Gürcüstan: Yalnız milli maraqlarımıza hörmət edənlərlə danışırıq
Gürcüstan yalnız milli maraqlarına və ərazi bütövlüyünə hörmət edən tərəflərlə dialoq aparır. Bunu parlament sədri Şalva Papuaşvili ölkənin Baş naziri İrakli Kobaxidze ilə Rusiya Prezidenti Vladimir Putin arasında Aşqabadda görüş ehtimalını şərh edərkən deyib.
Bu barədə Crossmedia.az gürcü KİV-lərinə istinadən xəbər verir.
Qeyd edilir ki, Putin və Kobaxidze Türkmənistanda keçirilən “Sülh və etimad: dayanıqlı inkişaf üçün məqsədlərin birliyi” forumunda iştirak edirlər.
Papuaşvili bildirib ki, Gürcüstan xalqının əsas milli maraqları ölkənin birləşdirilməsi və əhalinin rifahının artırılmasından ibarətdir. Onun sözlərinə görə, bu maraqlara hörmət etməyən tərəflərlə Gürcüstan heç bir dialoq aparmır.
“Rusiya ilə diplomatik münasibətlərimiz belə yoxdur”, – deyə parlament sədri əlavə edib.
Hazırda Rusiya–Gürcüstan siyasi təması yalnız Cenevrə danışıqları çərçivəsində davam edir.
Türkanə Məşədiyeva
15:45 12.12.2025
Oxunuş sayı: 1063