Mehdiyev şəbəkəsi dağılır: Hədəf güclü Azərbaycan, güclü dövlətçilik, güclü siyasi sistemdir
Son həftələrdə Dövlət Təhlükəsizliyi orqanları tərəfindən
Ramiz Mehdiyevə qarşı genişmiqyaslı cinayət işi açılıb; o, oktyabr ayında ev
dustaqlığına alınıb və bu işin əhatəsi müxalifət dairələrindəki bir neçə şəxsin
də saxlanması ilə genişlənib. Mətbuatda yayılan xəbərlərdə bildirilir ki,
istintaq zamanı Ramiz Mehdiyevin yazışmaları və başqa sənədlər tapılıb; bu sənədlər
bəzi müxalif şəxslərin evlərindən də tapıldığı bildirilir. Son günlərdə Azərbaycanda
genişmiqyaslı istintaq çərçivəsində Əli Kərimli və bir neçə müxalifət üzvünün
evlərində axtarış aparılıb, onlar istintaqa “şübhəli şəxs” kimi cəlb olunublar.
Bu, iddialara görə, Ramiz Mehdiyevin cinayət işi ilə bağlıdır.
Ramiz Mehdiyev uzun illər Azərbaycan siyasi
sistemində yaxından iştirak edən bir şəxs olub. O, kadrların seçilməsində söz
sahibi, dövlət içində dövlət kimi tanınan bir figur idi. İllər boyu qurduğu
geniş şəbəkə ona təkcə nüfuz yox, həm də böyük ambisiyalar qazandırmışdı. Bu
ambisiyaların içində prezident olmaq arzusu da var idi. Bu barədə vaxtilə siyasi
sistemdə çalışan Eldar Namazov açıq danışmışdı.
Hakimiyyətə yaxın olanlar yaxşı bilirdi ki,
Mehdiyevin kadr seçimi təsadüfi deyildi. Bu,
sadəcə idarəçilik üçün deyil, illərlə formalaşan bir dayaqlar sistemi idi. Yəni
o, gələcəkdə “öz anı” gələndə hazır olmaq istəyirdi. O anın gəlməsini isə,
siyasi situasiya müəyyən edirdi.
Bu
gün onun ətrafında gedən proseslərin kökü də elə buradadır. Vaxt dəyişdi,
münasibətlər dəyişdi, xüsusilə də böyük güclərlə olan əlaqələr. Azərbaycan-Rusiya
münasibətlərinin müəyyən dövrlərdə gərginləşməsi Mehdiyev üçün fürsət pəncərəsi
kimi görünmüş ola bilər. Çünki o, sovet dövründən qalan Moskva əlaqələrini heç
vaxt itirməmişdi. Onun üçün bu dəstək, hakimiyyətə aparan yolun mühüm hissəsi
idi.
Ramiz
Mehdiyev Azərbaycan siyasətində elə bir fiqur olub ki, onun mövqeyi bir çox
hallarda sadəcə daxili idarəçilik çərçivəsinə sığmayıb. Onun haqqında uzun illərdir
dolaşan fikirlərdən biri də budur: Mehdiyev bəzən elə görünürdü ki, sanki Kreml
tərəfindən Azərbaycanda strateji balansı qorumaq üçün “yerləşdirilmiş” bir əngəl
rolunu oynayır.
Ulu Öndər Heydər Əliyev 90-cı illərin ortalarından etibarən Azərbaycanı açıq şəkildə Qərb və Türkiyə ilə yaxınlaşma xəttinə çıxardı. Enerji təhlükəsizliyi layihələri, BTC neft kəməri, regional əməkdaşlıq – bütün bunlar Azərbaycanın istiqamətini aydın göstərirdi. Bu kurs İlham Əliyev dövründə daha da gücləndi. Amma həmin proseslər fonunda Mehdiyevin duruşu çox vaxt daha ehtiyatlı, bəzən də açıq şəkildə Moskvaya yönəlmiş kimi görünürdü. Onun ideoloji xətti Qərbə inteqrasiyaya meylli olmayan, Rusiyanın təsir dairəsindən tam çıxmağı riskli hesab edən bir yanaşma idi. Nəticədə, elə təsəvvür formalaşırdı ki: “Azərbaycan Qərbə doğru hər addım atanda, Mehdiyev bir addım geri çəkilməyi məsləhət görürdü.” Bəlkə o, sadəcə özünün “tarixi məktəbini” qoruyurdu. Hakimiyyətdə Qərbə yönələn siyasi xətt var idi və bu xəttin içində Mehdiyev daim bir “geosiyasi əyləc sistemi” kimi dayanırdı.

