunmaq qürur mənbəyi idi.
Qazetlərin redaksiyasında Azərbaycan şairlərindən Süleyman Rüstəm, Osman Sarıvəlli, Məmməd Rahim, yazıçılardan Süleyman Rəhimov, Əvəz Sadıq, Ənvər Məmmədxanlı, Qılman İlkin (Musayev), Seyfəddin Dağlı (Abbasov), Cabbar Məcnunzadə, jurnalist, elm və mədəniyyət xadimlərindən İsrafil Nəzərov (məsul katib), Qulam Məmmədli, Həmid Yolçiyev, Cəfər Xəndan (baş redaktorun müavunu), Mehdixan Vəkilov, Mirzəağa Quluzadə, Rəhim Sultanov, Məmmədağa Sultanov, rəssamlardan İsmayıl Axundov, Kazım Kazımzadə, Salam Salamzadə və bir çox başqaları işləyirdi. Adları çəkilən bu tarixi şəxsiyyətlər güneyli-quzeyli Azərbaycanın “milli pasportunu” təsis edənlərdir.
Bu qəzetlərin səhifələrində 50-yə yaxın yerli şair öz şeirlərini çap etdirirdi. Elə onlar da "Şairlər məclisinin" yaranmasının təşəbbüsçüsü oldular. "Şairlər məclisi"nin ilk iclası 1945-ci il yanvarın 7-də keçirildi və Mir Mehdi Etimad onun sədri seçildi. Azərbaycan Milli Hökuməti qurulduqdan sonra isə Maarif nazirliyinin nəzdində "Şairlər və Yazıçılar cəmiyyəti" quruldu.
Göründüyü kimi Azərbaycan ziyalıları tarixin ən mürəkkəb dövründə Güney Azərbaycanda “marksizm-leninizm” təbligatı deyil, milli-mədəni dəyərlərin təbliği ilə məşğul olurdular. Azərbaycan ziyalılarının belə bir davranışı Moskva hakimiyyətinə elə bir dərs verdi ki, sonrakı illərdə Azərbaycan ictimai xadimlərinin iran ərazisində hərəkətləri bütünlükdə məhdudlaşdırılmağa başlandı. Professor Nəzib Nəzibzadənin xatirələrində də qeyd olunur ki, Sovet İttifaqının İrandakı səfirliyinə işləməyə təyinat almış mütəxəssisləri nə sovet dövləti Azərbaycan ərazilərinə göndərirdi, nə də İran dövləti onlara etibar edirdi.
O illərdə gənc alim olan Zülfəli İmaməli oğlu İbrahimovun şəxsiyyəti, güney Azərbaycanın milli-mədəni oyanışında əhəmiyyətli rolu xüsusilə diqqəti cəlb edir. Sonralar, o- Azərbaycanın görkəmli alimi, tarix elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü və eyni zamanda SSRİ Jurnalistlər İttifaqının üzvü və bir çox məsul vəzifələrdə oldu.

Zülfəli İmaməli oğlu İbrahimov 1910-cu il dekabrın 25-də Cənubi Azərbaycanın Sərab şəhərində anadan olmuşdur. İlk fürsətdə, onun yenidən güneyə getməsi və xalqına xidmət etmək istəyi doğulduğu torpağa , ana vətəninə bağlılığı ilə də anlaşılardı.
O, 1920-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüş və burada təhsil almışdır. 1932-ci ildə Zülfəli İbrahimov Ümumittifaq Jurnalistlər İnstitutunda oxumaq üçün Moskvaya göndərilmiş və 1935-də İnstitutu bitirdikdən sonra Bakıya qayıdaraq, «Kommunist», «Nuxa fəhləsi», «Yeni yol», «Gənc işçi» və b. qəzet redaksiyalarında məsul vəzifələrdə çalışmışdır.
1936-1937-ci tədris ilindən isə ömrünün sonuna kimi Z. İbrahimov Azərbaycan Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olur. Azərbaycan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının təşkili də onun adı ilə bağlıdır. Sovet dövründə milli respublikaların tarixinin öyrənilməsi və tədrisinə çoxsaylı əngəllərin olduğu bir şəraitdə o, Universitetdə “Azərbaycan tarixi” kafedrasının açılmasına nail oldu. Zülfəli İbrahimov həmin kafedranın müdiri, Universitetin tarix fakültəsinin dekanı, 1960-1967-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının A. Bakıxanov adına Tarix İnstitutunun direktoru vəzifələrində işlədi. AMEA-nın A.Bakıxanov adına tarix institutuna rəhbərliyi ayrıca bir tədqiqatın obyektidir.
12 noyabr 1960-cı ildə Z.İbrahimovu AMEA-nın A.Bakıxanov adına tarix institutuna direktor təyin edilən zaman yenicə Akademiyanın müxbir üzvü olmuşdu. 1936-cı ildən başlayaraq institutda 14 direktor çalışmışdı. Onlardan altısı qeyri millətlərdən olmuş və milli kadrlarında bəziləri repressiyalara məruz qalmışdı.
