Azərbaycanla Türkiyə arasında diaspor sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycanla Türkiyə arasında diaspor sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Komitədən bildirilib.
Məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu gün Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) rəisi vəzifəsini müvəqqəti icra edən Abdulhadi Turusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
F.Muradov iki ölkə arasındakı münasibətlərin möhkəm təməlində Azərbaycan və Türkiyə prezidentlərinin dostluq və qardaşlıq əlaqələrinin xüsusi rol oynadığını qeyd edib. Dövlət başçıları səviyyəsində mövcud yüksək siyasi münasibətlərin iki xalq arasındakı bağları daha da gücləndirdiyi və bütün sahələrdə birgə fəaliyyət üçün geniş imkanlar yaratdığı vurğulanıb. O, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətindən danışaraq iki qardaş ölkənin diasporlarının koordinasiyalı işinin əhəmiyyətinə toxunub və türkdilli dövlətlərlə əməkdaşlıq layihələrinin, eləcə də Türkiyədəki soydaşlarla əlaqələrin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Müzakirələr zamanı diaspor fəaliyyəti ilə bağlı Şuşa Bəyannaməsindəki müddəalara diqqət çəkilib, həmin müddəaların türkdilli dövlətlərin diasporlarının işbirliyini özündə ehtiva etdiyi və diaspora məsul qurumlar qarşısında vəzifələr qoyduğu nəzərə çatdırılıb.
A.Turus qurumlar arasında əməkdaşlığın inkişaf etdiyini, birgə layihələr və təşəbbüslərin genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu bildirib. Diasporun yeni nəslinin fərqli baxış bucağını nəzərə alaraq, ortaq layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib, təcrübə proqramlarının müsbət nəticələr verə biləcəyini dilə gətirib.
Bildirilib ki, diaspor və lobbiçilik təcrübələrinin bölüşdürülməsi, fərqli mədəniyyətlər arasında körpü rolunu oynayan gənclərlə ortaq strategiyaya əsaslanan layihələrin həyata keçirilməsi, hər iki ölkə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün vahid bazanın formalaşdırılması iki qardaş ölkənin diaspor siyasətinə yeni dinamika qata bilər.
Tərəflər türk dünyasını təmsil edən diaspor qurumları arasında birlik və həmrəyliyin daha da möhkəmləndirilməsi, təcrübə mübadiləsi, uzunmüddətli ortaq layihələrin reallaşdırılması və bir sıra digər istiqamətlərlə bağlı geniş fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, 10 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi arasında diaspor siyasəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
18:38 28.11.2025
Oxunuş sayı: 919