Tokayev: Vaşinqton razılaşmaları Cənubi Qafqazda geniş əməkdaşlıq imkanları açır
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda çıxışı zamanı Vaşinqtonda əldə olunan Azərbaycan-Ermənistan razılaşmalarının Cənubi Qafqazla yanaşı, daha geniş coğrafiyada əməkdaşlıq üçün yeni imkanlar yaratdığını bildirib.
Crossmedia.az Qazaxıstan mediasına istinadən bildirir ki, Tokayev bu razılaşmanın tarixi əhəmiyyət daşıdığını vurğulayaraq, tezliklə regionda sabitliyi təmin edəcək tamformatlı sülh müqaviləsinin imzalanacağına ümid etdiyini qeyd edib. Qazaxıstan prezidenti bildirib ki, ölkəsi Bakı və İrəvanın mümkün qədər tez yekun sülh sazişi imzalayacağına inanır.
Tokayev həmçinin Yaxın Şərqdə sülh sazişinin imzalanmasını müsbət qiymətləndirib. Onun sözlərinə görə, Qazaxıstanın “Avraam sazişləri”nə qoşulması bu regionda sabitlik və sülhün möhkəmlənməsinə real töhfə vermək məqsədi daşıyır.
14:33 12.12.2025
Oxunuş sayı: 992