1936-cı ildə Zülfəli İbrahimov bakı Dövlət Universitetində “Azərbaycan terixi” kafedrasını formalaşdırdığı zaman AMEA nəzdində də “Tarix institutu” yaradılırdı. Onun birinci direktoru İvan İvanoviç Meşaninov təyin edildi və bir il fəaliyyət göstərdi(1936–1937). İkinci direktor Artur Rudolfoviç Zifeld-Simumyagi təyin olundu və cəmisi iki ay fəaliyyət göstərə bildi. Ondan sonra Əhməd Əli oğlu Əhmədov təyin edildi və cəmi bir ay fəaliyyət göstərdi. Dördüncü direktor İdris Məşədi Zaman oğlu Həsənov oldu və yeddi ay fəaliyyət göstərə bildi. Beşinci direktor Aleksey Alekseyeviç Klimov oldu və 11 ay fəaliyyət göstərdi. 1940-cı ilin fevralında altıncı direktor Yakov Dmitriyeviç Kozin oldu və doqquz ay fəaliyyət göstərə bildi. Yenidən Aleksey Alekseyeviç Klimov təyin olundu və bu dəfə altı ay fəaliyyət göstərə bildi. Beləliklə Tarix institutunun inkişafında ciddi problemlər yaranır və təbii ki, yeni, fundamental əsərlər meydana gəlmirdi.
Professor Zülfəli İbrahimov elmi fəaliyyətinin ilk dövrünü Azərbaycan xalqının mühüm tarixi problemlərinin tədqiqinə həsr etmişdir. O, 1930-1940-cı illərdə «Qədim Azərbaycan cəmiyyəti», «Babək üsyanı», «X-XII əsrlərdə Azərbaycanın sosial-siyasi vəziyyəti», «Zaqafqaziya xalqlarının sasanilərə qarşı mübarizəsi», «Sasanilər dövründə Azərbaycanın sosial-iqtisadi həyatı» adlı elmi məqalələr yazmışdır. Həmin əsərlərdə Zülfəli müəllim Azərbaycanda ictimai-iqtisadi münasibətlərdən, Azərbaycan xalqının azadlıq mübarizəsini dərinliyi ilə araşdırmışdı.
1941-ci ildə Zülfəli İbrahimov Azərbaycan Dövlət Universitetində öz xalqının qəhrəmanlıq tarixinə - «Ərəb işğalçılarına qarşı Azərbaycan xalqının mübarizəsi»nə həsr etdiyi namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir və tarix elmləri namizədi alimlik dərəcəsini alır. Z.İbrahimov tarix elmləri sahəsində belə bir dərəcəni alan ilk azərbaycanlılardan biri olur. O, həmçinin «Döyüşkən Azərbaycan xalqı», «Azərbaycan qadınlarının qəhrəman keçmişindən» (1943), «Yazıçılar və tarixçilər azərbaycanlıların mərdliyi və şücaəti haqqında» və s. kimi elmi kütləvi kitabçalar da yazıb çap etdirmişdi.
Babəkin rəhbərliyi altında azadlıq mübarizəsi ilk dəfə Azərbaycan tarixşünaslığında Zülfəli İbrahimovun 1942-ci ildə yazdığı «Azərbaycan xalqının ərəb işğalçılarına qarşı mübarizəsi» və 1944-cü ildə qələmə aldığı «Babək» əsərlərində Hərəkatın Xilafətə qarşı mübarizəsi hərtərəfli şərh və təhlil edilir.
1948-ci ildə «1917-1918-ci illərdə Azərbaycanda Sovet hakimiyyətinin qurulması uğrunda mübarizə» mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. Alim, 25 fevral 1950-ci il qərarı ilə tarix elmləri doktoru elmi dərəcəsini və 17 iyun qərarı ilə professor adını alır. 1959-cu ildə isə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilir.
Zülfəli İbrahimov 80-ə qədər namizədlik və doktorluq dissertasiyalarına rəhbərlik etmiş və rəhbəri olduğu gənc alimlər sonralar professor dərəcəsinə çatmış və müəllimlərinin “estafetini” davam etdirmişdilər. Bu tədqiqatı edən alimlər 1950-ci illərdə Zülfəli İbrahimovun rəhbərliyi ilə müdafiə etmiş və sonralar professor olmuş Abuzər Xələfovun tələbələridirlər və alimin yüksək pedoqojı, elmi ugurları haqqında ilk məlumatı müəllimlərinin xatirələrindən eşidiblər. Z.İbrahimovun milli alimlər yaradıcılığı artıq beşinci nəslin formalaşmasına xidmət edir.
Alim, 400-ə qədər elmi məqalə və əsərin müəllifidir. Dövlət və xalq onun əməyinə yüksək qiymət vermiş və Oktyabr inqilabı, Şərəf nişanı ordeni, bir çox medallar və fəxri fərmanlarla təltif olunmuş, Azərbaycan SSR dövlət mükafatı laureatı adına layiq görülmüşdür.
Zülfəli İbrahimov 1972-ci il sentyabrın 21-də vəfat edəndə 62 yaşı var idi. Bu il onun115-illiyi qeyd olunur. Azərbaycanın görkəmli alimi, pedaqoqu və ictimai xadimi Zülfəli İbrahimovun 120 illiyinə onun biblioqrafiyası və Azərbaycan tarixinin öyrənilməsində oynadıgı əhəmiyyətli rol ilə əlaqədar fundamental tədqiqatlar aparılmalıdır.
Dos. Pərviz Kazimi
Dos. Nadir İsmayılov
11:40 14.12.2025
Oxunuş sayı: 5204