Azərbaycan çempionatında cüdo yarışlarına start verildi
Qadın və kişi cüdoçular arasında keçirilən Azərbaycan çempionatının açılış mərasimi baş tutub.
Crossmedia.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən tədbirdə Gənclər və İdman Nazirliyinin, həmçinin Azərbaycan Cüdo Federasiyasının rəhbərləri, idmançılar və digər qonaqlar iştirak edib.
Əvvəlcə Azərbaycan himninin səsləndirilməsi və Vətən müharibəsində canından keçən şəhidlər yad edilib.
Gənclər və İdman naziri Fərid Qayıbov çıxışında Azərbaycan cüdoçularının beynəlxalq yarışlarda uğurlarından bəhs edib. O növbəti illərdə də idmançıların uğurlarına inandığını, yeni cüdoçular yetişəcəyinə ümid etdiyini bildirib.
Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu isə çıxışında komandaların yarışlarda uğurlu çıxış etdiyini bildirib. Gənclər və İdman Nazirliyinin də dəstəyi ilə Azərbaycanda yeni cüdo zallarının fəaliyyətə başladığını vurğulayıb. Qurum rəsmisi dəstək verənlərə təşəkkürünü bildirib və yarış iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra Azərbaycan cüdoçularının bu il qazandığı uğurlu nəticələrlə bağlı videoçarx nümayiş olunub. Daha sonra tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, Azərbaycan çempionatına dekabrın 7-də yekun vurulacaq.
17:16 06.12.2025
Oxunuş sayı: 1091