O,
çox zaman rusiyapərəst mövqe nümayiş etdirməsə də, Qərbə tam açılmanın
qarşısını alan ideoloji filtr rolunu oynayırdı. Bu, onun barədə “Kremlin gözətçisi”
obrazını gücləndirirdi.
Vaxt
keçdi, region dəyişdi, güc balansı tam fərqləndi. Azərbaycan öz mövqeyini gücləndirdikcə,
bu balanslaşdırıcı fiqurların çəkisi azalmağa başladı.
Prezident
İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Qarabağı işğaldan azad edəndə,
yalnız torpaqlarımız geri qayıtmadı. Bu qələbə, Azərbaycanın daxili siyasi
arxitekturasını da silkələdi. Çünki illərlə köhnə elitanın formalaşdırdığı siyasi
çərçivə, bu qələbənin yaratdığı yeni reallığa tab gətirə bilmədi.
Ramiz
Mehdiyev həmin çərçivənin ən mühüm memarlarından biri idi. Onun qurduğu sistem
daha çox ehtiyatlı, addım-addım, riskləri minimuma endirməyə çalışan, beynəlxalq
balans üçün daxili “tormozlar” saxlayan bir model idi. Qarabağ problemi isə bu
model üçün həm bəhanə, həm də özünü əsaslandırma vasitəsi idi. Amma 2020-ci il
bu bəhanələri tarixə gömdü.
Prezident
İlham Əliyevin siyasi iradəsi və qətiyyəti göstərdi ki, Azərbaycan daha artıq
status-kvo ölkəsi deyil. Qələbə yeni liderlik fəlsəfəsinin, yeni güc
arxitekturasının doğulduğunu sübut etdi. Bu yeni dövrün əsas mesajı belə idi: “Azərbaycan
öz gücünə güvənir və gələcəyini özü müəyyənləşdirir”.
Bu
isə, Mehdiyev kimi köhnə sistem fiqurlarını ideoloji cəhətdən çətin vəziyyətə
saldı. Onların illərlə qurduğu balans siyasəti bir anda mənasızlaşdı. Artıq nə
Moskvanın mesajları əvvəlki kimi çəkili idi, nə də Qərbin təzyiq formulları keçərli.
Azərbaycanın reallığı dəyişdi, elita içində güc mərkəzləri yenidən bölündü.
Mehdiyevin
siyasi dayaqları bu dəyişiklik qarşısında sarsıldı. Çünki o sistem keçmişin
qorunmasına əsaslanırdı — İlham Əliyevin qələbəsi isə gələcəyin qapılarını
açdı. Qələbənin gətirdiyi milli yüksəliş yeni güvən formalaşdırdı. Köhnə mərkəzlərin
mövcudluğuna ehtiyac qalmadı. Tarixi dönüş nöqtəsi siyasi tarazlığı tam dəyişdi.
Bu, təkcə hərbi-siyasi qələbə deyildi. Bu, yeni siyasi dövrün başlanğıcı
idi.
Qarabağda qazanılan Zəfər Azərbaycanın yalnız sərhədlərini deyil, dövlətin düşüncə tərzini də dəyişdi. Bu müharibə göstərdi ki, Azərbaycan artıq başqalarının qərarını gözləyən ölkə deyil. Öz yolunu özü çəkən, öz sözünü özü deyən, öz haqqını özü alan bir gücdür.

Bu
yeni gücün formalaşması isə köhnə siyasi düşüncəni arxa plana atdı. İllərlə
“ehtiyatlı olaq”, “balansı qoruyaq”, “danışıqlar vacibdir” kimi bəhanələr
sistemin doktrinasına çevrilmişdi. Həmin doktrinanın memarlarından biri Ramiz
Mehdiyev idi. Onun qurduğu ideoloji çərçivə Qərbə tam inteqrasiyanı da,
Rusiyadan ayrılmanı da riskli hesab edirdi. Qarabağ problemi isə, bu mövqeyi əsaslandırmaq
üçün əlverişli idi.
Amma
müharibədən sonra vəziyyət tam dəyişdi. Azərbaycan sübut etdi ki, gecikmək ən
böyük riskdir. Balans əslində illərin itkisidir. Bu gün Azərbaycan beynəlxalq
güclərlə danışanda: “Bizimlə razılaşın, çünki biz haqlıyıq” demir, “Bizimlə
razılaşın, çünki biz güclüyük” deyir.
İlham
Əliyevin rəhbərliyi altında formalaşan yeni siyasi nəsil artıq bəhanələrlə yox,
nəticələrlə danışır. Bu nəsil Türkiyə ilə qardaşlığı sentimental deyil,
strateji güc kimi qurur. Dünya siyasətində bu cür münasibətləri hər kəs əldə edə
bilmir.
