Qadınlar avtobus sükanı arxasında: Mütəxəssislər danışdı
Azərbaycanda ictimai nəqliyyatda qadınların iştirakını artırmaq məqsədilə mühüm addımlar atılır. Xüsusilə ənənəvi olaraq kişilərin çalışdığı avtobus sürücülüyü sahəsində xanımların iştirakı həm gender bərabərliyinə, həm də nəqliyyat sektorunun peşəkarlıq səviyyəsinin yüksəlməsinə xidmət edir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında AYNA tərəfindən həyata keçirilən təlim proqramları xanım namizədləri nəzəri və praktiki cəhətdən hazırlayaraq "BakuBus" MMC-də rəsmi fəaliyyətə başlamalarını təmin edib.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, ölkədə nəqliyyat vasitələrinin idarə edilməsində xanım sürücülərə rast gəlinməsi hələ də məhduddur:

"Ümumiyyətlə, azərbaycanlı sürücülər arasında xanımlara az rast gəlinir. Onların bilik, bacarıq və peşəkarlıqlarından niyə tam istifadə etmirik? Niyə bu potensialdan həm vətəndaşlar, həm də cəmiyyət faydalanmır? Hesab edirəm ki, nəqliyyat vasitələrinin idarə edilməsində xanımların bilik və bacarıqlarından istifadə olunmalıdır. Mən bu addımı şəxsən dəstəkləyirəm və gələcəkdə bunun ənənəyə çevriləcəyinə inanıram".
Ekspert xatırladıb ki, keçmişdə Azərbaycanda tramvay və trollebus sürücüləri arasında xanımlar olub:
"Ənənə artıq mövcuddur, baza var, ona görə də bu addım qeyri-uyğun və ya riskli deyil. İndiki xanım sürücülərin qaydaya, qanuna əməl etməsi, peşəkarlığı və səmərəliliyi nəzərə alınaraq onlardan tam faydalanmaq lazımdır. Eyni zamanda, texnoloji yeniliklərlə idarə olunan nəqliyyat vasitələrini xanımlara etibar etməmək üçün heç bir səbəb yoxdur".
Aslan Əsədov əlavə edib ki, belə təşəbbüslər həm cəmiyyətin, həm də nəqliyyat sektorunun inkişafına töhfə verəcək:
"Bu, həm peşəkarlığın artırılmasına, həm də gender bərabərliyinin təşviqinə xidmət edir".
Sosioloq Rəvan Əliyev bildirir ki, Azərbaycanda qadın avtobus sürücülərinin işə başlaması cəmiyyətin sosial inkişafında önəmli mərhələdir. Bu, həm gender bərabərliyinin praktik təzahürü, həm də müasir şəhər mədəniyyətinə uyğun tendensiyadır:

“İlk günlərdə maraq və müzakirələr çox olsa da, qəbul prosesi sürətli olacaq. Bakı kimi urban mühitlər belə yeniliklərə hazırdır”.
R. Əliyev vurğulayıb ki, texnogen və modern cəmiyyətlərdə peşələr artıq “kişi işi” və “qadın işi” kimi bölünmür, əsas meyar kompetensiya və bacarıqdır. Qadınların ictimai məkanlarda aktiv görünməsi isə onların sosial görünürlüğünü və simvolik statusunu artırır.
“Ən vacib məqam budur ki, qadın sürücü görən sərnişinlər daha nəzakətli davranmağa meyllidirlər”, – sosioloq əlavə edib.
Mehriban Yariyeva
22:51 25.11.2025
Oxunuş sayı: 1427