Xüsusilə alternativ xidmət haqqında qanun mütləq qəbul edilməlidir, çünki...- Təklif
Milli Məclis zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddətinin 6 ay azaldılması haqqında dəyişikliyi ilk oxunuşda qəbul edib.
Bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılaraq 1 il (hazırda həmin müddət 1 il 6 aydır) müəyyən ediləcək.
Layihədə həmçinin qeyd edilir ki, müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına leytenant hərbi rübəsi veriləcək.
Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.
Bu yeniliyin əhəmiyyəti və bundan sonra gözlənilən dəyişikliklər barədə hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az-a danışıb.

O bildirib ki, bu, tamamilə gözlənilən idi: Milli Məclisin iclasında “Hərbi xidmət haqqında” əsasnamədə başqa dəyişikliklərin də ediləcəyini gözləyirəm. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda aparılan bu dəyişiklik prinsip etibarilə müsbət addımdır. Bir il altı ay əvəzinə, bir illik xidmət müddətinin müəyyən edilməsi həm hərbi sistem, həm də gənclər üçün daha uyğundur. Onsuz da hərbi xidmətə meyli olmayan şəxslər üçün bu müddəti başa vurmaq çətin olur. Biri var ki, insan özü istəyərək deyir “mən hərbidə qalacağam”, biri də var ki, o, özünü başqa sahədə göstərir. Bu səbəbdən müddətin bir ilə endirilməsi hər iki tərəf üçün müsbət haldır. Milli Məclisdən başqa qanunların da qəbul olunmasını gözləyirəm. Xüsusilə alternativ xidmət haqqında qanun mütləq qəbul edilməlidir. Elə məsələlər var ki, artıq öz həllini tapmalıdır. Buraya yaş tələbi, xidmət dövründə həyatını itirən hərbçilərin ailə üzvlərinə — həyat yoldaşlarına və övladlarına müavinətlərin verilməsi kimi vacib məsələlər daxildir. Ən önəmlilərdən biri isə ali təhsilli hərbiçi xanımların vəziyyətidir. Hərbiçi həyat yoldaşları ilə birlikdə tutaq ki, hərbi hissələrin yerləşdiyi qarnizonlara gedirlər, lakin həmin ərazilərdə iş imkanları olmur. Mən təklif edirəm ki, hər bir hərbiçi xanımın həyat yoldaşına göstərdiyi qulluq əmək stajına əlavə edilsin. Çünki elə qarnizonlar var ki, orada məktəb belə yoxdur. Məsələn, qadının musiqi və ya pedaqoji təhsili olur, amma həmin bölgədə bu ixtisasdan istifadə edə bilmir. Sonra da ona “sənin pensiya kapitalın yoxdur” deyirlər. Bu isə ədalətli deyil. Dediyim kimi, həll olunmalı çoxlu məsələlər var”.
Sevinc Sultanlı
19:09 25.11.2025
Oxunuş sayı: 1326