Məhz
buna görə də Ramiz Mehdiyevin təsir imkanları tədricən sıradan çıxdı. Çünki
onun şəbəkəsi Azərbaycanın keçmiş reallığının məhsulu idi. O reallıq isə,
Şuşaya sancılan bayraqla birlikdə tarix oldu. Köhnə elitanın “mümkün olmayanlar
siyahısı” 44 gündə darmadağın edildi. Qərbin, Rusiyanın və regionun güc
aktorlarının illərlə yaratdığı miflər Ermənistan ordusu ilə bərabər çökdü.
Bu
gün Azərbaycan xalqı öz liderinə baxanda nəticə görür — kağız üzərində yox, xəritə
üzərində. Bu qələbə xalqın özünə hörmətini qaytardı. O özünə inam yeni siyasi
enerjiyə çevrildi. Artıq nə köhnə qorxular var, nə də “bəzi qapılar bağlana bilər”
narahatlığı. O qapılar bir-bir açıldı.
Ramiz
Mehdiyev isə, bu yerdə köhnə bir kitabın qapanmış səhifəsi kimi qaldı. İllərlə
sistem içində sistem quran adam indi sistemdən kənarda dayanır. Çünki tarixi
proseslər heç kimin şəxsi ambisiyasına uyğunlaşmır. Tarix irəli gedir və geridə
qalmaq istəməyənlər ya dəyişir, ya da səhnəni tərk edir.
Azərbaycan
isə dəyişib. Daha dəqiq desək, transformasiya olunub — düşüncəsində,
diplomatiyasında, gücündə. Qarabağ Zəfəri Azərbaycanın gələcəyini müəyyənləşdirən
ana xətt oldu. Bu xəttin üstündə yeni dövlətçilik modeli qurulur: Öz gücünə
söykənən, öz marağını qoruyan, öz haqqını alan Azərbaycan modeli. Və heç kim —
nə köhnə elita, nə də xarici oyunçular — bu modeli artıq dayandıra bilməz.
Ramiz
Mehdiyevin siyasi səhnədən çıxarılması — bu, sadəcə bir şəxsin kənarlaşdırılması
deyil. Bu, uzun illər dövlət daxilində gizli şəkildə formalaşmış paralel nüfuz
sisteminin sökülməsidir. Mehdiyevin təsiri təkcə ideoloji məkanla məhdudlaşmırdı
— o, kadrlar vasitəsilə güc piramidasının müxtəlif qatlarında öz oyun
qaydalarını qoruyurdu.
İndi
isə həmin kadrlar bir-bir ifşa olunur. Onların mövqeləri zəiflədikcə, sistem
içində gizli müqavimət sahələri də çökür. Bu prosses Azərbaycan dövlətçiliyinin
öz dinamikası ilə artıq yeni mərhələyə keçdiyini göstərir.
Məhz
bu mərhələnin ən bariz göstəricisi: Siyasi sistemin yenilənməsi qaçılmazdır.
Bu yenilənmə özünü təkcə kadr səviyyəsində göstərməyəcək. Artıq bütün siyasi müstəvidə dönüş gözlənilir. Bu yeni dövrün tələbi isə çox aydındır: Milli marağa xidmət edən milli kadrlar.
Bu
proses tədricən Azərbaycanın siyasi elitasının tam yenilənməsi ilə nəticələnəcək.
Kənardan gətirilmiş və ya xarici güclərə bağlı siyasi fiqurlar yerini xalqın
içindən çıxmış, dövlətçilik təfəkkürünə malik insanlara verəcək. Beləliklə:
- İdarəçilik daha çevik olacaq
- Parlament xalqın səsinin daha
real təmsilçisinə çevriləcək
- Siyasi məsuliyyət və şəffaflıq
güclənəcək
- Dövlətçi düşüncə əsas dəyərə
çevriləcək
Azərbaycan
artıq öz tarixi yolunu müəyyən edib. Bu istiqamətdə heç bir köhnə şəbəkə, heç
bir şəxsi ambisiya mane ola bilməz. Qarabağın azad edilməsi ilə başlayan dəyişikliklər
indi ölkə daxilində də öz sözünü deyir. Bu prosesin hədəfi aydındır: Güclü
Azərbaycan, güclü dövlətçilik, güclü siyasi sistem.
Mehdiyevin
şəbəkəsinin dağılması bu hədəfə gedən ən irimiqyaslı addımlardan biridir. Dövlət
özünü içəridən zəiflədən elementləri təmizlədikcə, daha dayanıqlı olur.
Tarixdə
bəzi anlar olur ki, bir fiqurun süqutu bütöv bir sistemin yenilənməsinə səbəb
olur. Bu gün Azərbaycan üçün həmin an yaşanır. Bu, təkcə siyasi yox — milli
düşüncənin yenilənməsidir.
15:21 05.12.2025
Oxunuş sayı: 3424