Filarmoniyada görkəmli dirijor Nazim Rzayevin 100 illiyinə həsr olunmuş konsert keçirilib
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli dirijor Nazim Rzayevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirin əvvəlində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zümrüd Dadaşzadə maestronun həyat və yaradıcılıq yolu barədə məlumat verib.
Professor qeyd edib ki, Nazim Rzayev P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsil almış, görkəmli pedaqoqların sinfini bitirmiş, Vyana ifaçılıq məktəbinin ənənələrini dərindən mənimsəmişdir. Təhsilini başa vurduqdan sonra o, Bakıya qayıdaraq uzun illər Azərbaycan Dövlət Opera və Balet Teatrında orkestrdə musiqiçi və konsertmeyster kimi çalışmış, həmçinin Azərbaycan Dövlət Konservatoriyasında və digər musiqi təhsili müəssisələrində pedaqoji fəaliyyət göstərmişdir.
Zümrüd Dadaşzadə vurğulayıb ki, 1958-ci il maestro Nazim Rzayevin yaradıcılıq bioqrafiyasında mühüm dönüş nöqtəsi olub. Həmin ildən başlayaraq o, dirijor kimi çıxış etməyə başlamış və Opera və Balet Teatrının orkestri ilə Azərbaycan operasının demək olar ki, bütün şah əsərlərinə dirijorluq etmişdir. Bununla da onun yaradıcılığında yeni mərhələ – peşəkar formalaşmasında özünəməxsus “modulyasiya” başlanmış və bu mərhələ maestro Rzayevin musiqiçi kimi şəxsiyyətinin miqyasını müəyyən edən əsas amillərdən birinə çevrilmişdir.
Professorun sözlərinə görə, elə bu möhkəm baza Nazim Rzayevə Azərbaycan dirijorluq məktəbinin formalaşmasında aparıcı rol oynamağa şərait yaradıb. Altımışıncı illər nəslinin parlaq nümayəndəsi kimi o, ölkəyə yeni musiqi-estetik tendensiyalar gətirmiş, bununla da milli musiqi mühitinin inkişafına mühüm töhfə vermişdir.
Yubiley gecəsində Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Eyyub Quliyevin rəhbərliyi ilə və Qara Qarayev adına Dövlət Kamera Orkestrinin müşayiəti ilə solistlər skripkaçı Elvin Xoca Qəniyev və mezzo-soprano Aytac Şıxəlizadə çıxış ediblər.
Konsertdə G.F. Hendelin “Suda musiqi” №3 süitası, F. Mendelsonun “Skripka və orkestr üçün konsert”, P.İ. Çaykovskinin “Günmü hökm sürür” romansı, A. Vesolovskinin Bakıda ilk dəfə səslənən “Mələklərin nəğməsi”, həmçinin Qara Qarayevin “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romansları, eləcə də Fikrət Əmirovun “Min bir gecə” baletindən “Şəhzadənin bayramı” kompozisiyası səsləndirilib.
16:37 12.12.2025
Oxunuş sayı: 874